Diaspor rəhbərinə qarşı təxribatda Abbas Abbasov izi Hadisə

Diaspor rəhbərinə qarşı təxribatda Abbas Abbasov izi

Rusiyada ofisinə "OMON" tərəfindən basqın edilən Azərbaycan diasporunun rəhbəri hadisəyə aydınlıq gətirib

Rusiyanın Ulyanovsk şəhərində ofisinə "OMON" tərəfindən basqın edilən yerli Azərbaycan diasporunun rəhbəri İslam Hüseynov hadisənin təfərrüatını açıqlayıb. Ulyanovsk vilayəti Azərbaycanlılar Konqresinin sədri İslam Hüseynov APA-ya açıqlamasında bildirib ki, hazırda xaricdədir və avqustun 25-də baş verən hadisə zamanı ofisində onun iki əməkdaşı olub. Basqının bir müddət əvvəl ona qarşı törədilən sui-qəsd nəticəsində mühafizəçisi İqor Beznosyukun qətlə yetirilməsi işi ilə bağlı olduğunu söyləyən İslam Hüseynov deyib ki, olay zamanı onun hamilə olan katibəsinin sağlamlığına ciddi zərər dəyib: "Mənə - azərbaycanlı icmasının rəhbərinə və iş adamına qarşı demək olar ki, quldurluq edilib, ofisim dağıdılıb. Hadisədən az sonra mənə zəng gəldi ki, Azərbaycan diasporunun inzibati binasında axtarış gedir. İşin mahiyyətini açıqlayım ki, bunu edən Rusiya İstintaq Komitəsinin vilayət üzrə idarəsidir. Mənə olan sui-qəsd və mühafizəçimin öldürülməsi işini onlar bağlayıblar, ancaq mən bu işin bərpasını tələb edirəm. Məhkəmə qətlin sifarişçilərinə bəraət verib. Üstəlik, istintaq cinayətin sifarişçilərinin maraqlarından çıxış edərək mənə qarşı uydurma cinayət işi qaldırmaq istəyir, hansı ki mahiyyətindən özümün də xəbərim yoxdur. Bir sözlə, sui-qəsdin açılmasında prinsipiallıq göstərdiyim üçün mənə qarşı ciddi təzyiqlər başlayıb". İslam Hüseynov məsələ ilə bağlı Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin qəbuluna yazıldığını açıqlayıb: "Ona Ulyanovsk vilayəti üzrə İstintaq İdarəsində baş verən özbaşınalıqlar barədə danışacağam. Hesab edirəm ki, bu axtarış da məhz mənim Bastrıkinə şikayət etməyə hazırlaşdığıma görədir". Ulyanovskda hadisənin şahidi olan Azəbaycan Konqresinin üzvləri bu məsələdə son vaxtlar İslam Hüseynovun mütəmadi olaraq sərt tənqid etdiyi Azərbaycan baş nazirinin keçmiş müavini Abbas Abbasovun əli olduğunu da iddia edirlər. Konqresin üzvü, İslam Hüseynovun köməkçilərindən Həsrət Həsənov APA-ya bildirib ki, xüsusilə son yarım ildə Abbas Abbasovun Azərbaycan dövlətinə qarşı atdığı addımlara görə İslam Hüseynovun onu sərt tənqid etməsi diaspor rəhbərinin hədəfə götürülməsi ilə nəticələnib: "Abbas Abbasov bura gəlib, məlum fəaliyyətə başlayandan sonra kim ona etiraz edirsə, həmin adamın ya biznesinə, ya da həyatına ciddi təhlükə yaranmağa başlayır. İslam müəllim uzun zamandır burada yaşayır və federasiya üzrə böyük hörməti var. Onun burada düşməni yox, yalnız dostları var. Amma Abbas Abbasovu sərt tənqid etdikdən bəri ona qarşı təzyiqlər başlayıb. Xüsusilə ona qarşı sui-qəsdin araşdırılmasında Abbas Abbasovun adamları hər vasitə ilə yerli istintaq məmurlarına təsir edir. Burada prokurorluqdan bir icazə kağızı alıb, "OMON"u hansısa ünvana basqınına şərait yaratmaq asan işdir. Onlar da bundan istifadə edirlər ki, bizləri qorxutsnlar". Qeyd edək ki, İslam Hüseynova qarşı 2012-ci ildə sui-qəsd cəhdi olub. Hadisə zamanı o, yaralanıb, mühafizəçisi isə öldürülüb. Ulyanovskdakı diaspor sui-qəsdin Abbas Ababsov tərəfindən təşkil olunduğunu iddia edib. Rusiya İstintaq Komitəsinin Ulyanovsk vilayəti üzrə İstintaq İdarəsi isə saytında İslam Hüseynovun dələduzluqda ittiham olunması barədə məlumat yerləşdirib. Məlumatda qeyd olunub ki, onun barəsində Ulyanovsk prokurorluğu tərəfindən 2014-cü ilin oktyabrında dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. Prokurorluq İslam Hüseynovu sənəd saxtalaşdırmaqla 6.5 milyon rubl olan torpaq sahəsini 776 min rubla almaqda ittiham edir.