Rusiya Krıma qoşun yeridib Dünya

Rusiya Krıma qoşun yeridib

Rus hərbçiləri bir sıra dövlət obyektlərini nəzarətdə saxlayırlar

Cavid

Krımda vəziyyət getdikcə gərginləşir. Son iki gündən bəri Krım tatarları ilə ruslar arasında qarşıdurma yaranıb. Xatırladaq ki, fevralın 26-da Krımın paytaxtı Simferepolda keçirilən aksiyalarda baş verən toqquşmalarda 30 nəfər yaralanıb. Yaralılardan 6-sının vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdirilib. Bəzi məlumatlara görə, artıq 4 nəfər həlak olub.
Krım Muxtar Respublikanın Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəstəxanaya yerləşdirilən aksiya iştirakçılarının 3-nün vəziyyəti ağırdır.
Həmin gün Krım Ali Şurasının qabağında 10 minə yaxın insanın iştirakı ilə aksiya keçirilib. Aksiya iştirakçılarının heç də hamısı bir mövqedən çıxış etməyiblər. Onların əksəriyyəti Krımın Ukrayna tərkibində qalmasının tərəfdarı olduğu halda, bir qrup Rusiyaya birləşməyi tələb edib.
Krım tatarları birmənalı şəkildə Ukraynanın bütövlüyünü dəstəkləyir. Ukrayna müxalifətnin lideri Vitali Kliçko da Krımda vəziyyətin həssas olduğunu bildirib. Onun sözlərinə görə, yerli əhali xaricdən heç bir təxribata uymamalıdır.
Parlamentin mətbuat xidmətindən İTAR-TASS-a bildiriblər ki, vəziyyət çox gərgindir. Krım-Tatar Məclisinin sədri Rüfət Çubarov Krımın bütün millətlərinə müraciət edərək onları birləşməyə, təxribatları önləməyə, məscidləri, sinaqoqları, digər mühüm obyektləri birgə qorumağa çağırıb.
Dünən rus hərbçilərinin parlament və Hazirlər Kabineti ilə yanaşı bir sıra inzibati binaları tutduğu xəbər verilib.
Ukrayna parlamentinin UDAR fraksiyasından olan deputatı, Krım Muxtar Respublikasının keçmiş baş naziri Sergey Kunitsın bütün gecəni Simferopolla əlaqə saxladığını bildirib. Onun sözlərinə görə, 120-dən çox silahlı şəxs Krım Ali Sovetinin və hökumətinin binasını ələ keçirib: "Peşəkar hazırlıq keçmiş, yaxşı silahlanmış adamlardır. Avtomatlar, pulemyotlar, qumbaralar və qumbaraatanlarla təchiz olunublar. Əllərindəki silahlar bir ay döyüş aparmağa bəs edər".
Silahlı qrup "Krımın rus əhalisinin özünümüdafiə təmsilçiləri" kimi təqdim olunsa da istisna deyil ki, onlar əslində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) xüsusi təyinatlı məxfi dəstəsinin üzvləridir. Bir gün əvvəl Rusiya və Ukrayna mənbələri QRU xüsusi təyinatlılarının Krıma yeridildiyi haqda xəbərlər yaymışdı. Krımdakı Rusiya hərbi bazasına 11 minə qədər Rusiya xüsusi təyinatlısının gətirildiyi bildirilir.
Son məlumata görə, Krım parlamentinin spikeri Vladimir Konstantinov hazırda parlamentin binasındadır, ancaq iş otağında deyil. Onun binanı ələ keçirmiş silahlı şəxslərlə əlbir olduğu ehtimal edilir.
Krımda hökumət və parlament binasının silahlı ruslar tərəfindən tutulması ilə bağlı Ukrayna daxili işlər naziri Arsen Avakov daxili qoşunların və milisin bütün şəxsi heyətini həyacan siqnalı ilə ayağa qaldırıb.
Bu barədə Avakov Facebook səhifəsində məlumat verib. Onun sözlərinə görə, binaları tutanlar avtomat və pulemyotlarla silahlanıb. Mülki şəxslər arasında tələfata yol verməmək üçün Simferepolda bütün hökumət kvartalı blokadaya alınıb. "Ekstremist hərəkətlərin qarşısını almaq və şəhərin mərkəzində silahlı toqquşmaların qarşısını almaq üçün digər tədbirlər də görülür. Soyuq başların, sağlam qüvvələrin konsolidasiyasının və dəqiq hərəkətlərin vaxtıdır", deyə Avakov yazıb.
Məlumatlara görə Krım parlamentinin və hökumət binasının üzərində Rusiya bayraqları qaldırılıb. Silahlı qrup sinalara silahlı hücumlar zamanı mühafizə polislərinin əllərini bağlayıb və səs qumbaraları atıblar. Parlament binasının girişində barrikada qurulub. Binanın özünü isə milis dəstələri əhatəyə alıb. Simferepolun mərkəzi avtomobillərin hərəkəti üçün bağlıdır.
Bu arada Krım tatarlarının azadlıq mücadiləsinin əfsanəvi lideri Mustafa Krımoğlu (Cəmilov) maraqlı şəkilini paylaşıb
O, paylaşdığı şəkildə öz mövqeyini ortaya qoyub. O, səsləndirdiyi şüarlarda bildirib ki, başqa yerlərdə olduğu kimi, Ukraynada da xalqının qanını tökən diktator cəzasız qalmaqacaq: "Hörmətli həmyerlilərim, sizinlə qürur duyuram! Fəxr edirəm ki, ukraynalıyam".
Xatırladaq ki, Krımoğlu Krım tatarlarının haqlarının qorunmasında öndə gedən şəxslərdəndir. Valideynləri ilə birlikdə 1944-cü ildə Özbəkistana sürgün olunub. 1969-cu ildə "SSRİ-də insan hüquqlarının bərpası" adlı hərəkat yaradan Krımoğlu dissident və millətçi ittihamı ilə həbs olunub. Üst-üstə 15 il məhbəs həyatı yaşayan mücahid həbsxana həyatının sonuncu illərində aclıq elan edib. Ona məcburi şəkil zond vasitəsi ilə qida verilib. İki dəfə Nobel mükafatına namizədliyi irəli sürülüb. Türk Dünyasında və Ukraynada nüfuz sahibi olan Krımoğlu bir müddət əvvəl ictimai fəaliyətdən yaşına görə geri çəkilib.
Krım Ali Radasının deputatı və yerli Tatar Məclisinin sədri Refat Çubarov bildirib ki, xidməti geyimli naməlum şəxslər dövlət binalarına hücumu gecə saatlarında təşkil ediblər: "Onlar Ukraynanın bayrağını çıxardıblar, yerinə Rusiyanın bayrağını qaldırıblar".
Onu da bildirək ki, dövlət strukturlarının binalarını zəbt edən qrupun adından açıqlama verənlər "Krımın gələcəyi naminə" referendum keçirilməsini tələb ediblər. Mətbuat nümayəndələri binaya yaxınlaşan zaman isə onlara atəş açılıb.
Kırım Tatar Məclisinin sədri Rifat Çubarov hadisə barədə "facebook" səhifəsində məlumat yerləşdirib. Çubarov parlament və yerli hökumət binasının uniformalı şəxslər tərəfindən ələ keçirildiyini yazıb deyib.
Qeyd edək ki, ötən gün Krım Ali soveti yaranmış gərgin vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas keçirməli idi.
Digər bir məlumatda isə Krım parlamentində partlayışın olduğu söylənilir. Ukrayna mətbuatı xəbər verir ki, partlayış parlament binası zəbt edildikdən sonra baş verib. Şahidlər partlayış səsini eşitsələr də nə baş verdiyindən məlumatsızdırlar.
Baş Prokurorluq isə Krımdakı separatizmlə bağlı cinayət işi açıb. Krım tatarları Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçəkə müraciət edib. Bununla bağlı Krım Dərnəyi başqanının köməkçisi Namik Kemal Bayar məlumat verib.
Müraciət dünən Türkiyəyə səfər edən Rusiya Dövlət Dumasının rəhbəri ilə bağlıdır. Müraciətdə deyilir: "Hörmətli TBMM sədri! Bugünkü proqramınızda Rusiya Dövlət Dumasının sədri ilə görüşünüz var. Son günlərdə Ukrayna və Krım Muxtar respublikasında yaşanan olayları yaxından izlədiyini bilirik. Xüsusilə Krımda Rusiya tərəfdarı olan separat qrupların fəaliyyəti Türkiyədə yaşayan biz Krım tatarlarının narahat edir. Krımın Ukraynadan ayrılaraq Rusiyaya bağlanması Krım tatarlarının fəlakəti olacaq.
Bu hissin uca Türk dövlətimizin və sizlərin də ürəyində daşıdığını bilirik. Krım tatarlarının tək ümidi Türkiyədir. İstəklərimizin birbaşa Duma sədrinə deməyinizi rica edirik".
"Atlas" Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu Rusiyanın Krım ətrafında yaratdığı vəziyyətə aydınlıq gətirib. E.Şahinoğlu bildirib ki, hadisələrin episentri Kiyevdən Krıma - Simferopuoa keçib. Politoloq hesab edir ki, Moskva Kiyevdə məğlubiyyətinə cavab olaraq Krımda rus separatizmini alovlandırarkən, tatar amilini yaddın çıxarır: "Krım tatarların tarixi torpağıdır, gəlmə rusların deyil. Krımdakı rus separatçıları və onların arxasında dayanan Moskva bundan sonra tək ukraynalılarla deyil, tatarlarla da mübarizə aparmalı olacaq. Bir də ki, bu mübarizə Rusiyanın özündə yaşayan milyonlarla tatarın xoşuna gəlməyəcək. Separatçılığa dəstəyin bumeranq effekti də var".