“Bu, ölkəmiz üçün böyük iqtisadi imkan yarada bilər” Gündəm

“Bu, ölkəmiz üçün böyük iqtisadi imkan yarada bilər”

Baş nazirin müavini Şahin Mustafayev Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümünə həsr olunmuş tədbirdə qeyd edib ki, bu ilin yeddi ayı ərzində Azərbaycan və Çin arasında tranzit yük daşımalarının həcmi 2025-ci ilin analoji dövrü ilə müqayisədə 8 faiz artaraq 272,6 min tona çatıb.

Mövzu ilə bağlı xalqcebhesi.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, burada 8 faizlik artımdan daha vacib başqa bir məqam var: “Çin dünyanın ən böyük ticarət mərkəzlərindən biridir və onun Avropaya yönələn yük axınının kiçik bir hissəsi belə Azərbaycan üzərindən keçirsə, bu, ölkəmiz üçün böyük iqtisadi imkan yarada bilər. Yəni 272,6 min ton hələ, əslində, böyük həcm deyil. Amma artımın davam etməsi göstərir ki, Azərbaycan üzərindən keçən marşrut sadəcə nəzəri bir alternativ deyil, real praktik işləyir və ölkə olaraq bu infrastrukturu biz yaratmışıq. Bunun da məntiqi nəticəsi olaraq Azərbaycan sadəcə tranzit ölkə rolunu oynamamalıdır və bu gün də artıq sadəcə tranzit rolunu oynamır. Çünki əgər yük ölkədən keçib gedirsə, biz burada daşımadan və tranzit xidmətlərdən gəlir əldə edirik. Ancaq onun digər multiplikativ effektləri vardır. Burada daha böyük iqtisadi effekt o zaman yaranır ki, bu yük axınının ətrafında logistik mərkəzlər, anbarlar, qablaşdırma müəssisələri yaranır, yüngül emal müəssisələri, distribütorları və digər xidmətləri formalaşır. Yəni məqsəd hər keçən yük vahidinin ölkə daxilindən keçərək getməsi deyil, həm də onun burada digər sektorların, fəaliyyət istiqamətlərinin yaranmasına xidmət etməsidir”.

E.Əmirov vurğulayıb ki, buna görə də Azərbaycan və Çin arasında tranzit yük daşımalarının həcminin 8 faiz artımı nəticə kimi yox, digər istiqamətlərin sürətləndirilməsi üçün bir fürsət olaraq qiymətləndirilməlidir: “Əgər Azərbaycan artan Çin yükünü öz üzərindən uzunmüddətli və davamlı şəkildə keçirə bilirsə, (burada tranzit gəlirləri təbii ki, mümkündür) 272, 6 min tonla kifayətlənməyəcək, bu, qat-qat artacaq. Lakin təkcə bu artma deyil, eyni zamanda, bunun yaratdığı multiplikativ effektlərin də, yuxarıda sadaladığım istiqamətlərdə olan digər effektlərin də artması gözləniləndir və hesab edirəm ki, bu, reallaşacaq”.

Röya İsrafilova