“Nardaranda baş verən son hadisələrə Milli Şuranın ayrı “don” geyindirməsi...” Hadisə

“Nardaranda baş verən son hadisələrə Milli Şuranın ayrı “don” geyindirməsi...”

Tahir Rzayev: "Bunu əhalinin sosial problemləri, qəsəbə əhalisinin incidilməsi ilə əlaqələndirməsi çox təəssüfedici haldır"

Noyabrın 26-da Nardaranda baş verən hadisəyə siyasi qüvvələr fərqli mövqe sərgiləyir. Bəzi müxalifət təşkilatları bu olayın üzərindən sükutla keçir, bəziləri baş verənləri qınayır, xüsusilə dinin siyasiləşdirilməsini, sonrakı mərhələdə radikal xəttə keçməsini, silaha əl atılmasını və nəticədə polis əməkdaşlarının öldürülməsini qətiyyətlə pisləyir. Lakin adəti üzrə ölkədə özünü yeganə müxalifət hesab edən Milli Şura adlanan radikal qurum hadisələrdən maraqlarına uyğun formatda istifadə etməyə çalışır, bu zaman müstəqillik, milli təhlükəsizlik kimi məsələlər nəzərə alınmır. Hətta bir qədər irəli gedilərək bu kimi situasiyalardan hakimiyyətə və ölkədə həyata keçirilən tədbirlərə ləkə yaxmağa çalışılır. Bu hal Azərbaycanda keçirilən "Avroviziya" mahnı müsabiqəsi, Avropa Oyunları zamanı da özünü açıq formada büruzə vermişdi. Görünən budur ki, Milli Şura hər bir məsələdə hökumətə, bəzən dövlətə qarşı ləkə yaxmaqdan çəkinmir. Hətta iş o yerə gəlib çatıb ki, aparılan islahatlardan da hakimiyyətə qarşı istifadə olunur. Baxmayaraq ki, bir müddət əvvəl məhz Milli Şura adlı qurumda təmsil olunan şəxslər islahatlar haqqında mətbuata gen-bol müsahibələr verir, bunun vacib olduğunu ifadə edirdilər. Lakin müşahidə olunan budur ki, məqsəd ölkənin inkişafı, firavanlıq, yaxşı sosial təminatın yaradılması deyil, hər bir fürsətdən istifadə etməkdir. Bu yolun uğursuzluğa düçar olacağına heç bir şübhə yeri qalmır. Çünki yalan üzərində aparılan siyasət sonda iflasa məhkumdur. Milli Şuranın son illər fəaliyyəti göstərir ki, bu qurum Azərbaycanın nüfuzunu zədələmək üçün xarici anti-Azərbaycan qüvvələrin pozucu fəaliyyətinə, ermənilərə və terrorçulara da bəraət qazandırmağa hazırdır. Təsadüfi deyil ki, bu qurum və onun başında duran anti-milli ünsürlər, onların nəzarətində olan media vasitələri "Müsəlman Birliyi Hərəkatı" adlanan terrorçu təşkilatı müdafiə edib, hətta bu təşkilatın üzvləri tərəfindən iki polisin qətlə yetirilməsinə bəraət qazandırmağa çalışıb. Nardaranda terrorçuların fəaliyyəti nəticəsində yaranmış vəziyyəti guya əhali ilə hakimiyyətin qarşıdurması kimi qələmə verən Milli Şura bundan öz anti-milli fəaliyyətinə bəraət qazandırmaq üçün istifadə edib və yararlanmağa çalışıb. Bununla Milli Şura Azərbaycan dövlətinin maraqlarına düşmən münasibətini büruzə verib və terrorçularla həmrəy olduğunu açıq göstərib. Milli Şura nəinki ən ciddi qınaq obyektinə çevrilməli, onun terrora dəstək verən başçıları da məsuliyyətə cəlb olunmalıdırlar. Əslində, Milli Şuranın Azərbaycanı sevməyən qüvvələrə dəstək verməsi və ya pas ötürməsi halı ilk dəfə deyil. 2013-cü il prezident seçkiləri zamanı Milli Şura adlanan qurum "Milyarderlər İttifaqı" adlı təşkilatla ünsiyyət yaratmağa cəhd etmişdi. Düzdür, sonda hər iki qurum zəifləyərək sıradan çıxmışdı. Lakin təhlillər göstərir ki, Milli Şuranın anti-Azərbaycan fəaliyyəti ara vermir. Bir müddət əvvəl Milli Şuranın rəhbərliyi Taleh Bağırzadəni açıq müdafiə etmişdi. Həmin zaman sosial şəbəkələrdə bu fakt ciddi müzakirə olunmuş, Milli Şura rəhbərliyinə ciddi iradlar irəli sürülmüşdü. Bu qurumun guya sökəndiyi iddia etdiyi demokratik dəyərlərin şəriət dəyərlərinə qurban verildiyi açıq ifadə olunmuşdu. Bundan dərhal sonra şura rəhbərliyi açıqlama vermiş, guya bu məsələlərə qarşı olduğunu bildirmişdi. Nardaranda baş verən olaylar günü Milli Şuraya bağlı media da fəaliyyətindən qalmamış, Nardaranda baş verən hadisələri daha çox qəsəbə sakinləri ilə hakimiyyət arasında "qarşıdurma" kimi təqdim edərək bundan siyasi dividendlər qazanmağa cəhd göstərmişdi. Təbii ki, bütün bunlar Milli Şura rəhbərliyinin xeyir-duası ilə ərsəyə gəlmişdi. Dünyanın heç bir ölkəsində özünü müxalifət elan edən qüvvə dövlətin güvənliyini qoruyan polisin və digər xüsusi xidmət orqanlarının əməkdaşlarının öldürülməsinə haqq qazandıra bilməz. Ümumiyyətlə, belə bir təcrübə mövcud deyil. Lakin Nardaranda dini-ekstremist qrupa qarşı aparılan əməliyyat zamanı qətlə yetirilən polis əməkdaşlarının öldürülməsinə Milli Şura az qala haqq qazandırmağa çalışmışdı, bundan əvvəl isə şura rəhbərliyi formatında Taleh Bağırzadə müdafiə olunmuşdu. Belə görünür ki, əslində, siyasi düşüncə, dövlətçilik, Vətənə bağlılıq baxımından Milli Şura rəhbərliyi ilə "Müsəlman Birliyi Hərəkatı" adlanan təşkilat arasında ciddi fərqlər mövcud deyil. Bu qurum Azərbaycanın əleyhinə hətta şeytanı müdafiə etməyə hazır kimi görünür. Hazırda isə ölkəmizin 20 faiz ərazisi məhz separatçılar tərəfindən işğal altındadır.
Millət vəkili Tahir Rzayev deyib ki, Nardaran qəsəbəsində baş verən son hadisələrə Azərbaycanda müəyyən müxalifət qüvvələrinin, eləcə də Milli Şuranın ayrı "don" geyindirməsi və bunu əhalinin sosial problemləri, qəsəbə əhalisinin incidilməsi ilə əlaqələndirməsi çox təəssüfedici haldır. Nardaranda baş verənləri xoşagəlməz hal adlandıran deputat qeyd edib ki, qəsəbədə əhali incidilmir və hər hansı təzyiqə məruz qalmır. Deputat qeyd edib ki, Nardaran hadisələrinə belə "don"un geyindirilməsi təxribatdır. Din pərdəsi altında İraq, Suriya və digər ölkələrdə bir çox hadisələrin baş verdiyini xatırladan T.Rzayev əlavə edib ki, Nardaranda baş verənlərin islam dini ilə heç bir əlaqəsi yoxdur: "Nardaranlıların dinə, Allaha bağlı olmasından istifadə edərək onları əyri yola çəkmək istəyirlər. Nardaranlılar buna getməməlidirlər, çünki onlar müəyyən dairələr tərəfindən aldadılırlar. Bu, Nardaranda baş verən birinci hadisə deyil. Çox təəssüflər olsun ki, daxildə olan müxalif qüvvələr, eləcə də xaricdə onlara dəstək verənlər nardaranlılarla birləşərək Azərbaycan əleyhinə müəyyən təxribatlar törədirlər. Əslində, qəsəbədə baş verənləri bütün nardaranlıların adına yazmaq olmaz. Bu hadisələri din pərdəsi altında çirkin niyyətlərini həyata keçirmək istəyən bir qrup ekstremist qüvvələr törədir, özlərinə lazım olan bir necə adamı ətraflarına yığaraq təxribatlar həyata keçirmək istəyirlər". T.Rzayev qeyd edib ki, Nardaranın sözükeçən, ağsaqqal insanları özlərində iradə taparaq bu hadisələri obyektiv qiymətləndirməli və bu hadisələrin Azərbaycana qarşı törədilən təxribat, ölkədə ictimai-siyasi sabitliyin pozulması cəhdi olduğunu başa düşməlidirlər.
Millət vəkili Musa Quliyev bildirib ki, Nardaranda baş verən hadisələri narahatlıqla izləyir: " Dövlətçiliyə qarşı istənilən qeyri-qanuni hərəkəti çox kəskin şəkildə pisləyirəm. Azərbaycanı zəiflədən addımlara qarşı hamımız bir yerdə mübarizə aparmalıyıq. O insanlar ki dövlətin müəyyən etdiyi qanunlardan kənara çıxır, hətta hüquq-mühafizə orqanlarına, dövlət qulluqçularına silahlı müqavimət göstərir, onlar da, onları dəstəkləyənlər də qınanmalıdırlar. Həm də qanunun ən sərt üzü ilə cəzalanmalıdırlar. Bu dolaşıq, mizanı pozulmuş dünyada Azərbaycan sabitlik, inkişaf adasıdır. Bu sabitlik adasına pis gözlə baxan bütün nəzərlər kəsilməlidir. Daxildə belə insanlar, qüvvələr varsa, onlarla bütövlükdə hamımız mübarizə aparmalıyıq. Ziyalılar, ağsaqqallarımız, sözü eşidilən hər kəs dövlətçilik mənafeyi naminə öz sözünü deməlidir. Hesab edirəm ki, Nardaranın dövlətə bağlı adamları, ziyalıları özləri bu hadisəyə qarşı çıxmalı və oradakı şər yuvası dağıdılmalıdır. Heç kəs başqa dövlətin maraqları naminə öz vətəninə xəyanət etməməlidir".
Onun fikrincə, onların özünü Nardaran xalqı kimi təqdim etməsi savadsızlıqdan irəli gələn məsələdir: "Məni qorxudan odur ki, oradakı müəyyən insanlar zombiləşmək həddinə qədər gəlib çatıb, ideoloji və psixoloji basqının altındadırlar. Bu, çox təhlükəli məsələdir. Hesab edirəm ki, bu məsələ ardıcıl şəkildə xüsusi proqramla işlənməlidir. Dövlətin qanunları öz yerində, ictimaiyyət də öz təsirini göstərməlidir. Azərbaycanın bir kəndinin dövlətə, hökumətə meydan oxuması, öz mənfi imicini ictimaiyyətə qəhrəmanlıq kimi sırımağa çalışması yolverilməzdir. Hesab etmirəm ki, kəndin hamısı dövlətçiliyə qarşıdırlar. Amma onlar da bu insanların girovuna çevriliblərsə, onlara da kömək əlimizi uzatmalıyıq. Mən millət vəkiliyəm, 2 gün, uzaqbaşı 3 gün işıq pulunu gecikdirəndə qapımı döyürlər ki, işığını kəsirəm. Normal bir şeydir. "Nardaranlıların işığı kəsilməməlidir" deyən insanların hansı biri gedib kiməsə pulsuz xidmət göstərər? Heç kəs göstərməz. Dövlətin qayda və qanunları hamı üçündür, buna da tabe olmalıyıq".