“Əgər Türkiyə ermənilərin qarşısını almasa...” Dünya

“Əgər Türkiyə ermənilərin qarşısını almasa...”

Vüqar Əskərov: "Çox ciddi nəticələr yaşanacaq"

Güman edilirdi ki, bu il əmək miqrantlarının Ermənistana qayıdışı artacaq və nəticədə ölkəni tərk edən vətəndaşların sayında azalma olacaq. Lakin göründüyü kimi Ermənistandan xaricə əhalinin axını tam gücü ilə davam edir. Bu barədə "Çorrord işxanutyun" qəzeti yazır: "Cari ilin yanvar-noyabr aylarında təkcə hava yolu ilə Ermənistanı tərk edən və geri qayıtmayanların sayı 21862 nəfər olub. İrəvanın "Zvartnoç" beynəlxalq aeroportu vasitəsi ilə 957826 nəfər xaricə səfər edib. Onlardan yalnız 938981-i geri qayıdıb. Gümrüdəki "Şirak" aeroportu vasitəsi ilə 18882 vətəndaş ölkəni tərk edib, yalnız 15865 min nəfər geri qayıdıb". Qeyd edək ki, qardaş ölkə Türkiyəyə də çoxsaylı erməni köçüb.
Ekspert Vüqar Əsgərov bildirib ki, əgər Türkiyə höküməti qardaş ölkəyə köç edən erməni ailələrinin qarşısını almasa, çox ciddi nəticələr yaşanacaq. Onun fikrincə, bəlkə də ermənilər bunu məqsədli şəkildə edirlər. Çünki ermənilərin Türkiyəyə qarşı böyük iddiaları var. Onun sözlərinə görə, 2015-ci ilin aprel ayına ermənilər çox ciddi şəkildə hazırlaşırlar: "Ola bilsin ki, minlərlə erməni Türkiyəyə köçməklə qondarma "erməni soyqırımı"nın növbəti il dönümündə kütləvi iğtişaşlar törətmək istəyəcəklər. Türkiyə höküməti bunun mahiyyətini dərk etməlidir. Əgər ermənilərin köçünün qarşısı alınmasa, bu, qardaş dövlət üçün acınacaqlı nəticələrə gətirib çıxaracaq. Həmçinin Türkiyə dövləti Qarabağ Azərbaycana qaytarılana qədər Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsini də birdəfəlik bağlamalıdır".
Politoloq Qabil Hüseynli bildirib ki, ermənilərin son zamanlar Türkiyəyə olan köçünün qarşısı alınmalıdır. Onun fikrincə, son zamanlar Ermənistanda mövcud olan acınacaqlı sosial durumla əlaqədar olaraq bir çox erməni ailəsi Türkiyə ərazisinə köç edir, qeydiyyatda olmadan Türkiyə ərazisində yaşayır və işləyirlər: "Ümumiyyətlə bu, ermənilərin köhnə xasiyyətidir. Vaxtilə onlar Dağlıq Qarabağ ərazisinə də bu cür köç ediblər. Orada məskunlaşıb və sonradan Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış ediblər. Hətta son dövrlərdə Ararat dağının erməni dağı olması ilə bağlı BMT-yə müraciət də ediblər. Yəni bu xalq fantaziyasına güc verib hər şeyi öz adına mənimsəmək istəyir. Belə olan təqdirdə mənim zənnimcə ermənilərin Türkiyəyə olan köçünün qarşısı alınmalı, ermənilərə qarşı münasibətdə prinsipial mövqe tutulmalıdır. Yoxsa bu gələcəkdə Türkiyə üçün də daha acı nəticələrə səbəb ola bilər. Amma çox təəssüf ki, bu mövqeyi Türkiyə hökuməti hələ ki, sərgiləmir".
Onu da əlavə eədk ki, Türkiyədə qətlə yetirilən erməni jurnalist Hrant Dink adına dərnək isə qondarma erməni soyqırımının 100-cü il dönümü ərəfəsində hesabat hazırlayıb. "Türkiyə-Ermənistan sərhədi, sosial-iqtisadi təsirlər araşdırması" adlı hesabatda bir sıra məqamlara toxunulub. Hesabatda həmçinin Türkiyə-Ermənistan sərhədinin açılmasının hansı müsbət təsirlərinin olacağı barədə müddəalar da yer alıb: "İki ölkə arasında rəsmi ticarət yoxdur, Ermənistan Türkiyə istehsalı olan malları dolayı yollarla idxal edir. Ermənistan mənbələrinə görə, bu ticarətin həcmi illik 250 milyon dollardır. Ticarət Gürcüstan və İran vasitəsilə həyata keçirilir. Əgər sərhəd açılsa, Türkiyənin Ermənistana ixrac etdiyi malların həcmi orta hesabla 2-3 dəfə çox olacaq. Naxçıvan qapısının açılacağı təqdirdə isə İğdır inkişaf edəcək və əhalisinin sayına görə Qarsı üstələyəcək. Sərhəd bölgəsində özəl sektora maraq isə 5 il ərzində indiki ilə müqayisədə artacaq".
Millət vəkili Zahid Oruc bildirib ki, Sarkisyanın hakimiyyətdə olduğu illər ərzində erməni xalqına vurduğu ən böyük zərbələrdən biri ənənəvi olaraq hər zaman dövlətin yanında olan, dünyada bu ölkənin mövqeyini qoruyub saxlayan lobbi birlikləri arasında çox böyük parçalanmaları meydana çıxarmasıdır. Onun sözlərinə görə faktiki olaraq xarici ölkələrin ictimai və siyasi həyatında aktiv mövqeyə malik olan erməni diaspora birlikləri Sarkisyanı tanımır, onu qəbul etmirlər və haqlı olaraq da ona qarşı yardımlarda bulunmurlar: "Bu isə öz-özlüyündə dövlətlə diasporalar arasında ciddi böhran vəziyyəti yaradır və bu onun sonuncu xarici səfərlərində də açıq şəkildə üzə çıxdı. Hətta təşkilatı olaraq lobbi birliklərini ram edib bu görüşlərə gətirməsinə baxmayaraq həmin polemikalar zamanı diaspora təmsilçiləri Sarkisyan rejiminin əleyhinə çox kəskin bəyanatar səsləndirdilər. Mənim fikrimcə bütün bu hadisələr saxta "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə də özünü büruzə verəcəkdir. Yəni vahid mərkəzdən idarə olunan tədbirlərdən danışmaq mümkün olmayacaq yalnız Okeaniyanın bir neçə kiçik dövlətlərini çıxmaq şərtilə, heç bir ölkə bunu qəbul etməyəcək. Sarkisyan erməni xalqına ən böyük pisliyin nümunəsidir. Bütün bunlar Türkiyə və Azərbaycan diasporalarının mövqelərini möhkəmləndirir çünki, bu ölkələrdə dövlətlə xaricdə yaşayan soydaşlar arasında yaxşı birlik və ciddi koordinasiyalar mövcuddur".

Əli