“Jurnalist ictimaiyyətinin dəstəyi önəmlidir” Hadisə

“Jurnalist ictimaiyyətinin dəstəyi önəmlidir”

Mətbuat Şurası qabiliyyət imtahanlarının nəticələrini müzakirə edəcək


"Mətbuat Şurası yaxın günlərdə ali məktəblərin jurnalistika fakültələrinə qəbulda qabiliyyət imtahanının 2015-ci il üçün nəticələri ilə bağlı konfrans keçirəcək. Düşünürük ki, nəticələrin cəmiyyət, o cümlədən jurnalist ictimaiyyəti tərəfindən geniş müzakirəsinə ehtiyac var".
Bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Əflatun Amaşov xatırladıb ki, 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına 198 yer üzrə cəmi 57 nəfər uğur qazanmışdı. Bunun aşağı göstərici olduğunu qeyd edən Şura sədri vurğulayıb ki, mövcud nəticə heç də prosesin qeyri-effektivliyi kimi dəyərləndirilməməlidir: "Bu istiqamətdə seçilmiş yol var. O yolun gedilməsi jurnalistikanın ümumən cəmiyyətdəki imici baxımından zəruridir. Bu imici formalaşdıranlar peşəsini sevən, ona sadiq olan peşəkar jurnalistlərdir. Qabiliyyət imtahanının tətbiqi bizə məhz həmin kadrları yetişdirmək üçün imkan yaradır. Məsələnin prinsipial tərəfi budur. Hesab edirik ki, qabiliyyət imtahanının təşkilində də mövcud prinsip rəhbər tutulmalıdır. Bunun üçün jurnalist ictimaiyyətinin dəstəyi önəmlidir. Biz nəticələri geniş şəkildə müzakirə etməli, bir sıra məqamları araşdırmalıyıq", - deyə o əlavə edib.
Əflatun Amaşov bütün dövrlərdə jurnalistikanın cəmiyyətdə populyarlığının olduğunu söyləyib: "Ali məktəblərə sənəd verən abituriyentlərin 341-nin ixtisas seçimində jurnalistikanı da göstərməsi sıradan məsələ sayılmamalıdır. 163 nəfərin qabiliyyət imtahanında iştirakının özü yaxşı nəticədir. Ortada isə onlardan yalnız 57-nin uğur qazandığını əks etdirən mənzərə var. Əlbəttə, 198 yerin ayrıldığını nəzərə alsaq, heç də o demək deyil ki, 163 nəfərin hamısı qabiliyyət imtahanından uğurla keçməliydi. Ancaq məsələyə yanaşma da önəmlidir. Jurnalistika spesifik sahədir. Orta məktəb partası arxasından durub gəlmiş adamda bu peşəyə lazım olan göstəricilərdən bir neçəsi varsa, yetərlidir. Qalan vərdişlər, eləcə də bilik səviyyəsi tədris prosesində də aşılanır. Qabiliyyət imtahanının təşkili mexanizmində bunlar nəzərə alınmalıdır. Hesab edirəm ki, konfransda bu kimi məsələləri ətraflı müzakirə etmək, təkliflər müəyyənləşdirmək imkanımız olacaq".
MŞ sədri onu da bildirib ki, jurnalistikaya marağı artırmaq üçün yeni layihələrə, müvafiq maarifləndirmə işlərinə ehtiyac var: "Buna görə də konfransın gündəliyinə mövcud istiqamətdəki tədbirlərin sistematikliyini təmin etmək üçün hansı işlərin görülə biləcəyinə dair müzakirələr də daxildir. İyulun 31-də jurnalist olmaq istəyən bakalavrlar üçün keçirilən imtahanda iştirak etmək hüququ qazanan 341 abituriyentdən 178 nəfəri imtahana gəlmədi. İmtahana qeyd etdiyim kimi, yalnız 163 abituriyent qatıldı. 178 nəfər çox güman ki, ilkin mərhələdə yüksək bal topladığı üçün jurnalistikanı deyil, digər sahəni seçdi. Belə hallar maarifləndirmə səviyyəsinin azlığından qaynaqlanır. Jurnalistikanın demokratik cəmiyyət quruculuğundakı müstəsna əhəmiyyətini nəzərə alaraq, bu peşə ilə bağlı təbliğat işlərinin hətta orta məktəb şagirdləri arasında da aparılması faydalı olardı. Düşünürəm ki, konfransda mövcud istiqamətdə də diskussiyalar gedəcək, maraqlı təkliflər səslənəcək".