ABŞ İranı hərblə hədələyib Dünya

ABŞ İranı hərblə hədələyib

İranlı general: "Amerikanın bölgədəki bütün qüvvələri İranın torundadır"

Cavid

Vyanada İranla "altılıq" ölkələri arasında ekspertlər səviyyəsində növbəti nüvə müzakirələri keçirilir. "Mehr" xəbər agentliyinin verdiyi məlumata görə, bunu İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı bildirib.
Onun sözlərinə görə, danışıqlar martın 7-dək davam edəcək: "Bu müzakirələr texnikidir, ekspertlərin iclasındadır, həmçinin "altılıq" ölkələrinin hamısının mütəxəssisləri iştirak edəcəklər və martın 17-19-da İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Ketrin Eşton arasında keçirilməsi planlaşdırılan növbəti nüvə müzakirələrinə hazırlıq məqsədi daşıyır".
Qeyd edək ki, müzakirələr Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsinin xüsusi yardımçısı Stefan Kolmentin rəhbərliyi altında keçirilir.
Amma bu yaxınlarda İran prezidenti Həsən Ruhaninin ölkəsinin nüvə silahından imtina ediləcəyi ilə bağlı verdiyi açıqlamasına, onun "altılıqla" razılığıa gəlməsinə baxmayaraq ABŞ yenə də rəsmi Tehranı hədələməkdə davam edir. Belə ki, Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdə ABŞ prezidenti Barak Obama deyib ki, ABŞ İrana qarşı hər hansı addımı, o cümlədən hərbi əməliyyatları istisna etmir. ABŞ prezidenti deyib ki, İranla müzakirələrin çətin və uğursuz nəticələnməsi də mümkündür: "Biz İranın "Hizbullah" kimi terrorçu təşkilatları dəstəklədiyini, bunun müttəfiqlərimizi təhdid etdiyini bilirik. Bundan əlavə, ABŞ və İran xalqları arasında inamsızlıq var. Ancaq bu müzakirə etimada əsaslanır. Bizim İranın nüvə silahı istehsal etmədiyinə dair dünya ictimaiyyətini razı salmaq üçün yoxlanılmış tədbirlər əsasında uzunmüddətli müqavilə barədə razılığa gəlməliyik".
Dövlət katibi Kerri də bu günlərdə Kaliforniada ABŞ-İsrail İctimaiyyətlə Əlaqələr Komitəsinin təşkil etdiyi xarici siyasət konfransına Londondan canlı bağlanaraq İran ilə diplomatik danışıqlar üçün qapının aralandığını deyib. "Gözlərinin açıq olduğunu" deyən Kerri - "arzuolunmayan razılıqdansa, heç razılıq olmaması daha yaxşıdır" ifadələrini işlədib. Kerri İran ilə aparılacaq hər hansı müzakirədə İsrailin təhlükəsizlik ehtiyaclarına və şəffaflığa diqqət edəcəklərini qeyd edib.
Onun sözlərinə görə, ABŞ heç vaxt İranın nüvə silahına yiyələnməsini qəbul edə bilməz: "Ancaq hərbi varianta əl atmazdan əvvəl diplomatik yolla problemin həllinin mümkünlüyünü sınaqdan keçirmək lazımdır. Əgər diplomatiya müvəffəqiyyətsizliklə nəticələnərsə, onda daha sərt vasitələrdən istifadə edilməsi məntiqlidir. Hər halda, biz İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyik. Diplomatiya da daimi deyil və bütün variantlar da hələlik masa üzərindədir. ABŞ prezidenti Barak Obama İsrailin təhlükəsizliyi üçün iki əsas problemin həllinin - İranın nüvə silahına yiyələnməsinin qarşısının alınmasının və İsrail-Fələstin münaqişəsinə son qoyulmasının tərəfdarıdır".
C.Kerri həmçinin deyib ki, ABŞ-ın İranla yekun razılaşmanın əldə olunması üçün üç meyarı var: "Birincisi, İranın nüvə silahına yiyələnməyəcəyinə əmin olmalıyıq. İkincisi, nüvə proqramının davamlı şəkildə dinc məqsədli olduğunu iddia edən rəsmi Tehran dünya ictimaiyyətinə bunu isbatlamalıdır. Nəhayət, üçüncüsü, Cenevrə razılaşması bizə İranın nüvə proqramının inkişaf edib-etməməsinə nəzarət imkanı verir. Əgər rəsmi Tehran nüvə silahının istehsalına doğru istiqamət götürərsə, hərəkət etmək üçün kifayət qədər vaxt var".
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif isə İsveçrənin "Neue Zürcher Zeitung" qəzetinə müsahibəsində bildirib ki, ABŞ prezidenti İranın uranı zənginləşdirməsi prosesini sıfıra endirmək istəyində idi. Ancaq Barak Obama arzusunu həyata keçirə bilmədi və sonda həqiqəti qəbul etdi.
Onun sözlərinə görə, ötən il noyabrın 24-də Cenevrədə İranla "altılıq" ölkələri arasında nüvə sahəsində şəffaf şəkildə dörd səhifədən ibarət razılaşma əldə olunub: "Ona görə də tərəflər arasında hər hansı başqa bir gizli anlaşmadan danışmaq yersizdir. Cenevrə razılaşmasına uyğun olaraq da Birgə Fəaliyyət Planının icrası üçün şifahi bir müqavilə bağlanıb. Heç bir gizlədiləcək məsələ də yoxdur. Həmin razılaşma da İranın nüvə obyektlərinin müşahidəsini həyata keçirən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərinin öhdəliklərini və rəsmi Tehranın xarici banklardakı dondurulmuş bir hissəsinin qaytarılması ilə bağlı məsələləri özündə ehtiva edir. Ancaq buna baxmayaraq, bu xülasənin ABŞ tərəfindən səhv və birtərəfli şəkildə açıqlanması təəssüf doğurur. Ona görə də qarşı tərəfin bu oyununun bir parçası olmaq istəmirəm".
M.C.Zərif deyib ki, İrana qarşı tətbiq edilmiş sanksiyalar uranın zənginləşdirilməsi fəaliyyətlərinin təxirə salınmasına səbəb ola bilməz: "Bu sanksiyalar İranın nüvə obyektlərində 19 min sentrifuqanın quraşdırılmasına da mane ola bilmədi. Əgər İrana qarşı sanksiyalar sərtləşdirilərsə, sentrifuqaların sayı artırılacaq".
"Fars" agentliyinin verdiyi xəbərə görə isə İran Silahlı Qüvvələrinin Baş Qərargah komandanının müavini general Məsud Cəzairi bildirib ki, bölgədəki ABŞ qüvvələrinin hamısı İranın torundadır. O, ABŞ prezidenti Barak Obamanın hədə dolu son bəyanatının gülünc olduğunu söyləyib: "ABŞ prezidenti Barak Obama və dövlət katibi Con Kerri İrana qarşı hərbi seçimin həmişə gündəmdə və müzakirə obyektində olduğunu deyirlər. Amerikanın bölgədəki bütün qüvvələri İran İslam Respublikasının torundadır. Əgər amerikalılar səhv etsələr, bölgə onlar üçün cəhənnəmə çevriləcək. B.Obamanın ABŞ qüvvələrinin bölgədəki sayı və təsiri ilə bağlı fikirləri düzgün deyil. Bunu "ilin lətifəsi" kimi başa düşmək olar. İndi amerikalı rəsmilər sözlərində tərəddüd edirlər".
Bundan bir müddət öncə İran hüquq-mühafizə qüvvələrinin komandanı, general İsmayıl Əhmədi Müqəddəm də İrana qarşı hərbi variantların tətbiqi gündəmdə olduğunu deyib. Onun sözlərinə görə, bununla bağlı irəli sürülən iddialar tamamilə gerçəkdir və bu cür planlar həqiqətən mövcuddur: "Əgər düşmənlərimiz hərbi variantın uğurlu olacağına əmin olsalar, onu icra etməkdə tərəddüd belə etməyəcəklər".
Qeyd edək ki, başda ABŞ və İsrail olmaqla, Qərb ölkələri İranı bu niyyətindən daşındırmaq üçün Tehrana qarşı hərbi müdaxilə variantını gündəmdə saxlayır. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İran ərazisini hədəf alan 320 ədəd "Tomahawk" raketlərini Fars körfəzinə cəmləyir. Bu məlumatlar ABŞ-ın hərbi dəniz donanmasının regionla bağlı hazırladığı analitik hesabatda öz əksini tapıb. Hazırda Fars körfəzi və Ərəb dənizinə nəzarət edən ABŞ-a aid beşinci hərbi əməliyyatlar donanmasında "Abraham Lincoln" və "Carl Vinson" təyyarədaşıyan gəmilər var. ABŞ regionda yaranmış gərginlik üzündən bölgəyə 2 təyyarədaşıyan gəmi, 2 kreyser, 26 qanadlı raket, 8-56 ədəd qanadlı raket daşıyan hərbi gəmi və 2 ədəd "Annapolis" sualtı qayığı yerləşdirib.