Gələcəyi olmayan Ermənistan... Dünya

Gələcəyi olmayan Ermənistan...

Bahalaşma, səfalət və regionda hərbi əməliyyatların yenidən bərpa olunacağı qorxusu erməniləri geri dönüşü olmayan yola çıxmaq məcburiyyətində qoyub

Cavid

Ermənistanda ərzaq məhsulları durmadan bahalaşmaqdadır. Erməni mediası bu barədə həyəcan təbili çalır. Bildirilir ki, Ermənistanda ərzaq məhsullarının qiymətləri oktyabr ayı müddətində də artmaqda davam edib. Hər şeydən çox yumurtanın qiyməti qalxıb. 2012-ci ilin oktyabr ayı ilə müqayisədə Ermənistanda yumurtanın qiyməti 33,5 faiz qalxıb. Süd məhsullarının da qiyməti xeyli artan məhsullar sırasındadır – bu müddətdə onlar 11,9 faiz artıblar. Meyvələrin qiymətində isə 9,5 faiz artım var. Tərəvəz və kartofun qiyməti bir il ərzində 7,2 faiz qalxıb. Ölkənin 9 şəhərində bir ay ərzində kartof və tərəvəzin qiyməti 0,9-9,3 faiz arasında qalxıb. Ən çox qiymət artımı Vanadzorda baş verib. Bir il ərzində balıq məhsullarının qiyməti 6,3 faiz artıb. Elə bu müddət ərzində qənnadı məhsulları 7,4 faiz artıb, ət məhsulları isə 4,4 faiz artıb. Ət məhsullarında qiymət artımı üzrə ən yüksək göstəricilər Razdanda, Çarensavanda və Kapanda qeydə alınıb.
Bir il ərzində təkcə şəkər tozunun qiymətində enmə müşahidə olunduğu bildirilir. Şəkər tozunun ölkə üzrə orta qiyməti 2012-ci ilin oktyabr ayı ilə müqayisədə 15,8 faiz düşüb.
köçürülüb.

Beynəlxalq Valyuta Fondunun Ermənistandakı nümayəndəsi Mark Horton deyib ki, Ermənistan iqtisadiyyatını çətin dövr gözləyir.
Böyük Britaniyanın nüfuzlu "The Quardian" qəzetində dərc edilmiş məqalədə də Ermənistanda aclıq və səfalət hökm sürdüyü qeyd olunub. Qəzetin bir qrup əməkdaşı Ermənistana səfər edib, əhalinin yaşam tərzi və problemləri ilə maraqlanıb.
"Ermənistandan hazırlanan reportajda bildirilir ki, bu ölkə iqtisadi-sosial problemlər məngənəsində batır. Burada yaşayan insanlar isə çox bədbindirlər. Ermənistan ərazisinə daxil olduqda gördüklərim məni dəhşətə gətirib" deyəingilis reportyor yazıb. Müəllif yazır ki, ölkə məhvə doğru addımlayır. Kənd və şəhərlərdə adam tapmaq demək olar ki, problemdir. Sakinlərlə söhbət zamanı aydın oldu ki, insanlar işsizlik səbəbindən ümidsizlik işində ölkəni tərk edərək xaricə üz tuturlar. Bəzi ailələr isə bir dəfəlik Ermənistandan çıxıb gedirlər. Miqrasiya axınının qarşısını almaqda hökumət acizdir. Yeri gəlmişkən ölkədəki ağır iqtisadi-sosial gərginliklə əlaqədar Ermənistanı tərk edənlərin sayı bu ilin ilk üç ayı ərzində 165 min 275 nəfərə çatmışdır. Amma problem bununla bitmir. Vətəndaşların ən çox şikayət etdikləri digər məsələ isə məmur özbaşınalığı və rüşvətxorluqdur.
Müəllif məqaləsində regionlardakı uşaq bağçaları və məktəblərin vəziyyətinə də toxunmuşdur. Binaların təmirsiz və baxımsız vəziyyətdə olduğunu qeyd edən jurnalist uşaq bağçalarında hətta körpələrin də qida rasionuna belə fikir verilmədiyini nəzərə çatdırıb.
Yazıda, həmçinin həbsxana işçilərinin məhkumları döyərək təhqir etməsi, onlara işgəncələrin verilməsi də qeyd olunmuşdur. Ölkədə təhsil və səhiyyə sahəsində də ciddi problemlər vardır. Bölgələrdə təhsil demək olar ki, yox səviyyəsindədir. Səhiyyə sahəsindən isə heç danışmağa dəyməz. Bir sözlə, Ermənistanın bölgələrində həyat demək olar ki dayanıbdır.
"İndi Ermənistanda gündəlik ailə başına 150 qram taxıl, orta dörd nəfərlik ailəyə isə aylıq 80 dollar qazanc düşür. Bir adamın aya 20 dollar qazanc gətirməsi ölkənin süqutunun artıq çoxdan başladığının göstəricisidir. Ermənistan aclıq şkalasından da aşağıdadır". Bunu erməni müxalifətinin liderlərindən olan, politoloq Qagik Sarukyan deyib. Sarukyan bildirib ki, keçid dövrünün ən ağır vaxtlarında belə işğalçı ölkədə dolanışıq səviyyəsi bundan xeyli yaxşı olub: "Doxsanıncı illərin ortalarında insanların yaşayış səviyyəsi bundan qat-qat yaxşı idi. İnsanlar ac qalmırdı. Kəndlərdən şəhərə köç bu qədər deyildi. İndi kəndlərdən imkanı olan İrəvanın bazarlarında fəhləlik etmək üçün gəlir".
Politoloqun sözlərinə görə, ölkənin aclıq burulğanında məhv olmasının səbəbi hazırkı hökumətdir: "Sarkisyan erməni tarixinə "Qəddar Serjik" kimi həkk olunacaq. Bu faktdır. Çünki ölkəni bu günə qoyanlar elə "elit artsaxlılar" (Hakimiyyətdəki Qarabağ erməniləri) olub. Sarukyan vurğulayıb ki, bu gedişlə Ermənistan Cənubi Qafqazda bir "ilk"ə imza atacaq: "Belə getsə, Ermənistan Güney Qafqazın natural təsərrüfata keçmiş ilk dövlət olacaq. Bunu xəyal etmək belə qorxuncdur. Sarkisyan beş il də hakimiyyətdə qalsa tanrı bunu da bizə göstərəcək".
Yeri gəlmişkən, bir neçə gün öncə Ermənistanın 2015-ci il üzrə "Dövlət büdcəsi haqqında" qanun layihəsi ölkə parlamentində müzakirəyə çıxarılıb. Məlumata görə, büdcə layihəsindən danışan baş nazir Ovik Abramyan Ermənistanın 2015-ci il üzrə dövlət büdcəsinin gəlirlərinin 2 milyard 890 milyon dollar, xərclərinin isə 3 milyard 169 milyon dollar olacağını bildirib. Büdcə kəsirinin 278,5 milyon dollar olduğunu bildirən Abramyan hökumətin qarşıdakı illərdə bunun öhdəsindən gəlməyə çalışacağını bildirib. "Bizim sehirli çubuğumuz yoxdur ki, bir gündə ötən illərdən qalan problemləri həll edək" – deyə Abramyan deputatların büdcə kəsirinin çoxluğu ilə bağlı fikrinə münasibət bildirərkən deyib. Ermənistan baş naziri büdcə layihəsində qondarma "Dağlıq Qarabağ Respublikası"na da 2015-ci ildə 101 milyon dollarlıq "kredit" ayrılacağını vurğulayıb. Ümumiyyətlə, Ermənistanın 2015-ci il büdcəsinin 24,1%-i ölkənin milli təhlükəsizlik sahəsinə – orduya və hüquq-mühafizə orqanlarına, 47,9%-i isə sosial-mədəni sahəyə (səhiyyə, təhsil, sosial müdafiə və s.) yönəldiləcək. Xatırladaq ki, Ermənistan büdcəsinin kəsiri (defisiti) Ümumdaxili Məhsul həcminin 2,3%-ni təşkil edir. Müqayisə üçün qeyd edək ki, Azərbaycan Respublikasının 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon manat, xərcləri isə 21 milyard 100 milyon manat proqnozlaşdırılıb. Gələn ilin büdcə kəsiri -1.662 milyon manat proqnozlaşdırılıb.
Erməni ekspert Ruben Ayrumyan büdcə layihəsindən çıxış edərək vəziyyətin daha da pisləşəcəyini proqnozlaşdırır. Onun sözlərinə görə, real iqtisadiyyatı olmayan Ermənistanı daha çətin günlər gözləyir. Ekspertin fikrincə, Ermənistanın iqtisadi inkişafı Serj Sarksiyan iqtidarı dövründə mümkün deyil. Ekspert ölkəsinə dünya maliyyə sistemində, Gömrük İttifaqında yer olmadığını da bildirir. Bu şəraitdə o, Ermənistanın xaricdən də borc almasının müşkülə çevriləcək. "Çiçəklənən Ermənistan" fraksiyasından olan deputat Naira Zohrabyana görə, hökumət bilərəkdən gələcək nəsillərə borc yaradır: "Hökumət fikirləşmədən kreditlər alır. Ermənistanın xarici borcları 5 milyard dollara çatır. Bəlkə də hökumətdə fikirləşirlər ki, 4,5 milyardla 5 milyard arasında elə də böyük fərq yoxdur. Bəlkə də bu onlar üçün məntiqli sayıla bilər. Ancaq bu, bizə lazım deyil".
Ermənistan Mərkəzi Bankının keçmiş başçısı Baqrat Asatryan isə hesab edir ki, baş verənlər 2014-cü ilin yekunlarına görə, Ermənistan iqtisadiyyatında 4-5 faizlik geriləmənin olacağını göstərir. O bildirib ki, Ermənistan əhalisinin 87 faizi ölkədə iqtisadi vəziyyətin pis olduğunu bəyan edib. "Bu informasiyanı Avropa İttifaqının qonşuluğunda yerləşən ölkələrdə rəy sorğuları keçirən Avropa Qonşuluq Barometri yayıb".
Ermənistanda bahalaşma və aclıq əhalinin ölkəni tərk etməsinə səbəb olub. 2014-cü il oktyabrın 1-nə olan məlumata görə, Ermənistan əhalisi cari ilin əvvəli ilə müqayisədə 3,2 min nəfər azalıb. ARKA agentliyinin verdiyi məlumata görə, bu barədə ölkənin Milli Statistika Xidmətinin hesabatında deyilir.
Oktyabrın 1-nə olan məlumata əsasən, Ermənistanın daimi əhalisinin sayı 3 013,9 min nəfər olub. Bunun 1 918,9 mini şəhərdə, 1 095 mini isə kənd yerlərində yaşayır.
Hesabatda qeyd edilir ki, Ermənistan əhalisinin sayının azalması mənfi miqrasiya saldosunun (13,6 min nəfər) əhalinin təbii artımını (10,4 min nəfər) üstələməsinə əsaslanır.
2014-cü ilin əvvəlinə olan məlumata görə, ölkənin daimi əhalisinin orta yaşı 35,7 təşkil edib. Kişilər arasında bu göstərici 34, qadınlar arasında isə 37,3 olub.
Digər bir məlimata görə bu ilin ilk 9 ayı ərzində Ermənistanı 114966 nəfər tərk edib. Bu rəqəm ölkədən gedənlərlə qayıdanlar arasında fərqi göstərir. Bu il Ermənistan sərhədlərindən xaricə 1 milyon 225 min 545 nəfər gedib, Ermənistana qayıdanların sayı isə 1 milyon 110 min 579 nəfərdir. Ermənilərin özünə təsəlli verəcəyi tək məqam ötən ilin yanvar-sentyabr ayı ilə müqayisədə ölkəni tərk edənlərin sayının cüzi azalmasıdır. 2013-cü ilin ilk doqquz ayında Ermənistandan 122 min 191 nəfər köçüb. Yerli ekspertlər qış fəslinin gəlməsi ilə əlaqədar ölkədən gedənlərin sayının daha da artacağını proqnozlaşdırırlar.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, Ermənistanda əhalinin ölkəni sürətlə tərk etməsinin əsas səbəbi işğalçılıq siyasətinin erməni xalqına vurduğu ziyandır.
O bildirib ki, Ermənistan hakimiyyəti bu vəziyyəti izah etmək üçün müxtəlif üsullara əl atır: "Onlar xaricdən gələn yardımlarla dolanmağa məcburdurlar. İşğalçı Ermənistanı himayə edən xarici qüvvələrin də vəziyyəti yaxşı deyil. Ona görə də, Sarkisyan rejimi həmişə xaricdən yardım ala bilməyəcək. Bir gün buna son qoyulacaq."