Rusiya böyük təhlükə ilə üzləşib Dünya

Rusiya böyük təhlükə ilə üzləşib

20 milyarderi son 2 gündə rublun ucuzlaşması nəticəsində 10 milyard dollar itirib

Cavid

Rusiya iqtisadiyyatında hələlik rəsmi olaraq fövqəladə hal elan edilməsə də son günlər yaşananları başqa sözlə ifadə etmək mümkün deyil. Rus rublu təkcə bir həftə ərzində 20 faizə yaxın ucuzlaşıb. Hazırda bir dollar 80 rubldan da yüksəkdir. Son bir ildə tədricən dəyərdən düşən rus valyutası bu günkü kritik duruma məhz neftin ucuzlaşması və Krımın işğalından sonra Rusiyaya tətbiq olunan sanksiyalar fonunda düşüb.
Lakin rus eksperti İgor Nikolayev rublun dəyər itirməsinin sadəcə sanksiya və neft qiymətlərinin düşməsinə bağlı olmadığını deyir. Onun fikrincə, rublun dəyər itirməsinin daha bir təməl səbəbi var: "Səbəb Rusiya iqtisadiyyatının acınacaqlı vəziyyətidir. İqtisadiyyatımız çox zəifdir və resessiya mərhələsinə girib. İqtisadiyyat zəifdirsə möcüzə gözləməyə dəyməz. Əlbəttə ki, milli pul vahidi dəyərsizləşəcək. Bunun əksini düşünmək, yəni zəif iqtisadiyyatda güclü valyuta olması imkansızdır".
Rublun hər gün ucuzlaşmasından, qiymətlərin isə bahalaşmasından ən çox zərər görən yenə də sadə vətəndaşlardır.
"Mən şok içindəyəm. Heç ağlıma da gəlməzdi ki, rubl bu qədər anidən və belə bir səviyyədə dəyər itirə bilər. Dollar və avro hər gün bahalaşır" – deyə Moskva sakini Svetlana Zinovyeva vurğulayıb.
"Biz bu durumu 98-cı illərdə artıq yaşamışıq. Ancaq o vaxtlar nəyinsə düzələcəyinə ümid vardı. İndi isə heç bir şeyə ümüdimiz qalmayıb" - deyə Moskva sakini Aleksandr Tretyakov bildirib.
Rublun hazır ki, vəziyyəti bugünki hökumət toplantısında da müzakirə edilib. Baş nazir etiraf edib ki, Qərbin sanksiyaları nəticəsində xarici bazarlar Rusiya şirkətləri və bankları üçün demək olar ki, bağlanıb.
Rusiyada böhranın nə qədər və necə davam edəcəyi məlum deyil. Bu gün hamının gözünün önündə ötən əsrin 90-cı illərində mövcud qeyri-stabil, pulun bir dəqiqənin içində sadəcə kağıza çevrildiyi Rusiya canlanır. Bu isə hələ bir neçə ay əvvəl "Krım Naş" deyə qışqıranların radikallığını azaldıb.
Xarici mətbuat da Rusiyada rublun dəyərdən düşməsindən bəhs edib. Yzaılanlarad görə, Rusiyanın ən zəgin 20 milyarderi son 2 gündə rublun ucuzlaşması nəticəsində 10 milyard dollar itirib. Ümumilikdə Rusiya milyarderləri 2014-cü il ərzində 62 milyard dollar vəsait itirib. Qərb jurnalistləri ən çox itkilərə "NOVOTEKA" şirkətinin rəhbəri Leonid Mixelsonun düçar olduğunu iddia edir. Milyarderin sərvəti 2 gündə 9,2 milyarddan 8,7 milyard dollara qədər azalıb. Vladimir Putinin dostu sayılan və mart ayından bəri ABŞ-ın sanksiyalarına uğrayan Qennadi Timçenkonun sərvəti isə 7,8 milyarddan 3,2 milyard dollara qədər azalıb.
Digər zənginlərdən Vladimir Lisin, Əlişir Usmanov, Viktor Vekselberq də çoxmilyonlu maliyyə itkiləri ilə üzləşiblər.
"Sistema" maliyyə-kredir şirkətinin rəhbəri Vladimir Yevtuşenko isə ilin əvvəllrindən 9 milyard dollar vəsait itirərək ən zəngin Rusiya zənginləri siyahısında ilk "20-lik"dən çıxıb.
Rusiyada yaranan mövcud vəziyyətlə bağlı politoloqların maraqlı fikirləri də mövcuddur. Ukraynalı politoloq Vladimir Fesenko bildirib ki, rublun qiymətinin düşməsinə müharibədən başqa heç nə səbəb olmayıb.
O, Putinin ruslar arasında hörmətinin itdiyini bildirib: "Ruslar bu dəqiqə şokdadırlar. Mən elə gəlir ki, rublun qiymətinin düşməsinə müharibədən başqa heç nə səbəb olmayıb. Bu, Rusiyanın aqresiyasının hesabıdır. Onlar fikirləşirdilər ki, heç bir cavab almadan rahat istirahət edəcəklər. İndiyə qədər rusların 80%-i Putini müdafiə edirdi, amma indiki sosial-iqtisadi vəziyyət ucbatından hadisələr dəyişir. Putin rusların istədiyini etmişdi. Amma indi onlar çox böyük cavab ödəməli olacaqlar".
"Rublun iflası və Rusiya iqtisadiyyatının yaşadığı problemlər Krımın zəbt edilməsi və Ukraynaya qarşı müharibənin birbaşa nəticəsidir". Bunu isə Rusiya müxalifətçisi Boris Nemtsov "Facebook" səhifəsində yazıb.
Rusiya müxalifətçisi hesab edir ki, Rusiya prezidenti Vladimir Putin vəziyyəti dəyişdirmək üçün səhvlərini və peşman olduğunu etiraf etməlidir.
"Xalq baş nazir Dmitri Medvedev və Rusiya Mərkəzi Bankının başçısı Elvira Nabiullinanın istefası haqqında danışır. Yaxşı, onları çıxartdılar, nə dəyişəcək? Heç nə. Hökumət və Mərkəzi Bank ölkədə siyasəti müəyyən etmir. Onlar Putinin iradəsinin icraçılarıdır. Krımı tut deyir, tuturlar, Ukrayna ilə vuruş deyirlər, vuruşurlar, ərzaq idxalını qadağan et deyir, edirlər", - Nemtsov bütün problemlərin başında Putinin dayandığını bildirib.
Rusiya müxalifətçisi hesab edir ki, maliyyə iflası Putinin ağılsız və təcavüzkar siyasətinin birbaşa nəticəsidir: "Cənab Putin öz fəaliyyətinin iflasa uğradığını etiraf etməyə hazırdırmı? O, səhvləri etiraf etməyə hazırdırmı? Avropa və Amerika ilə qarşıdurmadan yayınmağa hazırdırmı? Əlbəttə, xeyr", - B.Nemtsov yazıb.
Britaniyalı ekspert Stev Rosenberq isə bildirib ki, Rusiya iqtisadiyyatı Qərbin sanksiyalarının və düşməkdə olan neftin qiymətlərinin təzyiqi altındadır. Ekspertin fikrincə, ucuzlaşmaqda olan rubl fonunda inflyasiya 10 faizə çatıb. Düzdür, Mərkəzi Bankın əsas faizi kəskin şəkildə artırmaq qərarı istehlakçı təşvişinin qarşısını ala bilər. Lakin eyni zamanda əsas faizin qalxması, onsuz da tənəzzül həddinə çatmış ölkədə iqtisadi artımı ləngidər. Dünya Bankı da Rusiya iqtisadiyyatının vəziyyəti barədə proqnozunu mənfiyə doğru dəyişdirib. Maliyyə qurumlarının ekspertlərinə görə, 2015-ci ildə Rusiyanı əvvəl zənn edildiyi kimi durğunluq yox, tənəzzül gözləyir. Dünya Bankının proqnozuna görə, neft bazarlarında vəziyyət dəyişməz qalarsa, Rusiya iqtisadiyyatının həcmi gələn il 0,7 faiz azalacaq. Bununla belə, yaxın günlərdə Moskvaya qarşı sanksiyaların zəifləməsi və ya iqtisadi artım da gözlənilmir. Neft ixrac edən ölkələr hasilatı azaltmaq barədə razılığa gələ bilmədiyindən bu sahədə də vəziyyətin dəyişəcəyi ehtimalı azdır.
"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə deyib ki, axmaq dövlətlər müharibəni dağlarda, meşələrdə, şəhərlərdə aparır, ağıllılar isə banklarda və birjalarda: "Təəssüf ki, ən pis ehtimallarımız özünü doğrultmaqdadır. Rusiya valyutasının faciəsi buna əyani sübutdur. Amma rublun məzənnəsinin düşməsi aysberqin görünən kiçik bir parçasıdır. Əslində ən optimist hesablamalara görə, Rusiyanın ciddi problemləri hələ qarşıdadır. Çünki ölkə iqtisadiyyatının həcminin azalması hələ cəmi 5 faiz civarındadır. Rəqəm kiçik görünə bilər, amma bu, on minlərlə sahibkarın müflisləşməsi, yüz minlərlə insanın mülkiyyətinin dəyərdən düşməsi və milyonlarla insanın yoxsulluğa düçar olması deməkdir. Bu acınacaqlı vəziyyət bir daha sübut etdi ki, ölkə, millət üçün ən böyük fəlakət onu idarə edənlərin iqtisadi təfəkkürünün olmamasıdır. Rusiya prezidenti Vladimir Putin öz ölkəsinin üzləşdiyi problemlərin tək səbəbkarıdır. Ona görə ki, normal iqtisadi inkişaf modeli qurmaq, hüquqi dövlət yaratmaq, insanlara hüquq və azadlıqlar vermək əvəzinə, Putin Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqı adı altında imperiya qurmaq xülyasına düşdü. Siyasəti anlayan hər kəsə yaxşı bəllidir ki, bu xülyaların gündəmə gəlməsinə qədər Qərblə Rusiya arasında kifayət qədər normal əməkdaşlıq mövcud idi".