Kuleba Şoyqunun sərhəddə Rusiya ordusunun təlimlərinin başa çatdığına dair bəyanatını şərh edib Dünya

Kuleba Şoyqunun sərhəddə Rusiya ordusunun təlimlərinin başa çatdığına dair bəyanatını şərh edib

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın Ukrayna ilə sərhəddən qoşunları geri çəkməsinə münasibət bildirib.

APA-nın Ukrayna Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi xəbərə görə, D. Kuleba Rusiya müdafiə naziri ordu generalı Sergey Şoyqunun ölkəsi ilə sərhəddə Rusiya ordusunun təlimlərinin başa çatmasına dair bəyanatını müsbət qiymətləndirib.

“Əgər həqiqətən Rusiya Ukrayna ilə sərhəddən orada yerləşdirdiyi böyük sayda hərbi qüvvələrini geri çəkərsə, bu, gərginliyi azaldacaq. Ancaq xatırlamalıyıq ki, bu addım nə mövcud gərginliyə, nə də ümumiyyətlə Ukrayna ilə Rusiya arasındakı münaqişəyə son qoyacaq”, - deyə nazir bildirib.

D. Kuleba qeyd edib ki, Ukrayna Rusiyadan daha konstruktiv addımlar görmək istəyir. Onun sözlərinə görə, Rusiya qoşunları təhlükəli təlimlər keçməklə Ukrayna üçün real təhlükə yaradırdı: “Rusiya hələ də Ukraynaya, ATƏT-ə və beynəlxalq ictimaiyyətə Ukrayna ilə sərhəddə hücum silahları ilə təchiz edilmiş bu qədər sayda qüvvəni, bu qədər çox sayda əsgəri niyə gətirdiyinə dair izahat verməyə borcludur. Beynəlxalq tərəfdaşlarımıza Rusiyanın eskalasiyasına qarşı qətiyyətli və vaxtında verdikləri reaksiya üçün minnətdarıq”.

Ukraynalı nazir vurğulayıb ki, qətiyyətli dəstək Rusiyanı bu təhlükəli təlimləri başa çatdırmaq qərarını verməyə sövq edib: “Ukrayna tərəfdaşlarını sayıqlığı itirməməyə, vəziyyəti yaxından izləməyə və Rusiyanı çəkindirmək üçün daha aktiv addımlar atmağa çağırır”.