"Suverenliyimizin tam bərpası uzaqgörən strategiyanın nəticəsidir" Gündəm

"Suverenliyimizin tam bərpası uzaqgörən strategiyanın nəticəsidir"

Otuz ilə yaxın davam edən işğal dövrü xalqımızın yaddaşında ağır fəlakətlər, dağıdılmış şəhərlər, yüz minlərlə məcburi köçkün, Xocalı soyqırımı və nəticəsiz beynəlxalq danışıqlar mərhələsi kimi qaldı. Münaqişənin dinc yolla həlli ilə bağlı bəyanatlar səsləndirən, ATƏT-in Minsk qrupu çərçivəsində vasitəçilik edən aparıcı dövlətlər təcavüzkar tərəfə heç bir real təzyiq göstərmədilər. Beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələr isə kağız üzərində qalmaqda davam edirdi. Lakin bu mürəkkəb şəraitdə belə Azərbaycan dövləti və xalqı strateji hədəfindən – ərazi bütövlüyünü və suverenliyini bərpa etmək əzmindən bir an belə geri çəkilmədi.

Xalqcebhesi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, əldə olunmuş tarixi zəfəri sadəcə uğurlu hərbi əməliyyat kimi qiymətləndirmək kifayət etməz. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə illər boyunca mərhələli şəkildə formalaşdırılan və həyata keçirilən dövlət strategiyasının məntiqi nəticəsidir. Müzəffər ordu, güclü iqtisadiyyat və sarsılmaz diplomatik mövqelər qısa vaxt ərzində təsadüfən yaranmır. Bunun arxasında böyük siyasi iradə, təmkin və aydın gələcək baxışı dayanır. Müasir hərbi infrastruktura malik ordunun qurulması, iqtisadi müstəqilliyin təmin edilməsi və beynəlxalq müstəvidə hüquqi bazanın möhkəmləndirilməsi vahid strategiyanın əsas sütunlarını təşkil edirdi.

Deputat diqqətə çatdırıb ki, uğurlu diplomatiya ilə parallel olaraq, dövlət hər an güc tətbiqinə də hazırlaşmalı idi. 2020-ci ilin payızında baş verən 44 günlük Vətən müharibəsi Cənubi Qafqazda güclər nisbətini kökündən dəyişdi. Ərazilərimizin böyük hissəsi azad edildikdən sonra imzalanan üçtərəfli bəyanat erməni silahlı qüvvələrinin regiondan tam çıxarılmasını nəzərdə tutsa da, qarşı taraf yeni təxribatlara, ərazilərin minalanmasına və qanunsuz hərbi birləşmələri möhkəmləndirməyə cəhd göstərdi. Bu mərhələdə Azərbaycan bir daha strateji təmkin nümayiş etdirərək hüquqi və siyasi imkanlardan sonadək istifadə etdi.

2023-cü il sentyabrın 19-da həyata keçirilən lokal xarakterli antiterror tədbirləri bu prosesin son nöqtəsi oldu. Məqsəd konstitusiya quruluşun bərpası, qanunsuz hərbi birləşmələrin tərksilah edilərək çıxarılması və təhlükəsizliyin təmin olunması idi. Bir sutkadan az davam edən əməliyyat nəticəsində separatçı rejim təslim olmağa məcbur edildi, hərbi strukturlar ləğv olundu və Xankəndi də daxil olmaqla bütün ərazilərimizdə Azərbaycanın dövlət bayrağı ucaldıldı.

K.Bayramov sonda vurğulayıb ki, dövlət quruculuğu, iqtisadi yüksəliş, ordu quruculuğu və çevik diplomatiya zəncirvari şəkildə tam suverenliyin bərpasına xidmət etdi. Prezident İlham Əliyevin imzaladığı sərəncamla 20 sentyabrın Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi təsis edilməsi isə işğaldan tam zəfərə gedən bu böyük tarixi yolun rəsmi və əbədi təsdiqidir.

Cavid