Ukraynanın başı seçkiyə qarışdı Dünya

Ukraynanın başı seçkiyə qarışdı

Rəsmi Kiyev Luqansk vilayətində ciddi itki ilə üzləşib

Cavid

Ukrayna Ali Radasına ötən bazar günü keçirilən seçkilərdə bülletenlərin 97,79 faizi sayılıb.
"RBK-Ukrayna"nın verdiyi məlumata görə, bu barədə Ukrayna Mərkəzi Seçki Komissiyasından bildirilib.
Hazırkı nəticələrə görə, baş nazir Arseniy Yasenyukun başçılıq etdiyi "Xalq cəbhəsi" Partiyası 22,18 faiz səslə liderdir. Sonrakı yerləri "Pyotr Poroşenkonun Bloku" (21,82 faiz), Lvov meri Andrey Sadovoyun "Qarşılıqlı yardım" Partiyası (11,01 faiz), "Müxalifət bloku" (9,35 faiz), Oleq Lyaşkonun "Radikal" Partiyası (7,44 faiz) və sabiq baş nazir Yuliya Timoşenkonun "Batkivşina" Partiyası (5,69 faiz) tutur.
Maydan hərəkatının əsas simalarından olan Oleq Tyaqnibokun "Azadlıq" Partiyası hazırkı nəticələrə görə 4,72 faiz səs qazanaraq parlamentə keçə bilmir. Digər siyasi güclər isə daha aşağı göstəricilərə malikdir.
Ali Radaya keçirilən seçkilərdə ümumilikdə 29 siyasi partiya iştirak edib. Parlamentdə təmsil olunmaq üçün 5 faizlik baryeri keçmək lazımdır.
O da bildirilir ki, Ukraynanın Ali Radasına ötən bazar günü keçirilən seçkilərdə səslərin böyük əksəriyyətini əldə edən partiyaların liderləri parlament əksəriyyəti və yeni hökumətin formalaşması barədə danışıqlar prosesini uzatmamağa söz verirlər.
Bu barədə BBC-nin Ukrayna xidməti bildirib. Seçkilərin yekun nəticələri hələ elan edilməyib. Ukrayna Mərkəzi Seçki Komissiyasının ilkin hesablamalarına görə, ilk üçlükdə qərarlaşan siyasi güclər majoritar dairələr üzrə Ali Radaya 80-dən çox deputat keçirir. Ukraynanın ədliyyə naziri, "Xalq cəbhəsi" Partiyasından deputatlığa namizəd Pavel Petrenko qeyd edib ki, Ali Radaya keçən bütün demokratik partiyalar koalisiyanın formalaşmasında iştirak etməlidir.
Ukrayna prezidenti Pyotr Poroşenko da bildirib ki, heç kim yeni parlament koalisiyası və yeni hökumətin formalaşması prosesini ləngitməyəcək.
Dövlət başçısının nümayəndəsi Svyatoslav Seqolko P.Poroşenkonun A.Yasenyuk və A.Sadovıyla sözügedən məsələnin müzakirəsi üçün görüşdüyünü deyib. "Pyotr Poroşenkonun Bloku" və "Xalq cəbhəsi"ndən bildiriblər ki, sabiq baş nazir Yuliya Timoşenkonun "Batkivşina" Partiyasına da koalisiyanın mümkün iştirakçılarından biri kimi baxılır.
Bu arada Rusiya xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Rusiya seçkilərin bütün Ukrayna ərazisində keçirilməməsinə baxmayaraq, seçkilərin nəticələrini tanımağa hazırdır. Qeyd edək ki, seçkilər Rusiya tərəfindən işğal olunan Krımda, Donetsk və Luqansk vilayətlərinin doqquz seçki dairəsində keçirilməyib. Bu isə təxminən 3 milyon insanın seçkilərdə iştirak etmədiyi anlamına gəlir.
Krım və Donbas hövzəsinin xeyli hissəsinin seçkilərdə iştirak etməməsinin nəticəsində Ali Radaya 450 deyil, 423 deputat seçiləcək. Ukraynanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 198 deputat majoritar, 225 isə partiya siyahıları üzrə seçiləcək. Donetsk və Luqansk vilayətlərində yaradılan "xalq respublikaları" isə 2 noyabr tarixində onların nəzarət etdiyi ərazilərində ayrı seçkilərin keçiriləcəyini elan ediblər. S .Lavrov Rusiyanın "xalq respublikalarının" seçkilərini tanımaq niyyətində olduğunu vurğulayıb.
Ali Radaya keçirilən seçkiləri şərh edən politoloq Qabil Hüseynli yeni parlamentin hökumət də daxil olmaqla hakimiyyətin bütün qollarının formalaşdırılması prosesini intensivləşdirəcəyini deyib.
Politoloq yaxın günlərdə Ukrayna hakimiyyət boşluğunun aradan qalxacağını bildirib: "Hakimiyyətin bütün qolları tam gücü ilə işə başlayacaq. Bu isə Ukraynaya öz ərazisini bərpa etməyə, iqtisadiyyatını dirçəltməyə, bir sözlə ölkənin ayaq üstə qalxmağa kömək edəcək. Seçkilərin nəticələri, çox güman ki, Donbas hövzəsində münaqişənin həllinə də müsbət təsir edəcək".
Rusiya tərəfindən seçkilərin qanuniliyinin tanınmasına gəlincə, Q.Hüseynli vurğulayıb ki, bu, gözlənilən addım idi: "Seçkilərin nəticələrinin Moskva tərəfindən tanınmaması Rusiyaya ancaq zərər verə bilərdi. Bu, beynəlxalq birliyin gözündə Rusiyanın növbəti dəfə düşməsinə gətirib çıxarardı. Kreml bu hərəkəti ilə konstruktiv və Ukraynaya düşmən olmadığını göstərir, amma gizli şəkildə bu ölkəyə qarşı planlarını davam etdirir".
Politloq hesab edir ki, qurulacaq koalisiya hökuməti yalnız "Xalq cəbhəsi" Partiyası və "Pyotr Poroşenkonun Bloku"nun iştirakı ilə qurmaq mümkün olmayacaq. Q.Hüseynli proqnozlarına görə, koalisiya hökumətində sabiq baş nazir Yuliya Timoşenkonun "Batkivşina" Partiyası yer almayacaq.
Ali Radada qərbyönümlü güclərin qələbə qazanmasının postsovet məkanındakı proseslərə nə dərəcədə təsir edəcəyinə gəlincə, Q.Hüseynli seçki nəticələrinin az və ya çox dərəcədə bütün ölkələrə təsir edəcəyini bildirib: "Ukrayna Ali Radasında keçirilən seçkilər müsbət nümunə hesab olunmalıdır. Bu müsbət nümunə isə postsovet məkanındakı bütün ölkələrə təsir edəcək".
Q.Hüseynli Rusiyanın bundan sonra Donbas hövzəsində daha da fəallaşacağını təxmin edir: "Rusiya sakit dayanmır və separatçıları yeni silah növləri ilə təmin edir. Poroşenko da sakit oturmayacaq və oturmağa da mənəvi haqqı yoxdur. Poroşenkonun atdığı istənilən addım qanuni xarakter daşıyacaq və dünya birliyi tərəfindən qəbul olunacaq".
Onu da qeyd edək ki, başı Ukrayna Ali Radasına keçirilən seçkilərə qarışan rəsmi Kiyev Luqansk vilayətində ciddi itki ilə üzləşib.
Unian.net-in verdiyi məlumata görə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya-analitik mərkəzinin nümayəndəsi Andrey Lısenko separatçıların Smeloe rayonunda yerləşən 32-ci posta hücum etdiyini bildirib.
Separatçıların sentyabr ayının əvvəlindən blokpostu ələ keçirmək üçün hücumlarını davam etdirdiyini vurğulayan Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəsmisi 32-ci blokpostun artıq Ukrayna hərbi qulluqçularının blokpostu hesab edilmədiyini dilə gətirib. A.Lısenko bu müddət ərzində antiterror güclərinin 10-da çox hərbçisinin həlak olduğunu deyib.
Bundan əvvəl isə xəbər yayılmışdı ki, 32-ci blokpostda xidmət aparan Ukrayna hərbçilər artıq bir neçə gündür ac-susuz mühasirədədir. Separatçıların blokposta gedən bütün yolları minaladığı və mühasirəyə alınmış hərbçilərə su çatdırılmasına belə imkan vermədiyi qeyd olunurdu.
Ukrayna prezidenti Pyotr Poroşenko isə 26 oktyabrda bildirmişdi ki, mühasirəyə alınan 32-ci blokpost içməli su ilə təmin edilib.
Dünən son məlumata görə,Ukraynanın Donbass vilayətində baş verən qarışıqlıqda iki nəfər ölüb, yeddi nəfər yaralanıb.
"Ukrayna qoşunlarının əsas istiqamətlərdə yenidən qruplaşması, onların şəxsi heyət, silah və hərbi texnika, tərəflərin təmas xəttində mövqe tutduqları mühəndis qurğuları ilə təchiz olunmaları davam edib. Gecə ərzində hökumət tərəfən atəşkəs rejimi ən azı 20 dəfə pozulub. Donetsk və Spartakda yaşayış evlərinin atəşə tutulması nəticəsində dörd ev dağılıb, iki nəfər ölüb, dörd nəfər yaralanıb. Kirovskda ev dağılıb, iki dinc sakin yaralanıb. Daha bir nəfər "Moqila Ostraya" kurqan rayonundan açılan atəş nəticəsində xəsarət alıb.", - məlumatda deyilir.