DSX əməliyyat keçirib Hadisə

DSX əməliyyat keçirib

Külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb

Azərbaycan sərhədçiləri tərəfindən qabaqlayıcı əməliyyat məlumatları əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, 23 avqust 2015-ci il tarixdə Ağstafa rayonunun Sadıxlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasına gətirilmək üçün sərhədboyu zolaqda gizlədilmiş 120 qutuda 3000 (üç min) ədəd, 30 avqust 2015-ci il tarixdə isə Ağstafa rayonunun Dəmirtəpə adlanan ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Qazax rayon sakini, 1990-cı il təvəllüdlü Zülfüqarov Natiq Nəbi oğluna məxsus yataqda gizlədilmiş 17 ədəd bağlamada 5 adda 4411 (dörd min dörd yüz on bir) ədəd Çin istehsalı olan pirotexniki vasitə aşkar edilərək götürülüb. 30 avqust 2015-ci il tarixdə Şıxlı buraxılış məntəqəsində Ağcabədi rayon sakini, 1970-ci il təvəllüdlü Hüseynov Eldar İmran oğlu Azərbaycan Respublikasında qeydiyyatda olan avtomobilə məxsus texniki pasportla və AZ 99-NF-844 dövlət nömrə nişanını Gürcüstan Respublikasında qeydiyyatda olan "Mercedes-Benz" markalı avtomobilin üzərinə bağlayaraq dövlət sərhədindən keçirərkən saxlanılıb. Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.