ABŞ-ın Nyu-Meksiko ştatında təşkil olunmuş tədbirdə Azərbaycan təmsil olunub
ABŞ-ın Nyu Meksiko ştatının paytaxtı Santa Fe şəhərinin mötəbər tarixi binalarından sayılan "La Fonda" mehmanxanasında "Amerikalı və Avrasiyalıların Turkuaz Şurası" (Turquoise Council of Americans and Eurasians) adlı ABŞ türk icması təşkilatı tərəfindən "Nyu Meksiko - Türk Dünyası ziyafət axşamı" təşkil olunub.
Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, tədbirdə Nyu Meksiko ştatının ədliyyə naziri Qari K. Kinq (Attorney General of New Mexico Gary K. King), maliyyə naziri Ceyms B. Lyuis (State Treasurer James B. Lewis), Nyu Meksiko ştatının Senatı və Nümayəndələr Palatasının bir sıra üzvləri iştirak ediblər.
Azərbaycanı tədbirdə Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov təmsil edib. Tədbir zamanı çıxış edən M.Talıbov Azərbaycan ilə ABŞ arasında mövcud olan strateji tərəfdaşlıq, Azərbaycan rəhbərliyinin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ölkəmizin regionun liderinə çevrilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi irimiqyaslı layihələrin həyata keçirilməsi barədə, həmçinin Azərbaycanın TANAP və TAP layihələri vasitəsilə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfəsi barədə tədbir iştirakçılarını məlumatlandırıb.