Ərdoğanın telefon danışıqları Türkiyəni silkələdi Dünya

Ərdoğanın telefon danışıqları Türkiyəni silkələdi

Dövlət Baxçəli: "Ərdoğan üçün məlum və mütləq son artıq görünür"
AKP-də gizli dinləmələrin ABŞ kəşfiyyatı tərəfindən aparıldığını və Gülən camaatına ötürlüdüyünü güman edirlər

Türkiyədə hökumət üzvlərinə qarşı ötən ilin dekabrında aparılan rüşvət və korrupsiya əməliyyatlarının ardınca bu dəfə gizli telefon danışıqları ilə bağlı növbəti gərginlik yaranıb.
Ötən gün baş nazir Rəcəb Tayyib Ərdoğının oğlu Bilal Ərdoğanla telefon danışıqlarının yayılması Türkiyə cəmiyyətini əməlli-başlı silkələyib.
Müxalifət baş nazirin ifşa olunduğunu bəyan edərək onu könüllü istefaya getməyə və məhkəmə qarşısında cavab verməyə, hətta imkanı daxilində ölkədən qaçmağa çağırıb.
Qeyd edək ki, iki gün öncə Türkiyənin bəzi kütləvi informasiya vasitələri xəbər yayıb ki, 2011-ci ildə İstanbul prokurorluğu tərəfindən "Salam" təşkilatının üzvlərinə qarşı aparılan antiterror əməliyyatları çərçivəsində ölkənin həm iqtidar, həm də müxalifət partiyaları ilə sıx bağlı olan 7 mindən çox şəxsin telefon danışığı dinlənilib.
Bundan əlavə, məlumat verilir ki, antiterror əməliyyatları çərçivəsində Türkiyə kəşfiyyatının rəhbəri Hakan Fidanın da telefon danışıqları dinlənilib.
Türkiyənin baş prokuroru Hadi Salihoğlu hökumət üzvlərinin telefon danışıqlarının dinlənildiyini təsdiqləyib. Salihoğlunun sözlərinə görə, İstanbul prokurorluğu tərəfindən aparılan əməliyyat çərçivəsində müəyyən edilib ki, Türkiyədə "Salam" adı altında fəaliyyət göstərən terrorçu silahlı təşkilat yoxdur. Buna baxmayaraq, üç il ərzində telefon danışıqları dinlənilib.
Artıq Türkiyədə dövlət xadimlərinin telefon danışıqlarının qanunsuz olaraq dinlənilməsi faktı üzrə cinayət işi də açılıb. Bu işlə bağlı iki prokuror saxlanılıb. Onların adları açıqlanmır.
Bu barədə baş nazir və ətrafına aid 1185 ədəd səs yazısının olduğu barədə məlumatlar da yayılıb. "CNN Türk" xəbər verir ki, bu iddianın sahibi "Hürriyyət" qəzetinin Ankara bürosunun keçmiş müdiri Metehan Dəmirdir. Dəmir Türkiyənin baş naziri R.T.Ərdoğanın bir yaxınına aid 1185 ədəd səs yazısı olduğunu açıqlayıb: "Baş nazirə çox yaxın olan birinin 1185 ədəd səs yazısının olduğu iddia edilir. Bu qədər insanı bu cür və başqa cür dinlənildiyi zamanda dövlət İzmirdə tvit atanı əli ilə qoymuş kimi tapır. Üç ildir ki, jurnalistindən bürokratına kimi hamı dinləndiyi zamanda bu ölkənin polisi harada idi, media harada idi?"
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının üzvü Məzhər Bağlı "TRT Haber" telekanalına müsahibəsində deyib ki, telefon danışıqlarının yazısı üçüncü tərəfə verilib. Lakin o, üçüncü tərəfin kim olduğunu açıqlamayıb. Onun sözlərinə görə, əminliklə demək olar ki, hökumət günahkarların aşkara çıxarılması üçün hər şeyi edir.
Amma AKP-nin telefon dinləmələrinə görə, ABŞ-la münasibətlərində ciddi çatların yarandığı barədə məlumatlar da səslənir. Ərdoğan hökuməti ötən il bir sıra Avropa ölkələrinin liderlərini gizli dinləyən ABŞ kəşfiyyatının baş verənlərdə əlinin olduğunu güman edir. Çox güman ki, "telefon danışıqlarının yazısının üçüncü tərəfə verilməsi" iddiası əslində audioyazıların ABŞ kəşfiyyatı tərəfindən Gülən camaatına ötürülməsini nəzərdə tutur.
Yeri gəlmişkən, baş nazir Ərdoğan açıq şəkildə ABŞ-ı Fətullah Güləni dəstəkləməkdə günahlandırır. "Al JazeeraTurk" telekanalının məlumatına görə, Ərdoğan ABŞ prezidenti Barak Obama ilə telefon danışığı zamanı Ağ Evə etirazını bildirib.
Sonuncu telefon danışığının yayılması Ərdoğanı ciddi şəkildə qəzəbləndirib. O bəyan edib ki, lent yazıları Türkiyə Cümhuriyyətinin baş nazirinə qarşı xain bir hücumdur: "12 ildir, millətlə iqtidarı paylaşa bilməyənlər son bir hücum edərək iqtidarı oğurlamaq, millətin süfrəsinə şərik olmaq istəyirlər. Lent yazısı Rəcəb Tayyib Ərdoğana deyil, AKP sədrinə deyil, Türkiyə Cümhuriyyəti baş nazirinə xain bir hücumdur".
Dünən Türkiyənin səs mühəndisləri səs yazısının ekspertizası ilə bağlı nəticələri açıqlayıb. Açıqlamada bildirilir ki, telefon danışığı montaj deyil: "Səs qeydləri təkrar olaraq ekspertizadan keçirilib, hər hansı montaj yoxdur. İkinci arama olduqca təmiz bir xətt vasitəsilə həyata keçirilib".
Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçəli Artıq Türkiyə Baş Prokurorluğuna AKP-nin bağlanması ilə bağlı müraciət ünvanlayıb. müraciət ünvanlaması xəbəri yayıb. Baxçəli müraciətində keçən ilin 17 dekabrında keçirilən "korrupsiya və rüşvət əməliyyatı" ilə bağlı baş nazir Ərdoğanla oğlu Bilal Ərdoğan arasındakı telefon danışıqlarını göstərib: "Bu danışıqlar doğru isə qarşımızda çox ciddi və qorxunc bir məsələnin olması deməkdir. Hüquq-mühafizə orqanları bu faktları bir-bir tədqiq etməlidir. Türkiyə baş naziri vəzifəsində harama tamah edən, korrupsiya əsarətinə düşən biri hələ indiyə kimi oturmayıb və oturmayacaq da, Ərdoğan üçün məlum və mütləq son artıq görünür".

Cəmil