15:01
378
“ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Vladimir Zelenski arasında keçirilən görüş Vaşinqton-Kiyev münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”.
Bu sözləri politoloq Əli Mustafa Xalqcəbhəsi.az-a açıqlaması zamanı söyləyib.
O bildirib ki, həm Zelenski, həm də Tramp görüşdən sonra verdikləri bəyanatlarda danışıqların yaxşı keçdiyini və nəticələrindən razı qaldıqlarını vurğulayıblar:
“Həm Zelenski, həm də Tramp bəyan ediblər ki, görüş yaxşı keçib, anlaşma şəraitində baş tutub. Hər iki tərəf görüşdən razıdır. Eyni zamanda onlar sülh danışıqlarının aparılmasında, sülhün və atəşkəsin əldə olunmasında maraqlı olduqlarını bildiriblər”.
Politoloqun sözlərinə görə, hazırda ABŞ-ın Ukraynaya münasibətində əvvəlki dövrlə müqayisədə fərqli yanaşma müşahidə olunur.
“Anlaşılan odur ki, artıq Amerika Ukraynaya tərəfdaş kimi baxır və Ukrayna ilə konstruktiv müzakirələr, dialoq içindədir. Tramp hakimiyyətə gəldiyi ilk dövrlərdən fərqli olaraq indi tərəflər daha çox əməkdaşlıq edir, daha çox anlaşma və qarşılıqlı hörmət nümayiş etdirirlər. Bu, olduqca önəmlidir”.
Əli Mustafa qeyd edib ki, Avropanın təhlükəsizliyi ABŞ üçün prioritet olaraq qalır. Lakin onun fikrincə, bu təhlükəsizlik sistemində Ukraynanın rolu da əhəmiyyətli dərəcədə artıb.
“Bu gün artıq Avropanın təhlükəsizliyində Ukraynanın da xüsusi yer aldığını görürük. Ukrayna sanki fərqli statusla prosesə qoşulur və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır”.
Politoloq ABŞ və Ukrayna arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da genişlənməsi ehtimalını da istisna etməyib.
“ABŞ və Ukrayna arasında əməkdaşlığın fərqli səviyyəyə yüksəlməsi ilə bağlı müxtəlif ehtimallar səsləndirilir. Hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi, hətta birbaşa yardımların genişləndirilməsi kimi məsələlərin də görüşdə müzakirə olunduğu istisna deyil”.
Günel Elxan