Milli Mətbuatın 140 illiyi Qubada qeyd olunub Hadisə

Milli Mətbuatın 140 illiyi Qubada qeyd olunub

Azərbaycan Milli Mətbuatının yaranmasının 140-cı ildönümünə həsr olunmuş silsilə yubiley tədbirləri davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Azərbaycan Mətbuat Şurasının və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba rayonunda "Azərbaycan milli mətbuatı - 140: inkişaf yolu və müasir dövrün çağırışları" mövzusunda növbəti regional konfrans keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Quba rayon icra hakimiyyətinin başçısının birinci müavini Yusif Abidov, bölgə rayonlarının icra hakimiyyətlərinin məsul əməkdaşları, yerli qəzetlərin, habelə ¬Bakıda fəaliyyət göstərən 10-dək qəzetin baş redaktorları iştirak ediblər. Konfrans iştirakçıları əvvəlcə Azərbaycan mətbuatının inkişafında böyük xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin Quba rayonundakı abidəsini ehtiramla yad edərək önünə gül dəstələri qoyublar.
Daha sonra tədbir iştirakçıları Quba Rayon Heydər Əliyev Mərkəzində rəssam Kərim Kərimovun karikaturalarından ibarət sərgiyə baxış keçiribilər. Konfras Quba Rayon Heydər Əliyev Mərkəzinin yığıncaq zalında işə başlayıb.
Regional konfransı giriş sözü ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov açıb. Tahir Süleymanov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında sərəncamına əsasən yubiley tədbirlərinin respublikanın bölgələrində keçirildiyini söyləyib: "Ölkə başçısının sərəncamına əsasən yubiley tədbirləri respublikanın Zərdab, Gəncə, Qəbələ və Masallı rayonlarında keçirilib. Bu gün isə biz milli mətbuatın 140 illik yubileyini Quba rayonunda qeyd edirik.Mənim üçün çox xoşdur ki, bu gün belə tədbirlərdən biri gözəl, füsünkar təbiəti ilə insanların istirahət məkanına çevrilən Qubada keçirilir. Cəmi 6 gün sonra Azərbaycan milli mətbuatının yubiley tədbiri olacaqdır. 140 il bundan əvvəl belə isti bir gündə Azərbaycanın vətənpərvər ziyalısı,böyük marifpərvəri, görkəmli publisist Həsən bəy Zərdabi "Əkinçi" qəzetinin ənənəsinin əsasını qoydu. "Əkinçi" qəzeti təkçə əkinçilərə məsləhət vermirdi, bu qəzetdə toplaşan ziyalılar üzərlərinə daha böyük missiya götürmüşdü. Bu missiya xalqı marifləndirməkdən, cəhalətə qarşı mübarizə, milli şuurun oyanışına təkan verməkdən ibarət idi".
"Əkinçi" qəzetinin qısa müddət nəşr olunmasına baxmayaraq üzərinə düşən missiyanı həyata keçirməsindən danışan Tahir Süleymanov Azərbaycan mətbuatının ümumilikdə dörd dövrü əhatə etdiyini söylədi. Müstəqillik dövrüdən sonra yeni inkişaf yoluna qədəm qoyan mətbuatımızın həmin dövrlərdə bir sıra problemlərlə qarşılaşdığını söyləyən Tahir Süleymanov ulu öndər Heydər Əliyevin böyük cəsarət göstərərək senzuranı ləğv etdyini bildirdi: "Ulu öndərin əsasını qoyduğu islahatlar sayəsində iqtisadiyyatımızda baş verən dirçəliş mətbuata dövlət dəstəyinin də göstərilməsinə səbəb oldu. Qəzetlərin nəşriyyata borcu silindi, mediaya maliyə dəstəyinin göstərilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduyaradıldı. Bu günədək bu Fond vasitəsilə mətbuata 20 milyon manat vəsait ayrılıb. Belə praktika çox az ölkələrdə var. Amma heç bir ölkədə elə bir təcrübə yoxdur ki, dövlət jurnalistlərə təmirli mənzillər paylasın. Bu gün mətbuatın 140 illik yubileyinin qeyd olunması barədə ölkə başçısının sərəncamı da məhz bu mətbuata bu qayğının davamıdır".
Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında tədbir iştirakçılarını salamlayaraq əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan milli mətbuatının şərəfli inkişaf yolu keçdiyini bildirib. Azərbaycan mətbuatının müstəqilliyin ilk illərində ciddi problemlərlə üzləşdiyini, müxtəlif təzyiqlərə, senzuraya məruz qaldığını xatırladan Fondun icraçı direktoru ümummilli lider Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının digər sahələri kimi, KİV-lərin inkişafında da keyfiyyətcə yeni mərhələnin başlandığını bildirib. Fondun icraçı direktoru KİV-ə dövlət qayğısının sistemli və ardıcıl şəkildə həyata keçirilməsi məqsədilə ölkə başçısının 2008-ci ildə imzaladığı müvafiq sərəncamla Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edildiyini xatırladıb. Vüqar Səfərli, həmçinin Konsepsiyadan irəli gələn vəzifələrin gerçəşləşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığını qeyd edib. İcraçı direktor ötən illərdə Fondun KİV-in maddi-texniki bazasının təkmilləşdirilməsi, ölkə jurnalitslərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, sosial vəziyyətlərinin yaxşılaşdırılması və digər proritet istiqamətlərdə gerçəkləşdirdiyi layihələr barədə də ətraflı məlumat verib. Ötən illərdə regionlarda nəşr olunan qəzetlərin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunduqlarını vurğulayan Vüqar Səfərli Fondun xəttilə həmin nəşrlərə kompüterlərin və digər zəruri texniki avadanlıqların verildiyini diqqətə çatdırıb. İcraçı direktor region mətbuatının təmsilçilərinin Fondun keçirdiyi layihələrdə fəal iştiraka dəvət edib. Çıxışını davam etdirən Vüqar Səfərli jurnalistlərə dövlət hesabına mənzillərin verilməsini dünyada analoqu olmayan müsbət təcrübə olduğunu deyərək ölkə başçısının bu diqqət və qayğısının mətbuat nümayəndələri tərəfindən yüksək dəyərləndirildiyini vurğulayıb. Vüqar Səfəri Bakıda keçiriləcək yubiley tədbirində də Fondun müsabiqəsində iştirak edən, eləcə də mətbuatda əməyinə görə fərqlənən jurnalistlərin mükafatlandırılacağını söyləyib.
Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "Əkinçi" qəzetinin Azərbaycan milli mətbuatı üçün yeni mütərəqqi ənənələr formalaşdırdığını diqqətə çəkərək mətbuatımızın müxtəlif tarixi mərhələlərdə keçdiyi inkişaf yolundan söz açıb. Mətbuatla bağlı dünyada 4 nəzəriyyənin mövcud olduğunu diqqətə çatdıran Əflatun Amaşov müstəqillik illərində Azərbaycanda məhz sosial məsuliyyət prinsipi ilə çalışan, yüksək söz və mətbuat azadlığı şəraitində fəaliyyət göstərən müstəqil və demokratik medianın formalaşdığını diqqətə çatdırıb. O, Mətbuat Şurasının mətbuat-dövlət, mətbuat-cəmiyyət münasibətlərinin sivil qaydada tənzimlənməsi və reket jurnalistikaya qarşı mübarizə sahəsində gördüyü işlər barədə də məlumat verib. Əflatun Amaşov reket jurnalistlərin rayonlara ayaq açdığından danışıb. "Çox təəssüf ki, jurnalistikada peşkarların sayı artırmaqla yanaşı reket jurnalistika ilə məşğul olanlar da var. Belələri əvvəllər çap mediada çalşırdısa, artıq internet mediada da fəaliyyət göstərirlər. Onlar şantaj edir, rayonlarda özlərinə torpaq alır, bəzən də güzəştlərdən istifadə edirlər. Belələri barədə MŞ-na müraciət edin. Qorxmayın, biz sizin arxanızdayıq. Onlar barədə məhkəmələrə də müraciət edə bilərsimiz. Çünki, onların adları MŞ-nın qara siyahısındadır".
Eyni zamanda Əflatun Amaşov RİH-nin səlayihhətli nümayəndələrinin mətbuata açıq olmağa da çağırıb"
Quba rayon icra hakimiyyətinin başçısının birinci müavini Yusif Abidov isə öz çıxışında milli mətbuatın 140 illik yubiley tədbirlərinin Quba rayonunda keçirilməsinin əhəmiyyətindən danışıb. Yusif Abidov bildirib ki, jurnalistikanın inkişafı ümumilikdə ölkədə azad sözə yaradılan demokratik şəraitdən xəbər verir: "Dövlət səviyyəsində milli mətbuatın 140 illik yubileyinin qeyd olunması barədə sərəncamın verilməsi cənab Prezidentin mətbuata göstərdiyi qayğının davamlı xarakter aldığından xəbər verir".
Konfransda çıxış edən "Xalq" qəzetinin baş redaktoru Həsən Həsənov mətbuata dövlət qayğısından, bu qayğının sayəsində jurnalistikada peşəkarlığın artırılması istiqamətində layihələr həyata keçirildiyini vurğulayıb.
Konfrans tədbir iştirakçılarının çıxışları ilə davam etdirilib. Konfransa Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fuad Cəbrayılov, "Abşeron" qəzetinin baş redaktoru Elimxan Mehrəliyev, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İlhamə Nəzərova, "Xaçmaz" qəzetinin baş redaktoru Zinyət Yaqubqızı, Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Jalə Süleymanova, "Xızı" rayonunun baş redaktoru Rəfael Məmmədov, Qubanın "Şəfəq" qəzetinin baş redaktoru Qəhrəman Qasımov və digər rayonların İcra Hakimiyyəti başçılarının müavinləri, ictimai-siyasi və humanitar məsələlər şöbələrinin müdirləri, region qəzetlərinin baş redaktorları nitq söyləyiblər. Konfrans fikir mübadiləsi ilə davam etdirilib.