12:03
546
“Azərbaycanda dağ-mədən və metallurgiya sahəsi mövcuddur. Ancaq cənab Prezidentin 22 sentyabrda keçirdiyi müşavirədə qarşıya qoyulan məsələlər iqtisadiyyatın bu sahəsinin daha da gücləndirilməsini nəzərdə tutur. Azərbaycan təbii sərvətlərlə zəngindir. Onların əhəmiyyətli hissəsi vaxtilə Ermənistanın işğal etdiyi ərazilərdə yerləşirdi və Ermənistan oradakı təbii sərvətlərimizi qeyri-qanuni istismar edirdi. Torpaqlarımız işğaldan azad olunandan sonra həmin təbii sərvətlərin Azəraycan iqtisadiyyatına dövriyyəsinə qəbul edilməsi üçün ciddi işlər görüldü. Dövlət Proqramı ümumilikdə Azərbaycanda dağ-mədən sənayesinin inkişafını nəzərdə tutur. Bu, regionların sosial-iqtisadi inkişafıdır. Bildirildiyi kimi 5 mindən çox daimi iş yeri yaradılacaq. Qısa zamanda bu proqram həyata keçiriləcək. Bu, o deməkdir ki, sonradan bu istiqamətdə daha geniş proqram qəbul ediləcək. Məşğulluq artacaq, ölkə büdcəsinə daha çox vəsait daxil olacaq”.
Bu sözləri xalqcebhesi.az-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Deputat söyləyib ki, proqram təkcə dağ-mədən sənayesini nəzərdə tutmur: “Çıxarılan mineralların Azərbaycanda emal edilməsini nəzərdə tutur. Bu isə həmin məhsulların daha baha qiymətə xaricə satılmasına və büdcəmizə daha çox vəsaitin gəlməsinə səbəb olacaq. İllik müsbət maliyyə təsiri 1 milyard manatdan çox olacaq, amma bu rəqəm daha da çox arta bilər. Görünən ondan ibarətdir ki, Dövlət Proqramı mədən sənayesinin qurulmasından, səmərəli idarə edilməsindən tutmuş onun emal edilməsi, yarımfabrikat və ya hazır məhsul şəklində çatdırılması və dünya bazarına çıxarılmasını nəzərdə tutur. Bu, qeyri-neft sektorunun inkişafı, Azərbaycan iqtisadiyyatında mövcud olan bir sahənin daha da böyüməsidir. Həmçinin bu, Azərbaycanın öz təbii ehtiyatlarından milli maraqları üçün geniş istifadə etməsidir”.
Röya İsrafilova