“Əgər Rusiyada iqtisadi vəziyyət gərginləşməyə doğru gedərsə... Dünya

“Əgər Rusiyada iqtisadi vəziyyət gərginləşməyə doğru gedərsə...

Natiq Cəfərli: "Bu, özünü mütləq Ermənistan iqtisadiyyatında göstərəcək"

"Ermənistan 2015-ci ildə post-sovet məkanında ən çox tənəzzülə uğramış ölkələrdən biri olacaq". Bunu iqtisadçı- ekspert Natiq Cəfərli deyib. O, Rusiyadakı iqtisadi çöküşün Ermənistanı daha da yoxsullaşdıracağını bildirib: "Ermənistanın iqtisadi durumu Rusiyadan asılıdır. Ermənistanda ümumi daxili məhsulun (ÜDM) təqribən 60, ölkəyə gələn valyuta axınının isə 80 faizi Rusiya ilə bağlıdır. Bu gün Rusiyanın özündə iqtisadi vəziyyət pisləşib. Rusiyada yaranmış iqtisadi böhran post-sovet məkanında ən çox Ermənistana təsir edir. Rublun dəyərdən düşməsi Ermənistana gələn valyuta axınını zəiflədib. Bütün bu proseslər təbii ki, Ermənistanda iqtisadi vəziyyətin daha da ağırlaşacağına işarə verir. Bundan sonra Rusiyada vəziyyət ağırlaşdıqca paralel olaraq Ermənistanda da vəziyyət gərginləşəcək. Tezliklə Ermənistanın milli valyutası olan dramın daha çox devalvasiyaya uğramasını və dəyərdən düşməsini görəcəyik. Onsuz da böhrandan öncə Ermənistanın iqtisadi durumu ağır vəziyyətdə idi. Çünki Ermənistan illərdir öz işğalçı siyasəti nəticəsində regionda gedən böyük iqtisadi layihələrdən kənarda qaldı. Bu da ölkənin iqtisadi vəziyyətinin daha da çətinləşməsinə gətirib çıxardı. Bütün bunlar ona gətirib çıxaracaq ki, Ermənistan 2015-ci ildə post-sovet məkanında ən çox tənəzzülə uğramış ölkələrdən biri olacaq. Əgər Rusiyada iqtisadi vəziyyət yaxın 2 ildə proqnozlaşdırıldığı kimi gərginləşməyə doğru gedərsə, bu özünü mütləq Ermənistan iqtisadiyyatında göstərəcək".
Qeyd edək ki, Ermənistan Mərkəzi Bankının açıqlamasına görə, ölkənin beynəlxalq valyuta ehtiyatları 2015-ci ilin yanvarında 900 milyon dollar azalaraq, 1 milyard 351 milyon dollar təşkil edib. Bu, son altı ildə ən aşağı hədd hesab olunur.

Əli