Növbəti nüvə müzakirələri Vyanada keçiriləcək Dünya

Növbəti nüvə müzakirələri Vyanada keçiriləcək

Məhəmməd Cavad Zərif: "İranla "altılıq" ölkələri arasında yekun razılaşma bütün sanksiyaların aradan qaldırılmasından keçir"

İranla "altılıq" ölkələri arasında ekspertlər səviyyəsində nüvə müzakirələri martın 5-7-də Vyanada keçiriləcək.
APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin beynəlxalq və siyasi məsələlər idarəsinin müdiri Həmid Bəidinejad bildirib.
Onun sözlərinə görə, danışıqlarda "altılıq" ölkələrinin hamısının mütəxəssisləri iştirak edəcəklər və müzakirələr Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsinin xüsusi yardımçısı Stefan Kolmentin rəhbərliyi altında keçiriləcək.
H.Bəidinejad həmçinin deyib ki, martın 17-19-da İranla "altılıq" ölkələri arasında növbəti nüvə müzakirələri keçiriləcək: "Danışıqların İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Ketrin Eşton arasında aparılması qərara alınıb".
"Biz Ukraynadakı vəziyyətdən çox narahatıq". Bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.
Onun sözlərinə görə, İran məsələnin dinc yolla öz həllini tapacağına və bölgədə vəziyyətin daha da böhranlı həddə çatmasının qarşısının alınacağına ümid edir: "Çünki bölgə çox həssas bölgədir".
M.C.Zərif həmçinin deyib ki, İranla "altılıq" ölkələri arasında yekun razılaşmanın həlli bütün sanksiyaların aradan qaldırılmasından keçir: "Əgər "altılıq" ölkələrində yaxşı niyyət və siyasi iradə olsa, həmçinin Cenevrə razılaşmasına uyğun olaraq yanvarın 20-dən qüvvəyə minmiş Birgə Fəaliyyət Proqramına riayət edilsə, bu ilin iyul ayının sonlarınadək yekun razılaşmanın əldə olunması üçün yaxşı şərait mövcuddur. Əsas məsələ İran xalqının etimadını doğrultmaq və onların hüququna hörmət bəsləməkdir. Belə olduğu təqdirdə, İranda sülh məqsədli nüvə proqramının icrası, bütün sanksiyaların ləğv edilməsi və mövcud narahatlığın aradan qaldırılması mümkündür. Bu yol məntiqli bir yoldur və bizim düşüncəmiz tamamilə qəbulediləndir".