
Oleq Tyaqnibok: "Rusiya Krıma əlavə silahlı qüvvələr göndərməyə başlayıb"
Cavid
Ukraynada Yanukoviçin devrilməsindən sonra Krımdakı rusiyameylli qüvvələr baş qaldırmağa başlayıb. Ruslar açıq şəkildə bildirirlər ki, əgər sabiq Yanukoviç onların "faşist" adlandırdıqları müxalifətə güzəştə getsə, Krımın Ukraynadan ayrılması təşəbbüsünü müdafiə edəcəklər. Artıq Yanukoviç məğlub olub, deməli, Krımın muxtariyyəti məsələsi də aktuallaşıb.
Özünü "Krım Xalq Cəbhəsi" adlandıran rusiyayönümlü təşkilatın rəhbəri Valeri Podyaçi Ukraynanın öz borclarının əvəzinə Krımı uzun müddətə Moskvaya icarəyə verməsini təklif edir: "Məncə, Ukrayna müstəqil dövlət kimi 99 il yaşamayacaq. Rusiya qalacaq. Hər şey bir yana, Rusiyanın özü ABŞ, Çin, Avropa İttifaqı kimi dünya oyunçusudur. Ona görə də şübhəsiz ki, Rusiya mövcud olacaq. Amma Ukrayna qalacaqmı?"
Krım Tatar Məclisinin rəhbəri Refat Çubarov isə bildirir ki, əgər regiona kənardan təxribatlar olmasa, Krımlda sabitliyə ciddi təhlükə olmaycaq.
Lakin müdaxilə artıq başlayıb. Rusiyanın Simferopoldakı konsulluğu yarımadanın etnik rus olan sakinlərinə Rusiya pasportları paylayır. Qeyd edək ki, Krımın paytaxtı Simferopolda Rusiyanın MDB ölkələri ilə iş üzrə dövlət agentliyinin ofisi fəaliyyət göstərir.
Keçən həftə Rusiya prezidentinin Cənubi Osetiya və Abxaziya məsələləri üzrə məsləhətçisi Vladislav Surkov da Krıma gizli səfərə gedib. O, bağlı qapılar arxasında Krımın baş nazirinin müavini, parlamentin spikeri və Sevastopolun qubernatoru ilə görüşüb.
Sevastopol şəhərində Rusiya meylli qüvvələr srağagün aksiya keçirib. Rusiyanın Hərbi Dəniz Qüvvələrinin donanmasının olduğu yerdə Ukraynada hakimiyyəti ələ alan müxalifət əleyhinə etiraz edənlərin sayı 20 minə çatıb. Məlumatlara görə bazar günü gerçəkləşən mitinqlərdə etirazçılar Ukraynada baş verənləri faşizm adlandırıb və "Putin bizim lider", "Rusiya bizi geri al!", "Krımda faşizmə keçidə imkan verməyəcəyik" kimi şüarlar səsləndiriblər. Bəzi iddialara görə isə aksiya iştirakçıları sözügedən bölgədə yerləşən bələdiyyə binasındakı Ukrayna bayrağını endirərək cırıb. Rusiya mənbələrində yer alan xəbərlərə görə, Ukraynanın Odessa və Kerç şəhərlərində də oxşar etirazlar keçirilib.
Bu arada isə Svoboda Partiyasının rəhbəri Oleq Tyaqnibok şok iddia ilə çıxış edib. O bildirib ki, Rusiya Krıma əlavə silahlı qüvvələr göndərməyə başlayıb. Tyaqnibok son bir neçə gün ərzində Krımda yerləşən rus ordularında texnika və canlı qüvvənin sayının daha da artırıldığını deyib: "Rusiya təkcə bir gün ərzində Sevastopola 200 nəfər əsgər və BTR gətirib. Bundan başqa isə Soçidən Anapaya 6 Mİ-8 vertolyotunun gətirilməsi haqqında informasiya da var".
Qeyd edək ki, bir müddət öncə Krıma "boz kardinal" ləqəbli Vladimir Surkov gizli səfər etmişdi. Bəzi politoloqlar isə Rusiyanın Krımı əlində saxlamaq üçün hər şeyi edəcəkləri proqnozunu vermişdilər.
Görünür, Yanukoviç hakimiyyətinə son qoyulmasına Rusiya Ukraynada avantürist siyasətindən əl çəkmək fikrində deyil.
Rusiya Xruşşovun vaxtilə Ukraynaya verdiyi yarımadanı özünə birləşdirməkdə israrlı görünür.
Əslində tarixi boyunca Krımı müxtəlif dövlətlərin tərkibində olub. Kimmerlər bu yarımadada e.ə. VII əsrdə məskunlaşıb. Yerli kimmerlər qədim yunanlara "tavr" tayfaları adı ilə məlum olublar və yarımada ta XX əsrin əvvələrinəcən həm inzibati işlərdə, həm də ədəbiyyatda Tavrika və ya Tavrida kimi də tanınırdı.
E.ə. I əsrdə yunanlar burada ilk koloniyalarını saldılar. Sonralar burada ellin Bospor dövləti əmələ gəldi. Dövlət əvvəllər Afiananın, sonra Roma imperiyasının tabeliyində idi. Sonralar qotlar, hunlar, bulqarlar, xəzərlər, Kiyev knyazlığı, Bizans, qıpçaqlar və monqollar buranı bir-birinin ardınca işğal etmişdilər. Eramızın XIII əsrində genuyalı və venesiyalı tacirlər Krımda bir neçə sahilyanı ticarət şəhər və qəsəbələr salmışdılar.
1441-ci ildə Gəray nəslindən Hacı xan Krımda xanlıq qurdu. Uzun müddət xanlıq Osmanlı imperiyası ilə müttəfiq olub. 1783-də Rusiya Krımı istila edir və xanlığın mövcudluğuna son qoydu. Yüz minlərlə Krım tatarı yarımadanı tərk edib Türkiyəyə köçdü.
1921-ci ildə Krım Rusiyanın tərkibində muxtariyyət əldə edib.
Qeyd edək ki, görkəmli dilçi alimimiz Bəkir Çobanzadə mənşəcə Krım tatarı idi. O, 1937-ci ildə repressiya qurbanı oldu. İlk azəri bədii filminin - "Neft və milyonlar sələtənətində" filminin (1916-cı il, remiksi 1980-ci ildə "Qızıl uçurum" adı ilə çəkilib) ssenaristi İbrahim Musabəyov uzun müddət Krımda çalışmış, elə orda da repressiya olunmuşdu . Nəhayət, Azərbaycan Cümhuriyyətinin generallarında olan Məhəmməd Şulkeviç də Litva tatarı idi ki, onlar öz mənşələrini Krımdan alırlar.
1941-ci ildə Krım faşist hücumuna məruz qaldı və 1944-də işğalçılardan azad edildi. Muxtariyyət statusuna baxmayaraq 1944-cü ildə yarımadanın demək olar ki, bütün tatar əhalisi, həmçinin yunanlar, bolqarlar, türklər, italyanlar, azərbaycanlılar və çərkəzlər rus hakimiyyəti tərəfindən Orta Asiyaya sürgün edildi. 1945-də Krımın muxtariyyəti ləğv olundu.
1954-cü il fevralın 19-da Nikita Xruşşovun təşəbbüsü ilə 27 min kvadrat kilometr ərazisi olan Krım vilayəti Rusiyanın tərkibindən çıxarılaraq Ukraynaya verilir. Xruşşovun Ukraynanın Rusiyaya birləşdirilməsinin (1654) 300 illiyi münasibətilə atdığı bu addım SSRİ-nin dağılmasından sonra rus millətçilərinin kəskin etirazına səbəb olub.
Sovet İttifaqının dağılmasından sonra muxtariyyət bərpa olundu, vaxtilə sürgün edilən xalqlara qayıtmağa icazə verildi. Son 200 il ərzində aparılan repressiyalar nəticəsində bu gün tatarlar Krımda azlığa çevrilib. Rəsmi statistikaya görə, hazırda Krımın 2 milyona yaxın əhalisinin 58 faizini ruslar, 24 faizini ukraynalılar, 12 faizini isə tatarlar təşkil edir.