Arseni Yasenyuk hərbçilərə vəd verdi Dünya

Arseni Yasenyuk hərbçilərə vəd verdi

"Xəzinəmizin boş olmasına baxmayaraq, Krımda təcavüzkara təslim olmayan Ukrayna hərbçilərinə lazımi qayğı göstəriləcək"

"Ukrayna Nazirlər Kabineti bu gün Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün əlavə maliyyə təminatı və ödəmələr barədə qərar qəbul edəcək".
APA-nın Ukraynanın "censor.net" saytına istinadən verdiyi məlumata görə, bunu Nazirlər Kabinetinin iclasında baş nazir Arseni Yasenyuk deyib. O, Krım Muxtar Respublikası ərazisindəki Ukrayna əsgərləri və dənizçiləri ilə qürur duyduqlarını söyləyib: "Bu insanlar Ukrayna xalqına sədaqət andı içiblər və bu andı yerinə yetiriblər. Ukrayna Silahlı Qüvvələrinin təcavüzkara təslim olmaması bu gün Ukraynada mövcud olan yüksək vətənpərvərlik ruhu və milli ləyaqət hissinin göstəricisidir".
A.Yasenyuk bir gün əvvəl müdafiə və maliyyə nazirlərindən Ukrayna Silahlı Qüvvələrinə yardım məqsədilə dərhal müvafiq qərar layihələri hazırlanmasını istədiyini açıqlayıb: "Bu gün xəzinəmizin boş olmasına baxmayaraq, hökumət Ukraynanın qəhrəmanları üçün hər şeyi edəcək ki, onlar Ukrayna dövlətinin hörmət və qayğısını hiss etsinlər".