11:55
385
“Lavrovun açıqlamasını Aİ-nin Rusiyaya qarşı sanksiya siyasətinin sərtləşməsinin göstəricisi kimi qiymətləndirmək olar. Avropa artıq yalnız maliyyə və iqtisadi məhdudiyyətlərlə kifayətlənmir, Rusiyanın xarici ticarət imkanlarını da məhdudlaşdırmağa çalışır. Xüsusilə Rusiya ilə əlaqəli gəmilərə və yük daşımalarına yönələn tədbirlər Moskvanın gəlirlərinə və logistika imkanlarına təzyiqi artırır. Bu, sanksiya siyasətinin daha praktik və sərt xarakter aldığını göstərir”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu söyləyib.
Politoloqun sözlərinə görə, Lavrovun sərt ifadələri isə Moskvanın bu addımları adi iqtisadi məhdudiyyət kimi deyil, Rusiyanın strateji maraqlarına qarşı yönəlmiş tədbir kimi qəbul etdiyini göstərir: “Rusiya bununla həm Aİ-yə siyasi mesaj verir, həm də mümkün cavab tədbirlərinin gündəmə gələ biləcəyinə işarə edir. Prosesə digər tərəfdən baxsaq, Aİ-nin mövqeyi Ukraynaya dəstəyin davam etdirilməsi və Rusiyanın müharibəni maliyyələşdirmək imkanlarının zəiflədilməsi üzərində qurulub. Bu səbəbdən qarşıdakı dövrdə sanksiyaların daha da genişləndirilməsi ehtimalı yüksəkdir”.
E.Telmanoğlu düşünür ki, əsas risk isə qarşıdurmanın iqtisadi sanksiyalar çərçivəsindən çıxaraq dəniz nəqliyyatı və ticarət sahəsində qarşılıqlı addımlara çevrilməsidir: “Bu baş verərsə, Rusiya–Aİ münasibətlərində gərginlik daha da dərinləşə və bunun beynəlxalq ticarətə də təsirləri arta bilər”.
Röya İsrafilova