Yepiskop Aleksiy: Vətən müharibəsindəki qələbənin ölkəmiz üçün böyük əhəmiyyəti var Hadisə

Yepiskop Aleksiy: Vətən müharibəsindəki qələbənin ölkəmiz üçün böyük əhəmiyyəti var

Azərbaycan hər zaman tolerant, multikultural ölkə olub və bu gün də belə olaraq qalır.

APA xəbər verir ki, bunu Rus Pravoslav Kilsəsinin Azərbaycan Yeparxiyasının Yepiskopu Aleksiy Qafqaz Müsəlmanları İdarəsində Anım Gününün 6-cı ildönümünə həsr edilən tədbirdə deyib.

O deyib ki, Azərbaycanda müxtəlif millətlərə və dinlərə mənsub bütün vətəndaşlar bir ailə kimi, dostluq və birlik şəraitində yaşayırlar: “Məhz bu dostluq və birlik ölkəmizin vahid xalqının qalib xalq olmasına imkan verdi. Vətən müharibəsində qazanılan qələbənin ölkəmiz üçün böyük əhəmiyyəti var. Bu qələbə itirilmiş ərazilərin geri qaytarılmasına, vətəndaşların təhlükəsizliyinin təmin olunmasına və regionun gələcək iqtisadi inkişafı üçün şərait yaradılmasına imkan verdi”.

O bildirib ki, hazırda bütün dünya geosiyasi sarsıntılar dövrünü yaşayır: “Hərbi münaqişələr sərhədlərimizin yaxınlığında baş verir. Lakin Azərbaycanın beynəlxalq nüfuzu böyükdür. Azərbaycan öz qələbəsi ilə xarici təhdid qarşısında ərazisini və əhalisini müdafiə etmək qabiliyyətini göstərdi.

Bütün bunlar möhkəmlik və həmrəylik nümayiş etdirən bütün xalqın birliyi və dəstəyi sayəsində mümkün oldu. Bununla yanaşı, hər bir Azərbaycan vətəndaşının vəzifəsi Vətənimizin birliyi naminə həyatını əsirgəməyən qəhrəmanlarımızı və şəhidlərimizi xatırlamaqdır”.