19 Sentyabr 13:06
11:59
357
Bakıda “Yaşayan Mədəniyyət – Bakı Mədəni Maarifləndirmə Festivalı” keçirilib.
AZƏRTAC xəbər verir ki, festival Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Dövlət Turizm Agentliyinin, Suraxanı Rayon İcra Hakimiyyətinin və “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin birgə təşəbbüsü ilə təşkil olunub.
Əvvəlcə Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Qoruqların İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli, “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin baş katibi Aysel Tahirova, Milli Məclisin deputatları Ülviyyə Həmzəyeva, Rizvan Nəbiyev, Rövşən Muradov, Arzuxan Əlizadə və Vüqar İskəndərov çıxış ediblər. Çıxışlarda Azərbaycan mədəniyyətinin və irs nümunələrinin qorunması, təbliği və tanıdılması, milli-mənəvi dəyərlərin gələcək nəsillərə çatdırılması, maarifləndirici təşəbbüslərin həyata keçirilməsi və bu istiqamətdə ictimai layihələrin dəstəklənməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Festival çərçivəsində mədəniyyət və irs mövzusunda panel müzakirəsi təşkil olunub. Müzakirə zamanı bu sahədə maarifləndirmənin genişləndirilməsi, irs nümunələrinin qorunması və cəmiyyətə çatdırılması istiqamətində həyata keçirilən işlər barədə fikir mübadiləsi aparılıb.
Həmçinin Bakı Uşaq və Gənclər Teatrının təqdimatında “Sehrli güzgü” tamaşası nümayiş olunub. Tamaşa uşaqların mədəni və estetik dünyagörüşünün inkişafına, onların teatr sənətinə marağının artırılmasına xidmət edib.
Günün sonunda festival iştirakçıları üçün açıq səma altında Azərbaycan kinosunun klassik nümunələrindən olan “Əhməd haradadır?” filminin nümayişi təşkil olunub.
Qeyd edək ki, “Yaşayan Mədəniyyət – Bakı Mədəni Maarifləndirmə Festivalı” çərçivəsində keçirilən tədbirlər Azərbaycan mədəniyyətinin və irsinin müxtəlif istiqamətlərinin ictimaiyyətə təqdim olunmasına, maarifləndirmənin genişləndirilməsinə və milli-mədəni dəyərlərin təbliğinə yönəlib. Festival dövlət qurumları və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın inkişafına, həmçinin mədəniyyət sahəsində maarifləndirici təşəbbüslərin dəstəklənməsinə töhfə verib.
18 Sentyabr 21:12
1 491
18 Sentyabr 16:45
1 547
18 Sentyabr 15:40
1 589