ATƏT-in fəaliyyətdə olan sədri Gürcüstana səfər edib Dünya

ATƏT-in fəaliyyətdə olan sədri Gürcüstana səfər edib

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Gürcüstanda rəsmi səfərdədir. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində Ann Linde Gürcüstan Baş nazirin müavini və xarici işlər naziri David Zalkaliani ilə görüşəcək və tərəflər ATƏT-ə sədrlik edən İsveçlə beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə edəcək. Gürcüstan XİN-in məlumatında qeyd olunub ki, Rusiya-Gürcüstan münaqişəsinin nizamlanması istiqamətində aktiv iştirak İsveçin təşkilata prezidentliyinin əsas prioritetlərindən biridir.

Ann Lindenin səfər çərçivəsində Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş nazir Giorgi Qaxaria, barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvlediani, Gürcüstan parlamentinin sədri Arçil Talakvadze, parlament üzvləri, həmçinin vətəndaş cəmiyyəti ilə İsveçin sədrlik prioritetlərini müzakirə edəcəyi bildirilib.

Qeyd edək ki, Ann Linde daha əvvəl 2020-ci ildə İsveçin XİN başçısı kimi Gürcüstana səfər edib.