Ermənilərin qəzəbi soyumur Dünya

Ermənilərin qəzəbi soyumur

Mixail Neyjmakov: "Keçmiş SSRİ-nin istənilən ölkəsində bir ailənin öldürülməsi xalqı ayağa qaldırardı"

Cavid

Gümrüdə bir ailənin qətlində ittiham edilən rus hərbçi Valeri Permyakovun istintaq çəkilişi yayılıb. Valeri Permyakov erməni müstəntiqlərə ifadə verib. Permyakovun dindirilməsi vəkil və tərcüməçinin iştirakı ilə keçirilib. Permyakov ifadəsində qətli necə həyata keçirdiyini bildirib. Bu videonun yayımlanması ermənilərin ruslara qarşı nifrətini daha da alovlandırıb. Bu məsələ hələ də çözülməkdədir.
Qeyd edək ki, Rusiyanın Gümrüdəki 102 saylı hərbi nazasının əsgəri Valeri Permyakov bir erməni ailəsini qətlə yetirib. Bu ölkədə etiraz aksiyalarına səbəb olub. Ermənilər 7 nəfəri öldürən Permyakovun Ermənistanda mühakimə edilməsini tələb edirlər.
Rusiya Qlobalizasiya və Sosial Hərəkətlər İnstitutunun beynəlxalq siyasətin analizi mərkəzinin rəhbəri Mixail Neyjmakov bildirib ki, belə insidentlər dünyanın istənilən ölkəsinin ordusunda yer ala bilər: "Məsələn, ABŞ ordusunda da dəfələrlə əsgərlərin bu tipli gözlənilməz "partlayışları" olurdu. Adətən belə insidentlər əsgərin öz əsgər və zabit yoldaşlarına qarşı silah işlətməsi ilə müşahidə olunurdu. Məsələn, ötən ilin aprelində ABŞ-ın Texasdakı Fort-Hud hərbi bazasında əsgər Lopes 3 əsgər yoldaşını öldürmüş, 16 nəfərini isə yaralamışdı. Hərbi hissəni özbaşına tərk edən amerikalı əsgərlərin başqa ölkələrin dinc sakinlərə qarşı silah işlətməsi faktları da yetərincədir.
Məsələn, dünya mətbuatı hələ də 2012-ci ilin martında ABŞ ordusunun serjantı Robert Beylsin törətdiklərini xatırlayır. O zaman Beyls Əfqanıstanda hərbi hissəni özbaşına tərk etmiş və bir kəndin xeyli dinc sakinini güllələmişdi. Odur ki, Gümrüdə baş verən hadisə dünyanın istənilən ölkəsində baş verə bilərdi. Amma bu insidentin xarici ölkədə yerləşən Rusiya bazasında baş verməsi və ölənlərin də bu ölkənin vətəndaşları olması, sözsüz ki, baş verənlərə siyasi çalar qatdı. Bu tipli insidentlərin nəticələrinin dövlətlərarası münasibətlərə təsir etməsini nəzərə alaraq, Rusiyanın başqa ölkələrin ərazisində yerləşən hərbi bazalarına əsgər seçimində xüsusi diqqətli olması lazımdır. Amma digər tərəfdən, sağlam məntiq onu deyir ki, təəssüf ki, insanın hansı addım atacağını 100 faizlik proqnozlaşdırmaq mümkün deyil.
Bunlardan əlavə, Gümrüdəki son hadisələr Rusiya rəhbərliyində Qarabağla bağlı Ermənistana müəyyən təzyiqlər edilməsinin tərəfdarı olan qüvvələri, yaxın aylarda bu ölkəyə yönəlik siyasətdə gözlənilməz addımlardan çəkinməyin tərəfdarlarına çevirib".
Politoloq onu da bildirib ki, keçmiş SSRİ-nin istənilən ölkəsində bir ailənin öldürülməsi xalqı ayağa qaldırar və kütləvi qarşıdurma yaranardı. Gümrü əhalisinin baş verənlərə münasibəti gözlənilən idi: "Məncə, Gümrü hadisələrindən sonra Moskva rəsmi İrəvana qarşı hansısa xırda güzəştlərə gedəcək ki, Ermənistan rəhbərliyi həm emosiyaya qapılan əhalini, ictimai rəyi sakitləşdirə bilsin, həm də siyasi müxalifətlə diskussiyalarda Rusiya ilə müttəfiqliyin lehinə əlavə arqumentlərə sahib olsun. Amma bu güzəştlər Rusiya-Azərbaycan münasibətlərindəki dəyişikliklər hesabına edilməyəcək. Rəsmi Bakı ilə münasibətlərin yaxınlaşması üçün Moskva 2014-cü ildə xeyli əziyyəti ona görə çəkməyib ki, anidən baş verən bu tip münaqişəyə görə geosiyasi maraqlarını zərbə altına qoysun. Amma bu hadisə rəsmi İrəvana Moskva ilə müxtəlif sahələrdə bazarlıq üçün əlavə üstünlüklər yaratdı. Yəni çox güman ki, ermənilər Rusiya ilə Gümrü "bazarlığına" başlayıb, əlavə güzəştlər əldə etməyə çalışacaqlar".