I sinfə şagird qəbulu ilə bağlı apellyasiya komissiyası yaradılıb Hadisə

I sinfə şagird qəbulu ilə bağlı apellyasiya komissiyası yaradılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva təhsil nazirinin "2016/2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi barədə" 19 fevral 2016-cı il tarixli 108 nömrəli və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "İşçi qrupunun yaradılması barədə" 25 fevral 2016-cı il tarixli 93 nömrəli əmrlərin icrasını təmin etmək məqsədilə əmr imzalayıb.
Əmrdə 2016/2017-ci dərs ili üçün I sinfə şagird qəbulu prosesində valideynlərlə (digər qanuni nümayəndələrlə) ümumtəhsil müəssisələrində şagird qəbulunu həyata keçirən işçi qruplar arasında yarana biləcək mübahisələri həll etmək üçün Bakı şəhərinin 6 təhsil müəssisəsində təşkil olunacaq apellyasiya komissiyalarının (bundan sonra Komissiya) dislokasiyası və tərkibi təsdiqlənib.
Əmrdə qeyd olunub ki, Komissiyanın işinin səmərəli təşkili üçün telefon və davamlı internet bağlantısı ilə təchiz olunmuş otaq ayrılsın, Komissiya və onun iş rejimi ilə əlaqədar zəruri məlumatları əhatə edən elanların müəssisənin girişində nəzərə çarpan yerdə (qəbul günləri və saatları, məsul şəxsin adı, soyadı, iş telefonu, elektron poçt ünvanı) yerləşdirilməsi təmin edilsin. Komissiyalar I mərhələdə 2016-cı il martın 1-dən iyunun 14–dək, II mərhələ iyunun 20-dən sentyabrın 20-dək (iyul ayı istisna olmaqla) fəaliyyət göstərəcək.
Müraciətlərin qəbulu və baxılması hər həftənin III və V günləri saat 10.00-dan 16.00-dək həyata keçiriləcək. Həmin gün iş günü olmayan bayram gününə təsadüf etdiyi halda qəbul bir gün əvvəl təşkil edilir.
Əmrlə Komissiya rəhbərlərinə vətəndaşların müraciətlərinə obyektiv, tam və hərtərəfli baxılsın, işçi qrupla vətəndaş arasında yaranmış mübahisələrin və fikir ayrılıqlarının tənzimlənməsi istiqamətində tədbirlər həyata keçirilməsini, müraciətlərə dərhal baxılmasını, araşdırmanın dəqiq aparılması üçün ehtiyac olduğu halda işçi qrupdan əlavə məlumatların alınmasının təşkilini, təhsil haqqında qanunvericiliyə və digər normativ aktlara uyğun qərar qəbul olunmasını təmin etmək tapşırılıb.
Qeyd edək ki, ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin bu sistemdə qeydiyyatı 2016-cı il martın 1-dən sentyabrın 15-dək www.mektebeqebul.edu.azsaytı vasitəsilə aparılacaq.