“Bu, Rusiya üçün ağır iqtisadi nəticələr doğura bilər” Gündəm

“Bu, Rusiya üçün ağır iqtisadi nəticələr doğura bilər”

“Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketini tam olaraq qəbul etdi. 23 iyulda elan olunan bu paket kifayət qədər mübahisəli idi. Bir sıra Avropa dövlətləri, o cümlədən Yunanıstan, Bolqarıstan, İtaliya, Fransa, Almaniya, Polşa, Avstriya bu paketə ciddi etiraz edirdilər. Yunanıstanın etirazı Rusiyadan LNG-nin (maye qazın) üçüncü ölkələrə daşınmasına qadağa ilə bağlı idi və əsas etiraz edən, paketin önündə veto qoyan da məhz Yunanıstan idi”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Ş.Cəlilzadə qeyd edib ki, Yunanıstan Ukraynaya qarşı müharibənin başlanmasından (24 fevral 2022) öncəki sazişlər üzrə LNG-nin daşınmasına güzəşt əldə edərək vetosunu geri götürdü: “Bolqarıstan Moskva Patriarxı Kirillin sanksiya siyahısına salınmasına etiraz etmişdi, Patriarx siyahıdan çıxarıldı və Bolqarıstanın etirazı aradan qaldırıldı. İtaliya Patriarx Kirill və balıqçılıq məhsullarına dair məhdudiyyətlərə müəyyən yumuşalmalar əldə etdi. Fransa Rusiyanın müharibədə iştirak edən hərbçilərinin Aİ-yə girişinə qadağaya etiraz etmişdi, tam qadağa paketə salınmadı, amma gələcəkdə yenə müzakirəyə çıxarılacaq. Almaniya, Fransa və Polşanın etirazı ilə balıqçılıq sahəsindəki qadağalar paketdən tam çıxarıldı. Avstriya Rusiya investisiya şirkətinin sanksiya paketindən çıxarılmasını tələb edirdi, lakin bu istəyinə dair hüquqi güzəşt əldə etmədi”.

O əlavə edib ki, bəhs olunan ölkələr özləri üçün istisnalar əldə edərək paketi qəbul edib, onun qüvvəyə minməsinə imkan verdilər: “Burada ən böyük güzəşt Yunanıstana verilən güzəşt idi. Bu sanksiyalar Rusiyaya enerji, yükdaşıma-gəmiçilik, iqtisadi-maliyyə, kriptovalyuta sahələrində tətbiq olunan məhdudiyyətlərin daha da sərtləşməsi deməkdir. Rusiya üçün bu, təbii ki, arzuolunan hal deyil. Xüsusilə 40-dan çox “kölgə donanması” gəmisinin sanksiya siyahısına salınması Rusiya üçün ağır iqtisadi nəticələr doğura bilər. Belə ki, indiyədək Rusiya vəsaitlərinin dondurulmasından söhbət gedirdisə, bundan sonra müsadirədən söhbət gedəcək. Bu, əslində fiziki müdaxilə və müsadirə olunacaq iqtisadi aktivlərin realizasiyası deməkdir. Lavrovun etirazı da bununla əlaqədardır. O, bunu piratlıq, qarət halı ilə müqayisə edib və əslində bu müqayisəsində tam olaraq haqsız sayılmaz”.

Ş.Cəlilzadənin sözlərinə görə, 17-18-ci əsrlər Avropasında piratlıq özünün “qızıl dövrünü” yaşayırdı: “Lakin Putinin müvafiq davranışa eyni tərzdə cavab veriləcək açıqlaması dünyada gəmiçiliyin artıq sərbəst olmayacağı anlamına gəlir. Rusiya-Ukrayna müharibəsi bir tərəfdən, ABŞ-İran müharibəsi digər tərəfdən II dünya müharibəsindən sonra yaradılan beynəlxalq hüquqa əsaslanan sərbəst gəmiçilik, azad beynəlxalq sularla bağlı vəziyyəti kökündən dəyişməkdədir. Bütün bunlar müasir beynəlxalq hüququn işləkliyini itirməkdə olduğunun ən bariz göstəriciləridir”.

Röya İsrafilova