13:59
763
Pakistan hakimiyyəti hazırda həbsdə olan keçmiş baş nazir və müxalif "Ədalət Hərəkatı" (ƏH) partiyasının təsisçisi İmran Xanın bacıları Uzma Xan və Norin Niyazini saxlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Express Tribune" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, onlar ictimai qaydanın qorunması haqqında sərəncam əsasında 30 gün müddətinə saxlanılıblar. Bir gün əvvəl siyasətçinin digər bacısı Alimə Xan da eyni maddə ilə saxlanılmışdı.
Həbslər ƏH partiyasının keçmiş baş nazirin azadlığa buraxılması tələbi ilə sentyabrın 27-də İslamabadda keçirməyi planlaşdırdığı etiraz aksiyası ərəfəsində həyata keçirilir.“The Express Tribune” qəzetinin əldə etdiyi 20 sentyabr tarixli hökumət sərəncamına əsasən, həbslər Mülki Xəttlər üzrə Polis Müfəttişinin və Rayon Kəşfiyyat İdarəsinin hesabatlarına əsaslanır. Sənədlərdə hər iki qadının fəaliyyətinin "ictimai təhlükəsizliyə təhdid törətdiyi və ictimai qaydanı pozduğu" iddia edilirdi.
Polis və xüsusi xidmət orqanlarının nümayəndələri bildirirlər ki, Uzma Xan və Norin Niyazi mayın 9-da keçirilən etirazlarda və yolların bağlanmasında iştirak edib, həmçinin "fəalları dövlət və ictimai əmlaka zərər vurmağa təhrik ediblər". Sərəncamda həmçinin deyilir ki, qadınlar "sosial şəbəkələr və ictimai toplantılar vasitəsilə fəalları yenidən səfərbər edərək hüquq-mühafizə qaydalarına təhlükə yaradıblar", eləcə də "hökumət və dövlət təsisatlarına qarşı yolverilməz şüarlar səsləndirərək ictimaiyyəti təhrik edib qızışdırıblar".
Məryəm Quliyeva