
Rüstəm Məmmədov: "Ermənistanı beynəlxalq hüquq qarşısında diz çökdürməlidir"
Bu il iyunun 16-da Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası (AİHM) "Çıraqov və başqaları Ermənistana qarşı" şikayət ərizəsi üzrə qərar çıxarıb. Məhkəmə prosesinə AİHM sədri Din Şpilman sədirlik edib. Prosesdə Azərbaycandan Xanlar Hacıyev, Ermənistandan isə Alvina Gülümyanın da qatıldığı məhkəmədə 17 hakim iştirak edib.
Sözügedən iş erməni təcavüzü dövründə Azərbaycanın Laçın rayonu ərazisindən qovulmuş altı Azərbaycan vətəndaşının Ermənistan Respublikasına qarşı 6 aprel 2005-ci il tarixli iddia müraciətinə əsaslanır. Sözügedən qərarın əhəmiyyəti və gələcəkdə təsir göstərəcəyi məqamlarla bağlı danışan Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq Ümumi Hüquq kafedrasının müdiri, politoloq Rüstəm Məmmədovla bildirib ki, Azərbaycan vətəndaşları öz hüquqlarını tələb etmək üçün Avropa Məhkəməsinin imkanlarından istifadə etməlidir: "Bunun üçün erməni işğalı nəticəsində zərər çəkmiş insanlar Avropa məhkəmələrinə şikayət etməlidir. Hesab edirəm ki, bu qərar bizim bundan sonrakı müraciətlərimiz üçün stimul olacaq. Nəhayət ki, biz bunu başa düşdük. Yəqin ki, bundan sonra Azərbaycan öz hüquqlarının qorunması istiqamətində daha intensiv addımlar atacaq. Bu qərarın əhəmiyyəti də odur ki, artıq həqiqətlər və erməni yalanları üzə çıxır. Digər tərəfdən isə əgər həmin Çıraqov ailəsi Ermənistandan tələb olunan təzminatı ala bilsə, bu, böhranlı Ermənistan iqtisadiyyatına da böyük zərbə olacaq. Bunun siyasi həmiyyəti də böyükdür. İstənilən halda bu qərarın Azərbaycan üçün böyük əhəmiyyəti var".
O həmçinin əlavə edib ki, bu həqiqəti Avropada çox da inkar edə bilməzlər: "Şübhəsiz ki, bu qərarın qəbulunda bizim öz fəaliyyətimizdən də çox şey asılıdır. Biz neçə il idi ki, bu məsələ ilə bağlı böyük işlər aparırdıq, Azərbaycan həm siyasi, həm də hüquqi baxımdan buna hazır idi. Ona görə də bunun müsbət nəticəsini gördük.
Əslində, hazırda Avropanın Azərbaycana qarşı mövqeyi qeyri-müəyyən deyil. Sadəcə olaraq, müəyyən qədər də daxilimizdə Avropaya xoş gələn qüvvələr var. Ona görə də biz bəzən fakt qarşısında qalırıq. Ancaq biz bundan qətiyyən təəccüblənməməliyik. Əksinə, içərimizdəki "sapı özümüzdən olan baltaları" axtarıb tapmalıyıq. Avropa ilə Azərbaycanın münasibətlərini korlayan da məhz bu cür hallardır. Hesab edirəm ki, bu cür halların qarşısı alınmalıdır...
Əminəm ki, onlar da Ermənistana qarşı məhkəməni 100 faiz uda biləcəklər. Əgər biz əlimizdə olan konkret fakt və dəlillərlə çıxış etsək, o zaman 100 faiz qalib gələrik. Ümumiyyətlə, bu cür addımları davam etdirməliyik. Ermənistanı bu cür yolla diz çökdürməliyik. Azərbaycan dövləti Xocalı və digər faciələrə görə Ermənistanı beynəlxalq hüquq qarşısında diz çökdürməlidir".