
“Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın son onilliklərdə keçdiyi siyasi yolun mahiyyətini və qarşıdakı mərhələnin əsas prioritetlərini müəyyənləşdirən mühüm strateji mesajlarla zəngindir. Çıxışın əsas mesajı ondan ibarətdir ki, Azərbaycanın əldə etdiyi nəticələr ayrı-ayrı hadisələrin deyil, ardıcıl və uzunmüddətli dövlətçilik strategiyasının qanunauyğun nəticəsidir. Bu strategiyanın iki əsas dayağı isə müstəqil xarici siyasət və Ulu Öndər Heydər Əliyevin siyasi irsinin müasir mərhələdə davam etdirilməsidir”.
Bunu xalqcebhesi.az-a politoloq Aytən Qurbanova deyib.
Politoloq bildirib ki, Azərbaycanın müstəqil xarici siyasətinin əsas üstünlüyü milli maraqları xarici siyasət qərarlarının başlıca meyarına çevirməsidir: “Ölkəmizin Çin, ABŞ, Rusiya, Avropa İttifaqı, Türkiyə və digər mühüm aktorlarla paralel əməkdaşlıq münasibətləri Azərbaycanın hər hansı geosiyasi qütbün gündəliyinə uyğunlaşmadan öz maraqları əsasında tərəfdaşlıq siyasəti yürütməsinə imkan verir. Çin və Avropa İttifaqının bir sıra üzv dövlətləri ilə strateji tərəfdaşlıq münasibətləri bu siyasətin praktiki nəticələridir. Burada söhbət yalnız çoxşaxəli diplomatiyadan getmir. Məsələnin əsas mahiyyəti Azərbaycanın öz xarici siyasət gündəliyini formalaşdırmaq və beynəlxalq proseslərdə passiv müşahidəçi deyil, təşəbbüskar tərəf kimi çıxış etmək imkanını qorumasıdır. Qoşulmama Hərəkatına sədrliyi, Türk Dövlətləri Təşkilatında fəal təşəbbüsləri, İslam Əməkdaşlıq Təşkilatı və D-8 çərçivəsində fəaliyyəti, Mərkəzi Asiya ilə əlaqələrin genişləndirilməsi bunun bariz göstəricisidir. Azərbaycan artıq yalnız müxtəlif platformalarda iştirak edən deyil, həmin platformaların gündəliyinə təsir göstərən və yeni əməkdaşlıq imkanları yaradan dövlət kimi çıxış edir”.
A.Qurbanovanın sözlərinə görə, müstəqil siyasətin digər mühüm nəticəsi isə Azərbaycanın etibarlı dialoq və əməkdaşlıq məkanı kimi mövqeyinin möhkəmlənməsidir: “Geosiyasi qarşıdurmaların dərinləşdiyi bir dövrdə müxtəlif güc mərkəzləri ilə eyni vaxtda konstruktiv münasibətlər saxlamaq və onları ortaq maraqlar ətrafında bir araya gətirmək Azərbaycanın beynəlxalq etimadını və diplomatik çəkisini artırır. Bakı şəhərinin mühüm beynəlxalq görüş və dialoq platformalarından birinə çevrilməsi də bu siyasətin real nəticələrindən biridir. Prezident İlham Əliyevin çıxışında Ulu Öndər Heydər Əliyevin siyasi irsinin xüsusi vurğulanması isə tarixi varislik məsələsindən daha geniş məna daşıyır. Ulu Öndərin siyasi irsi dəyişməz prinsiplər üzərində qurulub. Bu prinsiplər milli müstəqillik, güclü dövlətçilik, iqtisadi müstəqillik, hərbi qüdrət və milli imkanlardan maksimum istifadə əsasında formalaşıb. 1990-cı illərdə başlıca vəzifə dövlətçiliyin qorunması və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi idisə, sonrakı mərhələdə iqtisadi potensialın artırılması, ordu quruculuğu və diplomatik imkanların genişləndirilməsi bu strategiyanın əsas istiqamətlərinə çevrildi. Nəticədə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası üçün zəruri siyasi, iqtisadi və hərbi baza formalaşdırıldı. Məhz bu baxımdan yanaşdıqda, Qarabağ Zəfərini yalnız 44 günlük müharibənin nəticəsi kimi təqdim etmək Azərbaycanın keçdiyi strateji yolu tam əks etdirmir. Zəfərin arxasında illərlə həyata keçirilən dövlət quruculuğu, iqtisadi gücün artırılması, ordu quruculuğu, fəal diplomatiya və milli iradə dayanır. 2020-ci ildə ərazi bütövlüyümüzün bərpası, 2023-cü ildə isə suverenliyimizin tam təmin edilməsi bu uzunmüddətli strategiyanın məntiqi nəticəsi oldu”.
O eləcə də qeyd edib ki, Zəfərdən sonra əsas vəzifə əldə edilmiş nəticələri davamlı dövlət gücünə çevirməkdir: “Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın sürətləndirilməsi, iqtisadi imkanların genişləndirilməsi, hərbi potensialın daha da gücləndirilməsi və insan kapitalının inkişafı yeni mərhələnin əsas prioritetlərini müəyyənləşdirir. Əslində, xarici siyasətin müstəqilliyi ilə ölkənin daxili gücü arasında birbaşa əlaqə mövcuddur. Güclü iqtisadiyyat, müasir ordu, siyasi sabitlik və dayanıqlı dövlət institutları Azərbaycanın beynəlxalq müstəvidə müstəqil qərarlar qəbul etmək imkanlarını genişləndirir. Ona görə də, Azərbaycanın yeni mərhələdə dövlətçilik strategiyası siyasi, iqtisadi, hərbi və diplomatik imkanların vahid milli güc konsepsiyası ətrafında birləşdirilməsini tələb edir. Nəticə etibarilə, YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışı müstəqillikdən güclü dövlətə, Zəfərdən davamlı suverenliyə, regional aktordan daha geniş beynəlxalq təsir imkanlarına doğru yeni mərhələnin strateji çərçivəsini təqdim etmiş oldu. Yeni Azərbaycanın qarşısında dayanan əsas vəzifə isə əldə etdiyi siyasi və geosiyasi imkanları qorumaqla yanaşı, onları uzunmüddətli milli inkişafın, təhlükəsizliyin və beynəlxalq nüfuzun daha da möhkəmləndirilməsinə yönəltməkdir”.
Röya İsrafilova