Ramiz Mehdiyev və köməkçisi Eldar Əmirovun məhkəməsi başlayıb Hadisə

Ramiz Mehdiyev və köməkçisi Eldar Əmirovun məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA xəbər verir ki, hakim Murad Aslanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, onlara qanunvericiliklə nəzərdə tutulmuş prosessual hüquq və vəzifələri izah edilib.

Məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin müdafiə hüququnun və digər prosessual təminatlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılıb.

Məhkəmənin qərarı ilə cinayət işi məhkəmə baxışına təyin edilib.

Xatırladaq ki, Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham verilib.