
“Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Rəqəmsal Gələcək” – Region gənclərinin virtual məşğulluğuna dəstək layihəsinin icrasına başlanılır.
Layihə 1 oktyabr – 31 dekabr 2026-cı il tarixlərini əhatə edəcək və Qəbələ və İsmayıllı rayonlarında həyata keçiriləcək. Layihənin əsas məqsədi regionlarda yaşayan 18-29 yaş aralığındakı işsiz gənclərin rəqəmsal bacarıqlarını inkişaf etdirmək, onların müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlar əldə etməsinə, eləcə də virtual məşğulluq imkanlarından səmərəli istifadəsinə şərait yaratmaqdır.
Layihə çərçivəsində Qəbələ və İsmayıllı rayonlarında yaşayan 120 nəfər gəncin iştirakı nəzərdə tutulur. İştirakçıların seçimində gender balansının qorunmasına, həmçinin sosial baxımdan həssas qruplara daxil olan gənclərin layihəyə cəlb edilməsinə xüsusi diqqət yetiriləcək.
Tədbirlər çərçivəsində virtual məşğulluq, frilans fəaliyyəti, rəqəmsal bacarıqlar və onlayn əmək bazarının imkanlarına həsr olunmuş seminar və təlimlər təşkil ediləcək. İştirakçılara karyera planlaşdırılması, iş axtarışı strategiyaları, rəqəmsal platformalardan səmərəli istifadə və müasir əmək bazarında mövcud imkanlardan yararlanma yolları barədə praktiki biliklər veriləcək.
Təlimlər əmək bazarının müasir tələblərinə uyğun bilik və təcrübəyə malik mütəxəssislər tərəfindən keçiriləcək. İştirakçıların nəzəri biliklərini praktiki bacarıqlara çevirmələri məqsədilə müxtəlif praktiki çalışmalar həyata keçiriləcək, onların yerli və beynəlxalq onlayn iş platformalarından istifadəsinə, frilans şəbəkələrinə çıxış əldə etməsinə və potensial işəgötürənlərlə əlaqələr qurmasına dəstək göstəriləcək.
Layihə çərçivəsində gənclərin sahibkarlıq və startap təşəbbüslərinin dəstəklənməsi, biznes mühitinə çıxış imkanlarının genişləndirilməsi, əmək bazarına inteqrasiyanın asanlaşdırılması və məşğulluq xidmətlərindən daha səmərəli istifadənin təşviqi istiqamətində də fəaliyyətlər həyata keçiriləcək.
Layihənin tərəfdaşları sırasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dövlət Məşğulluq Agentliyi yer alır. Əməkdaşlıq çərçivəsində gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, startap ideyalarının inkişaf etdirilməsi, əmək bazarına çıxış imkanlarının genişləndirilməsi, real iş mühiti ilə tanışlıq və praktiki təcrübə imkanlarının yaradılması nəzərdə tutulur.
Təlim proqramını başa vuran iştirakçıların sonrakı fəaliyyətinin izlənilməsi və onların virtual əmək bazarına inteqrasiyasına dəstək göstərilməsi də layihənin əsas istiqamətlərindəndir. Bu məqsədlə gənclərə təlimdən sonra məsləhət və konsultasiya xidmətlərinin göstərilməsi, mövcud iş imkanları barədə məlumatlandırılması və müstəqil fəaliyyətlərinin inkişafına dəstək verilməsi planlaşdırılır.
Layihənin icrası nəticəsində region gənclərinin rəqəmsal bilik və bacarıqlarının artırılması, virtual məşğulluq imkanlarından daha səmərəli istifadə etmələri və müasir əmək bazarında rəqabətqabiliyyətliliklərinin gücləndirilməsi gözlənilir. Eyni zamanda, xüsusilə sosial baxımdan həssas qruplara daxil olan gənclərin məsafədən iş imkanlarına çıxışının genişləndirilməsi və məşğulluq sahəsində inklüzivliyin artırılması hədəflənir.
Uzunmüddətli perspektivdə layihənin region gəncləri arasında virtual məşğulluğa və “Home office” modelinə marağın artmasına, rəqəmsal əmək bazarında yeni imkanların tanınmasına və gənclərin bu sahədə fəaliyyət göstərən şəxslərlə şəbəkələşməsinə töhfə verməsi nəzərdə tutulur.
Layihə çərçivəsində tədbirlərin Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində keçirilməsi nəzərdə tutulur. Layihə tədbirlərində Qəbələ və İsmayıllı rayonlarında yaşayan və layihənin müəyyən etdiyi yaş qrupuna uyğun gələn 120 nəfər gəncin iştirakı təmin ediləcək.