Ukrayna “olum və ya ölüm” məsələsi qarşısında Dünya

Ukrayna “olum və ya ölüm” məsələsi qarşısında

Leonid Kuçma: "Bizə, faktiki olaraq, ultimatum verilib"

Ukraynanın keçmiş prezidenti Leonid Kuçma "Qolos Ukrainı" qəzetinə verdiyi açıqlamasında deyib ki, Putin Ukraynaya ultimatum verib. "Bizə, faktiki olaraq, ultimatum verilib. Ya biz Putinin şərtlərini qəbul edib müqaviməti saxlayacağıq, ya da müstəqil dövlət kimi fəaliyyət göstərməyi dayandıracağıq. O, öz hədəfinə çatmaqdan ötrü heç bir itki qarşısında geri çəkilməyəcək", - Kuçma deyib. Keçmiş prezidentin sözlərinə görə, Putin özünü elə aparır ki, elə bil, Minskdə razılaşma olmayıb. Bu ultimatum ,təkcə, Ukraynaya deyil, eyni zamanda, bütün Qərb dünyasına da aiddir.
Məsələni şərh edən Azərbaycan Siyasi Araşdırmalar Mərkəzinin sədri, politoloq Elman Nəsirli bu məsələdə qarşıdurmaların daha da gərginləşəcəyindən xəbər verib: "Kuçma Ukraynanın keçmiş prezidenti olaraq, Rusiya ilə danışıqlar prosesində iştirak edən tərəfdir. Ukrayna siyasətinin padşahlarından sayılan, siyasi prosesləri düzgün qiymətləndirən Kuçmanın fikirləri hər zaman diqqəti cəlb edir. Onun son fikri onu göstərir ki, Ukrayna artıq "olum və ya ölüm" məsələsi qarşısında qalıb. Hadisələr Ukraynadakı böhranın daha da mürəkkəb mərhələyə keçməsinə işarədir. Problem öz həllini tapmasa, Avropada yeni böyük bir müharibə ocağının yaranması labüdləşə bilər. Bu o halda baş verə bilər ki, Qərb tərəfindən Ukrayna silahlandırılsın. Rusiya indiyə qədər münaqişə tərəfində olmadığı iddiasını da edir. Yeni reallıqda artıq Rusiya tərəfi birbaşa münaqişənin tərəfi kimi də çıxış edə bilər. Aktiv müstəvidə isə qarşıdurma formalaşa bilər".
Politoloqun sözlərinə görə, hadisələrin nəzarətdən tamamilə çıxması istisna olunmur. Problemə Rusiya-Ukrayna böhranı kimi yanaşmaq səthi xarakter daşıyır: "Ukrayna böhranı Avropanın mərkəzində yeni böyük qlobal müharibə ocağının közərməsinin və alovlanmasının bütün elementlərini özündə saxlayır. Hadisələrin bundan sonrakı gedişatı, dünyanın bu məsuliyyəti dərk etməsindən asılı olaraq, baş verə biləcək. Məsuliyyət dərk edilərsə, kompromis aparıla biləcək. Dünyanın aparıcı liderləri məsuliyyəti qəbul edə bilmirlərsə və siyasi ambisiyalar hər şeyi üstəliyirsə, Ukraynada proseslər ən arzuolunmaz, qara ssenari üzrə inkişaf edə bilər".