“Yunuslar QHT adı altında dörd Avropa ölkəsində sənədli-sübutlu xüsusi villaya sahibləniblər” Hadisə

“Yunuslar QHT adı altında dörd Avropa ölkəsində sənədli-sübutlu xüsusi villaya sahibləniblər”

Siyavuş Novruzov: "Bunların Qərb, eləcə də Azərbaycan banklarında hesabları müəyyən olunub"

"Bilirsiniz, bunun heç bir əsası yoxdur. Kimsə hansısa xarici təşklatdan maliyyələşərək, Azərbaycan xalqının, Azərbaycan dövlətçilik maraqlarının əleyhinə fikirlər səsləndirirsə, erməni lobbisi ilə iş birliyi qurursa, Ermənistanın ərazisinə keçib orada ermənilərin xüsusi-xidmət orqanlarımım əməkdaşları ilə gizli görüşlər keçirirsə, qarantlar alıb onu layihəyə deyil, Azərbaycanda iğtişaşlar törətməyə, sabitliyi pozmağa xərcləyirsə, nəticədə isə özlərini həm müxalifətçi hesab edirlərsə, bu belə deyil. Çünki müxalifətçiliyin anlayışı, forması, düsturu var və bunların heç birinin AXCP adlı dərnəyə, onun filialı olan "Milli Şura"ya adidiyyatı ümumiyyətlə yoxdur". Bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. O, bildirib ki, məsələn, vaxtilə "Milli Şura" deyilən quruma üzv olmuş partiyalara nəzər salsaq, sonradan həmin partiyaların oradan nəyə görə çıxdıqlarını da görmüş olarıq: "Onlar sonradan dərk etdilər ki, "Milli Şura", AXCP bilavasitə Azərbaycana qarşı düşmən mövqeyi sərgiləyən qaranlıq siyasi dairələrlə iş birliyinə gedir. Məsələn, həmin ərəfələrdə Müsavat Partiyası bəyanat verdi ki, "Milli Şura"nın prezident seçkilərindəki namizədi əvvəlki prezident seçkilərində iştirak edən digər müxalifət namizədindən qat-qat az səs toplayıb.
Nəinki "Milli Şura"dan, eləcə də AXCP-dən kifayət qədər çox adam istefa verdi. Ümmiyyətlə, belə istefalar hər zaman olub. Hətta bu gün "Milli Şura"ya sədrlik edən Cəmil Həsənli 10 il bundan öncə parlament seçkiləri ərəfəsində AXCP üzvlüyündən istafa verdi. Yəni mən bu gün mətbuatdan oxuyuram ki, Razi Nurullayevə, eləcə də oradan çıxan digər insanlara satqın, xain, hakimiyyətə işləyən damğası vurmağa çalışırlar, onları təhqir edirlər. Hansı ki, onlardan imtina edən insanlar öz istəklərini nümayiş etdirirlər, səsləndirirlər. Əgər biz demokratiyadan, söz azadlığından, fikir prüalizmindən danışırıqsa, onda bu insanlar da azad şəkildə öz fikirlərini bildirirlər. Yox, əgər qarşı tərəfin istefaya gedənlərə qarşı kifayət qədər tutarlı arqumentləri varsa, onda bunu ortaya qoysunlar. Yox, əgər arqumentləri yoxdursa, onda xain, satqın, iqtidara işləyənlər kimi adlandırmasınlar o insanları".
"Əli Kərimlinin fəaliyyətinə gəlincə, eləcə də Gültəkin Hacıbəylinin iddialarına münasibət bildirərkən onu da deyə bilərik ki, əslində onun siyasət donu altındakı fəaliyyətini Azərbaycan xalqı yaxşı xatırlayır",- deyən S.Novruzov bildirib ki, vaxtilə o Bakı Dövlət Universitetində təhsil alarkən, komsomola katib seçilməkdən ötrü bütün dostlarını satdı: "O, 90-cı illərdə də satqınçılıqla məşğul olub. Xalq Cəbhəsini ələ almaqdan ötrü "Yurd" təşkilatını quraraq, partiyanın ortaya qoyduğu siyasi mahiyyətini bütünlüklə pozmuş oldu, Elçibəyə xəyanət etdi və nədir ki, orada sədr vəzifəsini tutacaq.
Və yaxud, 2000-ci ildə parlamentə qatımaq üçün, Müsavatla birləşdiyi bloka xəyanət etdi. Bu gün ona yaxın olan mətbuat yazır ki, Əli Kərimli satılmayıb. Əslində Əli Kərimli çoxdan satılıb, sadəcə onu hazırkı məqamda alan yoxdur. Hətta Gültəkin Hacıbəyli Əli Kərimlini bazara çıxarsa da onu alan tapılmır.
Əli Kərimli zamanında da indi də erməni lobbisinə, erməni lobbisinin maliyyələşdirdiyi beynəlxalq təşkilatların pullarına o qədər çox satılıb ki, bunların sayı-hesabı belə, öz çoxluğundan itib. Belə də ki, Əli Kərimlinin "siyasi fəaliyyəti" milçəyin vızıltısından o tərəfə keçmir. Əli Kərimlinin AXCP-si, nə Əli Kərimlinin "Milli Şura"sı, nə Əli Kərimlinin yan-yörəsi Azərbaycandakı proseslərə təsir etmək gücündə deyil. Bu gün onun haqqında düşünən ancaq ona pul verən, onu satın almaq istəyənlərdir ki, onların da məqsədləri bəllidir. Əli Kərimli özünü satışa çıxarmaqdansa, gəlsin seçkilərə qatılsın. Xalq da görsün ki, bu adam seçkilərə qatılmaq imkanını itirməyib. Ancaq onun elektorat qıtlığı yaşaması, sosial bazasının olmaması hər şeyi tam açıqlığı ilə ortaya qoymuş olub. Hətta seçkilərə bu vəziyyətdə qatılsa belə, o kimi irəli sürəcək? Baxsınlar ki, onların seçkilərdə iştirak eyməyə layiq olan admaları varmı? Heç olmasa, 10 adamının adını ardıcıl şəkildə qeyd etsinlər. Hətta adam tapıb seçkilərdə iştirak etsələr belə, ən zəif namizəd bunların "güclü" namizədi üzərində qələbə çalacaq. Bunların potensialları tükənib və yerlərində saymaqla məşğuldurlar. Ona görə də bəlkə başlarına gələcək biabırçılıqları anlayaraq, rüsvay olmamaq üçün bəhanələr gətirməklə məşğuldurlar. Onlar həmçinin, Azərbaycan haqqında mənfi imic formalaşdırmaq istəyən xarici qüvvələrin əlində dəstəvuzluq edirlər ki, guya ölkəmizdə siyasi partiyalar ictimai-siyasi proseslərdən uzaq qalır, onlara seçkilərə qatılmağa imkanlar verilmir və s. Onlar həm də anlamırlar ki, mandat təyinatla deyil, seçki ilə verilir. Bu gün Əli Kərimlinin yanında olan bəziləri deputat olduqları zaman xatırlamalıdırlar ki, onlar vaxtilə YAP-ın dəstəyi ilə deputat seçilmişdilər. İndi də əgər özlərinə inamları varsa, Əli Kəriminin dəstəyi ilə deputat seçilsinlər".
"HRW" təşkilatının Azərbaycanın Avropa Şurası sıralarından çıxmasını tələb etməsinə və bunu Xədicə İsmayıla çıxarılmış hökmlə əlaqələndirməsinə də toxunan S.Novruzov deyib ki, bunlar bir müddət öncə Avropa Oyunlarını boykot etməyə çağırışlar etdilər: "Halbuki, idmanın siyasətə heç bir aidiyyatı yoxdur. Hətta BMT-nin tövsiyələri, qətnaməsi var ki, idman siyasət deyil. Hətta düşmən olan ölkənin nümayəndəsi digər dövlətin ərazisində keçirilən idman yarışlarında iştirak edə bilər. Məsələn, baxmayaraq ki, Ermənistanla müharibə vəziyyətindəyik, demək olar ki, gündə atəşkəs rejimi onlar tərəfindən pozulur, torpaqlarımız işğal altındadır, onların idmançıları Avropa Oyunlarında itirak etmək üçün Azərbaycana gəldilər. Bizim də idmançılarımız dəfələrlə Ermənistanda keçirilən idman yarışlarında iştirak ediblər.
Ancaq bu gün HRW, "Freedom House", Soros Fondu, Reportyorların Azadlığı kimi təşkilatlar indi də seçki mühitindən istifadə edərək Azərbaycanın təmsil olunduğu nüfuzlu təşkilatlardan, həmçinin, Avropa Şurasından çıxarılmasını istəyirlər. Nə qədər məntiqsizlik var burada?! Nədir ki, cinayət törətmiş şəxslər qeyd-şərtsiz azadlığa buraxılmalıdırlar. Burada iki məqam var. Birincisi, bunlar həmin qrantların mənimsənilməsində birgə itşirak ediblər". Onun dediyinə görə, istintaq açıb-ortaya qoyub ki, nəzərdə tutulan qrant həmin fərdə, həmin quruma verilməyib: "Orada məbləğ göstərilməsinə baxmayaraq, beynəlxalq təşkilat tərəfindən mənimsənilib. Bu isə Avropanın özündə çox ciddi bir faktdır. Məsələn, bir müddət öncə FİFA ilə bağlı verilən qərarları götürək. Bu gün həmin təşkilatın rəhbərləri başda Blatter olmaqla qorxu və təlaş içindədirlər.
Azərbaycanda bənzər işlər açıldıqdan sonra onların nə qədər pul mənimsəmələri ifşa olundu. Bu səbəbdən, özünü ağıllı hesab edən bir insan heç vaxt belə çirkin işlərə getməz. Ona görə də həmin beynəlxalq təşkilatlar özlərinə elə adamlar seçirlər ki, əslində həmin adamlar ibtidaidən bu cür çirkin işlərlə məşğul olurlar. Ona görə də bu adamlar həmin pulları alıb bir hissəsini həmin təşkilatın özünün mənimsəməsinə şərait yaradır, yerdə qalanını isə nəzərdə tutulan istiqamətə deyil, tamamilə başqa istiqamətə yönəldirlər.
Məsələn, yəqin ki, Emin Hüseynlini xatırlayırsınız. O, bir müddət İsveçrə səfirliyində gizləndi. O bir il içində 1,5 milyon dollar vəsait almışdı və vergidən 160 min manat gizlətmişdi. Mən kimə sual etdim ki, Emin Hüseynlinin qrant tədbirlərində hansısa jurnalist, vətəndaş cəmiyyəti institutunun nümayəndələri iştirak edibmi? Bu suala cavab verən tapılmadı. Çünki qrantlar müqabilində heç bir tədbir keçirilməyib. Sonradan isə məlum olub ki, o bir ofis tutub və orada vaxt keçirmək üçün yığışıblar, çay içməklə məşğul olublar. Nəticədə bu cinayətin üstü açılmasın deyə, Emin Hüseynli neytral bir ölkənin səfirliyində gizləndi. Sonradan isə xahiş minnətlə ölkədən çıxarıldı.
Bu gün məsuliyyətə cəlb olunan Xədicə İsmayılın da cinayəti demək olar ki, ona bənzərdir. Bu insanlar qanunsuz vergidən yanımaqda, vətənə xəyanətdə ittiham olunmaqdadırlar. Söz yox ki, burada da erməni lobbisinin kifayət qədər rolu var ki, onları bu işlərə cəlb edən də məhz bu lobbidir. Leyla və Arif Yunusların, eləcə də digərlərinin də bu kimi işlərdə əllərinin olması sübuta yetirilib. Onlar Ermənistanda həm Azərbaycan haqqında düşmənə lazım olan informasiyaları ötürür, düşmən mətbuatında həmin informasiyaların yaylmasını təmin edir, həm də ölkənin maraqlarını satırlar. Üstəlik, guya Ermənistanın dünyada "demokratik ölkə" kimi mövcud olması reklamını aparırlar. Nəticədə qanun qarşısında cavab vermək məqamı gələndə bunların yadlarına Azərbaycandakı "anti-demokratiya" düşür".
O, əlavə edib ki, İndi bunları müdafiə edənlər məhz Əli Kərimli və ətrafıdır: "Baxın, Leyla və Arif Yunusları bir balaca "silkələməklə" hansı faktlar ortaya çıxdı. Bunlar heç bir yerdə işləməyə-işləməyə, bir QHT adı altında dörd Avropa ölkəsində sənədli-sübutlu xüsusi villaya sahibləniblər. Bunların Qərb banklarında, eləcə də Azərbaycan banklarında hesabları müəyyən olunub. İndi baxın, Əli Kərimlini "xidmətlərinə" görə "silkələsələr" nələr ortaya çıxacaq!
Bu baxımdan da həmin xarici təşklatlar taleyüklü məsələlər gələndə, seçkilər ərəfəsində düşürlər ortaya və köhnə havalarını çalmağa başlayırlar. Ancaq bunlara deyən yoxdur ki, bu gün Azərbaycanla bağlı hər hansı nüfuzlu quruma müraciət edərkən, sənə bu ixtiyarı kim verib? Sən məhkəməsən, yoxsa Azərbaycanı ittiham edən prokuror, ya da müstənq? Ümumiyyətlə, sənin məsələnin mahiyyətindən xəbərin var, ya yoxdur və bəlkə ittiham olunan şəxs etiraf edib ki, "mən bu cinayəti törətmişəm" və s. Baxın, artıq bunlar bir göstəriş verirlər. Ancaq onlar öz saydıqlarını saymaqla məşğul olurlar. Azərbaycan demokratiya yolu ilə gedir. Ölkəmizə qarşı qarayaxma kampaniyası aparanlar növbəti dəfə fiaskoya uğrayacaqlar, uğursuzluqla baş-başa qalacaqlar.
Fikirlərimi qədim bir atalar sözümüzlə bitirmək istərdim: "Məscidin gümbəzinə nə qədər daş atsan, o daş sürüşüb düşər". Azərbaycana nə qədər daş atmağa çalışsalar da onların şər-böhtanları bizim ölkəmizə yapışmayacaq. Çünki Azərbaycan öz qətiyyətli yolu ilə gedir və onu bu yoldan əsla kimsə döndərə bilməyəcək".