Rusiyanın MDB məkanında yaratdığı konfliktlər Dünya

Rusiyanın MDB məkanında yaratdığı konfliktlər

Bu münaqişələrin arxasında dayanan "Şimal ayısı"nı necə zərərsizləşdirmək olar?

Cavid

Bu gün dünyada 50-dən artıq münaqişə ocağı mövcuddur. Onlardan bir neçəsi isə MDB məkanındadır. İngiltərənin nüfuzlu "Qardian" qəzetinin 2010-cu ildə apardığı araşdırmaya əsasən, ən qaynar nöqtələrin siyahısında münaqişələrlə dolu Şimali və Cənubi Qafqaz bölgəsi 8-ci yeri tutub.
Regionun "barıt çəlləyi" Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycanın Qarabağla bağlı yaşadığı anoloji problemlər Gürcüstanda da təkrarlanıb. 1992-ci ildə Gürcüstanın nəzarətindən çıxan gürcü-abxaz münaqişəsi Rusiyanın dəstəyi ilə 1993-cü ildə ikincinin xeyrinə nəticələnib. Gürcüstanın şimal-qərbində yerləşən separatçı rejim de-fakto müstəqil olsa da, de-yure dünya dövlətlərinin əksəriyyəti tərəfindən tanınmır. Nikaraqua, Venesuela, Nauru və Vanuatu istisna olmaqla, Abxaziya bütün dövlətlər tərəfindən Gürcüstanın tərkib hissəsi kimi qəbul olunur.
Rusiyanın başqa dövlətlərə qarşı oynadığı etnik-siyasi metodlar öz ərazisindən də yan keçmir. Dağıstan, Çeçenistan, İnquşetiya faktorları və indi bu ölkənin tərkibində olan xeyli regionlar var ki, bütün bunlar "Şimal ayısı" üçün təhlükə mənbəyidir. Radikal-dini ideoloji baxışlara malik terrorçu qrupların Şimali Qafqazdakı fəaliyyəti təbii ki, Kreml rəhbərliyini ciddi narahat edir. Şimali və Cənubi Qafqaz region üçün əsl "barıt çəlləyidir".
"Sovetdənqalma əmanətlər"dən biri də Dnestryanı münaqişədir. Moldova Respublikası parlamentinin 1989-cu ildə qəbul etdiyi qərara görə, moldovan dili rəsmi dövlət dili elan olunub və kiril əlifbasından latın əlifbasına keçilib. Bu qərarın yerlərdə tətbiqi ciddi narazılıqlar yaradıb. Əsasən Dnestryanı rayonların ruslardan və benderlərdən ibarət əhalisi bu addımları moldovanların hakim millətə çevrilməsi, ölkədə yaşayan digər xalqların isə ikinci dərəcəli hesab olunması kimi qəbul edir. Bununla da separatçılıq meylləri körüklənərək, miqyası genişləndirilib. Beləliklə 1990-cı ilin dekabrında Moskvadan gələn sifariş əsasında referendum keçirilərək Dnestryanı bölgə "müstəqil dövlət" elan olunur. Moldova tərəfinin bununla razılaşmaması problemi hərbi müstəviyə gətirib çıxarır. 1992-ci ildə başlayan və bir neçə ay davam edən silahlı münaqişə iyul ayında Moldovanın Dnestr çayının sol sahillərinə nəzarəti itirməsi ilə yekunlaşır. İyulun 22-də Rusiyanın vasitəçiliyi ilə Tiraspolla Kişinyov arasında atəşkəs sazişi imzalanır. Atəşkəs sənədinə əsasən, təhlükəsizlik zonası yaradılır və sülhyaratma əməliyyatlarına birgə sülhməramlı qüvvələr cəlb olunur. Qüvvələr nisbəti isə belə müəyyənləşdirilib: Moldovadan 300, Dnestryanıdan 300, Rusiyadan isə 500 hərbçi. O vaxtdan problemin həlli istiqamətində danışıqlar davam edir.
Kremlin son zamanlar SSRİ modelinə söykənən Avrasiya İttifaqına keçmiş MDB ölkələrini cəlb etmək niyyətlərinin Mərkəzi Asiya regionundan da yan keçməyəcəyini göstərir. Artıq Qazaxıstan Gömrük İttifaqına qoşulmaq barədə qərar verib. Ancaq digər ölkələr olan Tacikistan, Qırğızıstan, Türkmənistan və Özbəkistan Rusiya prezidenti Putinin neoimperiya ideyalarına tam olaraq dəstək vermirlər. Bütün bu problemlərlə yanaşı, Mərkəzi Asiyada etnik münaqişə ocaqları da yox deyildir. Qırğızıstanın Oş vilayətində özbəklər kompakt şəkildə yaşayırlar və Rusiyanın xüsusi xidmət orqanları vaxtilə burada özbəklərlə qırğızlar arasında milli zəmində toqquşmalara nail olmuşdu. 2012-ci ildə rəsmi Daşkəndin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməsindən sonra Rusiya ilə münasibətlərdə soyuqluq yaranmasının ardından Moskvanın Daşkəndə qarşı etnik kartdan istifadə edəcəyi şəksizdir.
Moskva, necə deyərlər, bir əldə iki qarpız tutaraq, Tacikistanı da etnik özbək əhalisi ilə qorxudur. Görünür bunun nəticəsidir ki, Tacikistan prezidenti İmaməli Rəhman Rusiya bazalarının 2050-ci ilə qədər ölkəsində qalması haqqında razılaşmaq məcburiyyətində qalıb. Tacikistanda taciklərdən sonra çoxluq təşkil edən özbək əhali (1.5 mln nəfər) ilə toqquşma bir neçə də baş verib.
MDB məkanı üçün əsas problemlərdən biri də Xəzər gölünün hüquqi statusu ilə bağlı yaranmış fikir ayrılıqlarıdır. Beş ölkə - Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran Xəzər dənizini bölüşdürməkdə çətinlik çəkir. Əvvəllər Xəzər İranla bölüşdürülmüşdüsə, Sovetlər Birliyi dağıldıqdan sonra bu ittifaqdan ayrılaraq müstəqilliklərini elan etmiş Xəzəryanı dövlətlər də özlərinə pay götürdülər. İran və Türkmənistanın status məsələsində tutduğu mövqedən geri çəkilməməsi vəziyyəti düyün nöqtəsinə gətirir. Xəzəryanı dövlətlərin hər biri öz iqtisadi və siyasi maraqlarını önə çəkərək daha çox pay götürmək istəsə də, toqquşan maraqlar fonunda bu qeyri-mümkün görünür. Hazırda Rusiya, Qazaxıstan və Azərbaycan arasında dənizin dibinin milli sektorlara bölgüsü haqqında müqavilə olsa da, Xəzərin statusu məsələsi hələ ki, tam həll olunmayıb. İran və Türkmənistan Xəzərin hüquqi statusu məsələsində nümayiş etdirdiyi fərqli və həm də qeyri-konstrukriv mövqe aradan qalxmamış, bu iki dövlətin dənizin Azərbaycan sektorunda yerləşən bəzi yataqlara olan iddiaları Xəzəryanı dövlətlər arasında münasibətləri bir qədər də gərginləşdirir. 1990-cı illərin əvvəllərindən Xəzərlə bağlı başlayan danışıqlar isə hələlik tam həllini tapmayıb.
Amma o da faktdır ki, MDB məkanında mövcud olan münaqişələrin ssenarisi rəsmi Moskva tərəfindən yazılıb, həyata keçirilib. Onların bu vaxtadək həll olunmasına da rəsmi Moskva maneçilik törədir.
MDB iştirakçısı olan ölkələrin dövlət başçıları hər dəfə bir araya gəldikdə münaqişələrin həllindən söz açırlar, qətnamələr qəbul edirlər. Məsələn, MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən sammitində qəbul edilmiş Bəyanatda deyilir: "MDB-də mövcud münaqişələrin qarşılıqlı etimad tədbirlərinin möhkəmlənməsi, beynəlxalq hüququn prinsip və normaları əsasında dinc yolla tənzimlənməsi MDB-nin uğurlu inkişafı üçün mühüm şərt olacaqdır".
Sənəddə qeyd edilir ki, tərəflər vətəndaşların təhlükəsizliyinin etibarlı təmin edilməsi üçün bundan sonra da terrorizmə və ekstremizmin digər zorakı təzahürlərinə, qanunsuz miqrasiyaya və insan alverinə, habelə narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlığı möhkəmlətmək niyyətindədirlər. Lakin bu yazılanlar elə sənəd üzərində qalır, Moskvanın imperialist siyasəti sənəddə göstərilən prinisplərin həyata keçməsinə imkan vermir.
Konfliktoloq Arif Yunusun fikrincə, bəşəriyyət elə münaqişələr tarixindən ibarətdir. Ekspert hesab edib ki, həmişə baş verən siyasi qarşıdurmalar bundan sonra da davam edəcək. Onun sözlərinə görə münaqişələr siyasi situasiyalarda "müsbət hal" sayılır: "Münaqişə sözünün mənası problem yaranması anlamını ifadə edir. Bu problemlər ya dinc yolla, ya da zor üsulları ilə həll olunur. Üçüncü bir variant yoxdur. Biz bu münaqişələri qəbul etməliyik və başa düşməliyik. Bütün bunlar normal hesab olunur".
Politoloq Mübariz Əhmədoğlu isə bildirib ki, SSRİ məhz bu münaqişələrə görə dağıldı: "Bu istiqamətdə ilk münaqişə Dağlıq Qarabağ oldu. Yəni bu münaqişə məhz SSRİ-ni dağıtmaq üçün ortalığa atıldı. Ondan bir qədər sonra Dnestryanı problem yarandı. Bir az keçdi, Gürcüstan ərazisindəki münaqişələr yarandı. Və nəhayət bu günə qədər bu sadaladığım münaqişələr davam edir. Mən MDB-yə münaqişələri həll edən qurum kimi yox, onlara təkan verən, inkişaf etdirən və bunlardan özünün mövcudluğu üçün yararlanan bir struktur kimi baxıram".
Onun sözlərinə görə, MDB məkanında ərazi bütövlüyünün pozulması halları uzun müddət Qərbi narahat etməyib. Hətta Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü pozması Qərb tərəfindən müəyyən mənada müsbət qarşılanıb. Politoloq deyib ki, Qərbin MDB məkanında ərazi bütövlüyü prinsipinə ən əcaib münasibətlərindən biri yaxınlarda baş verdi: "Qaqauziya Moldovanın tərkibindən ayrılıb, Gömrük İttifaqına girmək haqqında referendum keçirildi. Qaqauziyanın bu addımının səbəbi Moldovanın Aİ ilə Assosiativ üzvlük haqqında müqaviləni imzalamasıdır. Aİ-nin rəsmi müşahidəçiləri bu referendumun monitorinqini apardılar və Qaqauziyanın Moldovadan ayrılması barədə referendumun demokratik keçirildiyini bəyan etdilər. İndi həmin Qərb Ukraynanın ərazi bütövlüyü uğrunda mübarizə aparır".
Əhmədoğlunun sözlərinə görə, Qərb ərazi bütövlüyü prinsipini müdafiə edə bilməyəcək, yaxınlarda mövqeyindən geri çəkiləcək: "Amma indi ABŞ başda olmaqla Qərbin Rusiyaya qarşı hədələri əndazəni aşıb. Əgər ABŞ və Aİ öz təsiri zonasında olan dövlətlərin Rusiya ilə əlaqələrinə müdaxilə edəcəklərsə, RF də MDB dövlətlərinin Qərblə əlaqələrinə müdaxilə edəcək. Əgər Qərb Rusiyanın Avropa bazarına qaz satmasına maneçilik edəcəksə, Rusiya Xəzəryanı dövlətlərin qazının Avropaya nəqlinə maneçilik edəcək. İndi qanlı toqquşmaların, silahlı müxalifətin geosiyasi parametrə çevrildiyi dövrdə dövlətlərarası münasibətlərdə silahlı hədələr təzyiq elementinə çevrilə bilər".
20 il bundan əvvəl Henri Kissincer "Diplomatiya" əsərində Rusiyanı nəzərdə tutaraq sual edirdi: "O, öz tarixi ritmini bərpa etməyə və itirilmiş imperiyanı yenidən qurmağa can atacaqmı? O, ağırlıq mərkəzini Şərqə keçirəcəkmi və Asiya diplomatiyasında aktiv iştirakçı olacaqmı? Öz sərhədləri yaxınlığında, xüsusilə dəyişkən və narahat Orta Şərqdəki qarışıqlığa hansı prinsip və metodlarla reaksiya verəcək?
Rusiya prezidenti Vladimir Putinin "Rusiya Federasiyasının xarici siyasət kursunun reallaşması tədbirləri haqqında" fərmanı məşhur alim və siyasətçinin suallarının uzaqgörənliyini təsdiqləyir. Həmin fərmanda hər üç suala cavab vardır. V.Putinin yuxarıda xatırladığımız fərmanına nəzər salsaq, ilk xarici səfərin xüsusi məna daşıdığını görərik. Rusiya üçün MDB məkanı xüsusi geosiyasi əhəmiyyət kəsb edir. Fərmandan bir bənd: "Müstəqil Dövlətlər Birliyi məkanında hərtərəfli qarşılıqlı əlaqələrin və əməkdaşlığın inkişafına Rusiya Federasiyasının xarici siyasətinin açar istiqaməti kimi baxmaq".
Qeyd olunur ki, bu məkanda əməkdaşlığın perspektivi Avrasiya İqtisadi Birliyinin formalaşmasına bağlı olmalıdır. Birliyin qapısı açıqdır. Yeni inteqrasiya strukturlarının beynəlxalq mövqeyinin konkretləşdirilməsi də Rusiya xarici siyasətinin əsas hədəflərindəndir.