Orxan Fikrətoğluya Mətbuat Şurasının mükafatı təqdim olunub Hadisə

Orxan Fikrətoğluya Mətbuat Şurasının mükafatı təqdim olunub

Dünən Azərbaycan Mətbuat Şurasında Şuranın İdarə Heyəti üzvlərinin tanınmış yazıçı, jurnalist-publisist Orxan Fikrətoğlu ilə görüşü keçirilib.
Toplantıda çıxış edən MŞ sədri, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Əflatun Amaşov 50 illik yubileyini qeyd edən Orxan Fikrətoğlunun özünəməxsus yaradıcılıq dəst-xəttindən söz açıb. Deputat bildirib ki, yubilyarın çoxşaxəli diapazona malik fəaliyyətində başlıca yeri jurnalistika tutub. "Biz Orxan Fikrətoğlunu həm də istedadlı ssenarist və rejissor kimi də tanıyırıq. O, kino işinin müasir dövrdəki ən yaxşı bilicilərindəndir. Ancaq hesab edirəm ki, digər fəaliyyət istiqamətləri çıxış nöqtəsini məhz jurnalistikadan və publisistikadan götürüb. Onun təqdimatları hər zaman düşündürüb. Düşündürdükcə də insanlar əsl həqiqətlərin nədən ibarət olduğunu daha yaxından dərk etmək imkanı qazanıblar", deyə Əflatun Amaşov vurğulayıb.
MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu bildirib ki, O.Fikrətoğlun həm jurnalistikanın, həm kino işinin populyarlaşmasında və sevilməsində müstəsna əməyi var.
MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Orxan Fikrətoğlunu publisistik yazıları, televiziya proqramları, müxtəlif ekran işləri maraqla qarşılanan az sayda yaradıcılıq adamlarından biri kimi dəyərləndirib.
MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin, Şuranın İdarə Heyətinin üzvü, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbasın çıxışlarında Orxan Fikrətoğlunun fəaliyyət dəst-xəttini xarakterizə edən müxtəlif fikirlər səsləndirilib, onun yaradıcılığının örnək səciyyə daşıyan məqamlarına nəzər salınıb.
Görüşdə Orxan Fikrətoğluya Azərbaycan Mətbuat Şurasının "Həqiqətə xidmətə görə" mükafatı da təqdim olunub.
Orxan Fikrətoğlu çıxışında yaradıcılığının müxtəlif məqamları ilə bağlı fikirlərini səsləndirib, xatirələrini bölüşüb. O, əməyinə verilən dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.