Qadınlar mənəviyyatsızlığa qarşı Hadisə

Qadınlar mənəviyyatsızlığa qarşı

"Virtual həyat və milli mənəvi dəyərlərimiz" mövzusunda dəyirmi masa keçirilib

Iyulun 10-da Lider Qadınlar İctimai Birliyi və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının birgə təşkilatçılığı ilə "Virtual həyat və milli mənəvi dəyərlərimiz" mövzusunda İctimai Forum keçirilib. Forumu giriş sözü ilə açan millət vəkili Məlahət İbrahimqızı bildirib ki, hər bir xalqın və millətin yaratmış olduğu milli mənəvi dəyərlər onların milli özgürlüyünün və milli özünü dərkin inkişafına və qorunub saxlanmasına xidmət edən ən qiymətli sərvətdir. Bu səbəbdən güclü milli –mənəvi dəyərlər kompleksi hər bir xalq və dövlət üçün strateji əhəmiyyətə malik olmaqla, milli təhlükəsizlik konsepsiyasının əsas komponentlərindən biri kimi qiymətləndirilir. Bu mənada xalqımızın uzun əsirlik tarixə malik milli mənəvi dəyərləri ən çətin sınaqlardan keçərək nəsildən-nəslə ötürülmüş və zəngin miras kimi bizlərə çatdırılmışdır. Çox təəssüf ki, yaşadığımız üçüncü minillikdə elm və texnologiyaların yüksək inkişafı və bu sahədə qazanılan nailliyyətlər bir sıra hallarda milli-mənəvi dəyərlər və yetişməkdə olan nəslin tərbiyəsi üçün ciddi təhdidlər yaradır. AJQA-nın prezidenti Sevil Yusifova tədbirin məqsəd və məramı haqda iştirakçılara məlumat verdi. O bildirdi ki, gənclərin təlim tərbiyəsində milli dəyərlərin təbliği günümüzün ən ümdə məsələlərindən biridi. Sevil Yusifova beynəlxalq təcrübədən söhbət açıb. O internetdən istifadə, sosial mediya etikasındakı on qaydanın Bibliyadan götürüldüyünü diqqətə çəkib: yalan söyləməyin, nifrət etməyin, paylaşmak dəyər verməkdi, təhqir etməyin, hörmətsizlik etməyin, uyğun məlumat paylaşın, xətalarınızı düzəltməkdən qaçmayın, sevginizi göstərin, özəl həyata hörmət edin, hər şeyi normasında istifadə edin. Qərbdə sosial şəbəklərin hüquqi tənzimlənməsi və "cəza" metodlarının nədən ibarət olduğunu izah etdi. Natiq yalan, uydurma adlarla sosial şəbəkələrdə profil açan insanların qeyri-etik məlumatların yaymlaması hadisəsinə təəsüfləndiyini dilə aldı. S.Yusifova ictimai xadimlərin QHT nümayəndələrin bu məsələdə həssas olmasını təqdirə layıq hesab etdi. Millət vəkilləri Sahibə Qafarova və Sevinc Fətəliyeva, Jalə Məmmədova, Qənirə Paşayeva, TUMİB sədri Çingiz Bayramov virtual məkanda olan bəzi saytların milli mənəvi dəyərlərimizə zidd olması ilə bərabər həm də, gənc nəslin tərbiyəsində də çox problemlər yaratmasını bildirdilər. Son günlərdə Möhtərəm Prezidentimizin ictimai qınağın və təpkinin məhz ictimaiyyət tərəfindən olması çox mühümdür fikrinə əsaslanan çıxışçılar bəzi problemlərin həllində ictimai fikirin böyük rola malik olmasını vurğuladılar. İctimai Forumda çıxış edən bütün natiqlər Forum adından müvafiq qurumlara müraciət ünvanlayıblar. Müraciətdə deyilir:
"Məlumdur ki, hər bir xalqın və millətin yaratmış olduğu milli mənəvi dəyərlər onların milli özgürlüyünün və milli özünü dərkin inkişafına və qorunub saxlanmasına xidmət edən ən qiymətli sərvətdir. Bu səbəbdən güclü milli –mənəvi dəyərlər kompleksi hər bir xalq və dövlət üçün strateji əhəmiyyətə malik olmaqla, milli təhlükəsizlik konsepsiyasının əsas komponentlərindən biri kimi qiymətləndirilir. Bu mənada xalqımızın uzun əsirlik tarixə malik milli mənəvi dəyərləri ən çətin sınaqlardan keçərək nəsildən-nəslə ötürülmüş və zəngin miras kimi bizlərə çatdırılmışdır. Çox təəssüf ki, yaşadığımız üçüncü minillikdə elm və texnologiyaların yüksək inkişafı və bu sahədə qazanılan nailliyyətlər bir sıra hallarda milli-mənəvi dəyərlər və yetişməkdə olan nəslin tərbiyəsi üçün ciddi təhdidlər yaradır. Son illərdə çox sürətlə inkişaf edən dünyanın virtual məkanı bu təhlükələrin daha da genişlənməsinə və yayılmasına əlverişli şərait yaratmışdır. İldən ilə dünyada və ölkəmizdə internet istifadəçilərinin artması yeni texnologiyaların inkişafının, onun tətbiqinin və ondan istifadə etmə mədəniyyətinin göstəricisi olsa da bu gün milli-mənəvi dəyərlərin, xüsusilə də ailə institutlarının aşılanmasına ciddi zəmin yaratmışdır. Belə ki, İnternet məkanındakı bir çox erotik saytlar bilavasitə gənc nəslin sağlam ruhda tərbiyəsi və millətimizin gələcəyi üçün real təhlükə mənbəyinə çevrilmişdir. Qeyd etmək lazımdır ki, artıq dünyanın bir çox inkişaf etmiş ölkələrində bu cür saytlara məhdudiyyətlər tətbiq edilmişdir. Yaşadığımız dövrdə hər kəsin az qala təbii ehtiyacına çevrilmiş virtual məkanlarda olan bir çox reklamlar və saytlar milli-mənəvi dəyərlərimizə, islam mənəviyyatına və əxlaqına zidd olmaqla bərabər, eyni zamanda yeni nəslə mənəviyyatsızlıq aşılayır. Biz Azərbaycanın bir qrup qadın millət vəkilləri, tanınmış qadın QHT nümayəndələri və ziyalıları bu müraciəti imzalayaraq, müvafiq dövlət qurumlarını milli-mənəvi dəyərlərimiz və gənclərimizin tərbiyəsi üçün ciddi təhlükə olan belə saytlara məhdudiyyətlərin tətbiq olunmasına çağırır və gələcəyimizə biganə olmayan hər kəsi bu kompaniyaya qoşulmağa dəvət edirik".