“Almaniya Azərbaycanın Qərbi Avropadakı əsas tərəfdaşıdır” Dünya

“Almaniya Azərbaycanın Qərbi Avropadakı əsas tərəfdaşıdır”

Gerhard Şröder iki ölkə arasınvda münasibətləri yüksək dəyərləndirib

Azərbaycanla Almaniya arasında siyasi münasibətlər çox yaxşı səviyyədədir. APA-nın məlumatına görə, bunu dünən Azərbaycan-Almaniya xarici ticarət palatasının təşkil etdiyi mühazirədə Almaniyanın sabiq kansleri Gerhard Şröder deyib.
İki ölkə arasındakı münasibətlərin tarixən yaxşı olduğunu deyən G.Şröder 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının ilk parlamentində almanların təmsil olunduğunu xatırladıb.
"Bu gün Almaniya Azərbaycanın Qərbi Avropadakı əsas tərəfdaşıdır. 2012-ci ildə ticarət palatasının yaradılması ikitərəfli əlaqələrin möhkəmlənməsi baxımından zəruri addım olub. Onun fəaliyyəti Almaniya-Azərbaycan əlaqələrinin möhkəmlənməsi üçün vacibdir", - deyə o vurğulayıb.
Məlumat üçün bildirək ki, 2013-cü ildə Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi ötən il ilə müqayisədə 32 faiz artıb. İki ölkə arasında ticarət həcmi 2013-cü ildə 3,1 milyard avro təşkil edib. Azərbaycan Almaniyaya neft ixrac edən ölkələr arasında 7-ci yer tutur.
Şröder ölkəsinin Ankara ilə münasibətlərindən də danışaraq bəyan edib ki, Türkiyənin Avropa Birliyinə qəbulu hər iki tərəf üçün əlverişli olardı. Onun fikrincə, Türkiyəyə münasibətdə Avropa Birliyinə üzv olmaq istəyən digər ölkələrə tətbiq olunan meyarlardan istifadə edilməlidir.
"Türkiyənin Avropa Birliyinə qəbulu prosesi çox uzun və mürəkkəb olub. Bu isə hər iki tərəfdən səbr tələb edir. Şübhəsiz ki, Türkiyə Avropa Birliyinə tamhüquqlu üzv olmaq üçün lazımi tələbləri yerinə yetirəcək", - deyə sabiq kansler vurğulayıb.
Şröder qeyd edib ki, iqtisadi çətinliklər və siyasi qeyri-sabitlik dövrünü yaşayan Avropaya etibarlı tərəfdaşlar lazımdır. Onun sözlərinə görə, Türkiyə belə tərəfdaşlardan biridir.
Şröder həmçinin bildirib ki, son onilliklər ərzində Türkiyə Almaniya və Avropanın vacib tərəfdaşına çevrilib: "Türkiyə həmçinin terrorçuluğa qarşı mübarizə ilə bağlı beynəlxalq əməliyyatlara böyük töhfə verərək NATO-nun etibarlı tərəfdaşı rolunda çıxış edir".