13:53
322
“Sentyabrın 25-26-da Bakıda çox vacib bir tədbir – “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” devizə altında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilib. Forum çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard dollar olan investisiya layihələrini əhatə edən sənədlər imzalandı və mübadilə olundu. İmzalanan layihələr süni intellekt, bərpaolunan enerji, tikinti, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə və su resurslarının idarə edilməsi kimi geniş sahələri əhatə edir. Forumda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın iqtisadi və strateji hədəfləri ilə bağlı bir sıra mühüm məsələlərə toxunub. Prezident bildirib ki, Azərbaycanın 30 il əvvəl bağladığı müqavilələr hələ də tamamilə toxunulmazdır, onların bir sözü belə dəyişdirilməyib. Bu sabitlik və hüquqi təminat investorları cəlb edən ən mühüm amillərdən biridir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Əli Məsimli deyib.
Ə.Məsimlinin fikirlərinə görə, dövlət başçısı bağlanmış beynəlxalq müqavilələrin neft-qaz sektorunda böyük inkişafa rəvac verdiyini və ölkənin güclü investisiya portfelinin formalaşmasında əsas rol oynadığını diqqətə çatdırıb: “Çıxışda xarici investorlar üçün ən cəlbedici sahələrdən birinin məhz regional və beynəlxalq maraqlara xidmət edən infrastruktur olduğu qeyd edilib. Bu kontekstdə nəqliyyat, logistika, habelə, rəqəmsal struktur, o cümlədən Orta Dəhliz layihələri ön plana çəkilib. Prezident innovativ yanaşmaların stimullaşdırılmasının və beynəlxalq tərəfdaşlarla birlikdə yeni bazarlara çıxış imkanlarının genişləndirilməsinin vacibliyini bildirib. Ümumiyyətlə, bu forumu Azərbaycanın qeyri-neft sektorunu şaxələndirmək, qabaqcıl texnologiyalar və yeni iş yerləri yaratmaq məqsədilə qlobal investisiya mübarizəsi müstəvisində mühüm uğuru hesab etmək olar”.
Röya İsrafilova