Səudiyyə Ərəbistanı sentyabrda neft hasilatını cüzi azaldıb Dünya

Səudiyyə Ərəbistanı sentyabrda neft hasilatını cüzi azaldıb

Sentyabr ayında Səudiyyə Ərəbistanında neft hasilatının həcmi cüzi azalıb. Əgər avqust ayında Krallıqda gündəlik orta neft hasilatı 8,988 mln. barel təşkil edirdisə, ötən ay bu göstərici 8,974 mln. barelə bərabər olub.

Bu barədə "Bloomberg"ə Səudiyyə Ərəbistanındakı mənbə bildirib.

Göründüyü kimi, aylıq ifadədə azalma cəmi 0,2% təşkil edib.

"Krallıq sentyabr ayında gündə 6,1 mln. barel, avqustda isə 6 mln. barel neft ixrac edib", - deyə mənbə bildirib.

Agentlik qeyd edir ki, isti yay mövsümü bitdikdən sonra Səudiyyə Ərəbistanının daxili neft istehlakının azalması səbəbindən ixrac üçün daha çox neft olur. Yayda Krallıq elektrik enerjisi istehsal etmək və ən yüksək kondisioner tələbatını ödəmək üçün bəzi elektrik stansiyalarında nefti birbaşa yandırır.

Qeyd edək ki, yeni "OPEC+" razılaşması cari ilin may ayında qüvvəyə minib. Təşkilata üzv olan ölkələr gündəlik neft hasilatını üç ay ərzində 9,7 mln. barel azaltmağa başladı. Avqust ayından alyans hasilatı azaltmağı davam edib, lakin daha az həcmlərdə – ilin sonunadək olan dövr üçün gündə 7,7 mln. barel, daha sonra isə 2022-ci il aprelin sonuna qədər 5,8 mln. barel. Başlanğıc nöqtəsi kimi 2018-ci ilin oktyabr ayı götürülüb, lakin Rusiya və Səudiyyə Ərəbistanı üçün bu rəqəm 11 mln. bareldir. Bu göstərici müvafiq olaraq 23%, 18% və 14% azaldılmalıdır.