Heydər Əliyev Mərkəzində anım mərasimi keçirilib Hadisə

Heydər Əliyev Mərkəzində anım mərasimi keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-i ildə təsis edilmiş "Xocalıya Ədalət" Beynəlxalq Kampaniyası çərçivəsində Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan anım mərasimi keçirilib.
Tədbir çərçivəsində Heydər Əliyev Mərkəzində ölkənin tanınmış rəssamları, heykəltəraşları, eləcə də Rəssamlıq Akademiyasının tələbə və məzunlarının Xocalı faciəsini əks etdirən əsərlərindən ibarət sərgi təşkil olunub.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, ictimai-siyasi xadimlər, Xocalı soyqırımı zamanı yaxınlarını itirmiş sakinlər sərgi ilə tanış olublar.
Sərgidə dünya şöhrətli heykəltəraş-rəssam Reno Vansan Balsanjenin Xocalı soyqırımına həsr etdiyi "Bəyaz əsər" adlı kompozisiyası da təqdim edilib. Əsərdə qətlə yetirilmiş Xocalı sakinləri – qadın və onun ətrafında uşaqlar təsvir olunur. Əsər bir tərəfdən anaya olan sevgi və hörməti, digər tərəfdən isə vətənə - Azərbaycana bağlılığı, onun azadlığı, müstəqilliyi və bölünməzliyi uğrunda mübarizəyə hazırlığı təcəssüm etdirir: "Mən Xocalıda qətlə yetirilən 613 qurbanı xatırlayıram. Onlar alçaq və qorxaqcasına qətlə yetirilib. Bu gün soyqırım qurbanlarının yad edilməsi ilə bağlı Azərbaycana gəlmişəm. Mən Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə yaratdım. Beynəlxalq ictimaiyyətin bu faciəyə susması, laqeyd münasibəti tamamilə qəbuledilməzdir".
Sərgi ilə tanışlıqdan sonra tədbir iştirakçıları Xocalı faciəsində qətlə yetirilmiş soydaşlarımızın xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Tədbirdə çıxış edən Reno Vansan Balsanje deyib ki, Xocalı faciəsini daha dərindən araşdırdıqdan sonra öz təəssürat və hisslərini nümayiş olunan əsərdə ifadə edib. Xocalı sakini Ceyran Əzizova çıxış edərək Ermənistan silahlı bölmələrinin törətdikləri amansızlıqlardan söz açıb.
Tədbirdə çıxış edən Xocalı soyqırımının ilk şahidlərindən, ukraynalı pilot Leonid Kravets Xocalıda gördüyü dəhşətli mənzərəni təsvir edib. O, faciənin səhəri vertolyotla Xocalı sakinlərinin kütləvi qətlə yetirildiyi əraziyə uçub. Növbəti gün isə mərhum jurnalist Çingiz Mustafayev Leonid Kravetsin idarə etdiyi vertolyotda olub və törədilmiş qətliamı kameranın yaddaşına köçürüb: "Mən şokda idim, dəhşətə gəlmişdim. İnanmaq olmurdu. Dünyada belə faciəvi hadisə baş verməmişdi, qadınlar, qocalar, uşaqlar qətlə yetirilmişdilər".
Leonid Kravets Xocalıda törədilən cinayətin birmənalı şəkildə Azərbaycan xalqına qarşı yönəlmiş soyqırım olduğunu bildirib. Tədbirdə Leyla Əliyevanın dəstəyi ilə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu tərəfindən çəkilmiş "Cəhənnəmi görmüş pilot" sənədli filmi də nümayiş olunub. Filmdə Leonid Kravets gördüyü dəhşətləri təsvir edir.
Filmin nümayişindən sonra "Xocalıya Ədalət" Beynəlxalq Kampaniyası barədə geniş təqdimat keçirilib, Kampaniyanın yeni istifadəyə verilmiş saytının təqdimatı olub. Tədbirin sonunda Bakı Musiqili Akademiyasının Gənclər Kamera Orkestrinin ifasında soyqırımına həsr olunmuş musiqi proqramı təqdim edilib.
"Türkiyə prezidentinin səfəri yaxın vaxtlarda olacaq"




"Bu gün Azərbaycanın yaxın tarixindəki ən acı səhifələrdən birinin - Xocalıda 24 il əvvəl erməni silahlıları tərəfindən azərbaycanlı qardaşlarımıza qarşı edilən vəhşiliyin ildönümüdür".
Bu sözləri Xocalı faciəsinin ildonümü ilə əlaqədar "Xocalı" abidəsini ziyarət edən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib.
O bildirib ki, Türkiyə ilə Azərbaycan haqqında danışanda hər zaman könül birliyi vurğulanır: "Həm sevincdə, həm kədərdə birlikdə olduğumuz deyirik. Azərbaycanın bu acı günündə şübhəsiz ki, bizlər də Anadoludakı qardaşları olaraq onlarla bir ürək olaraq bu acını ən dərin şəkildə hiss edirik. Hər il Azərbaycanda anım mərasimlərinə biz də qatılırıq. Ötən il Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gələrək Azərbaycan rəsmiləri ilə birlikdə Xocalı faciəsi qurbanlarını anmışdı. Azərbaycanımızın yaxın tarixindəki bu acı günü biz də hörmətlə anırıq".
Səfir Türkiyə prezidentinin Azərbaycana səfəri ilə bağlı jurnalistlərin sualını da cavablandırıb. İsmayıl Alper Coşkun deyib ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri ən qısa zamanda gerçəkləşdirmək şərti ilə təxirə salınıb.
O bildirib ki, səfər hər iki ölkə başçısının proqramına uyğun olaraq təşkil ediləcək: "Amma düşünürəm ki, səfər çox gec olmadan baş tutacaq".