“Bu Sərəncam Naxçıvana olan diqqət və qayğının bir daha təzahürüdür” Siyasət

“Bu Sərəncam Naxçıvana olan diqqət və qayğının bir daha təzahürüdür”

“Cənab Prezidentin son Sərəncamı Naxçıvanın sosial-iqtisadi inkişafına xüsusi dəstək olacaq”.

Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat vurğulayıb ki, Naxçıvanın iqtisadi və sosial baxımdan inkişafı hər zaman Azərbaycanda həyata keçirilən siyasətin prioritet istiqamətlərindən olub və cənab Prezidentin Naxçıvana səfəri zamanı həm yeni təməlqoymaların həyata keçirilməsi, bir sıra obyektlərin açılışı, Naxçıvanda görülən işlərlə tanışlıq ondan xəbər verir ki, digər bölgələrimiz kimi Naxçıvanın inkişafı da dövlət başçımızın xüsusi diqqətindədir: “Bu Sərəncam Naxçıvana olan diqqət və qayğının bir daha təzahürüdür. Çünki burada yalnız iqtisadi məsələlər deyil, həm də sosial istiqamətdə Naxçıvana dəstəyin artırılması nəzərdə tutulur. Bu, Naxçıvanın inkişafını stimullaşdırmaqla yanaşı, həm də orada yaşayan vətəndaşlarımızın sosial təminatını daha da gücləndirəcək”.

V.Bayramovun sözlərinə görə, xüsusən nəzərə alsaq ki, bu ildən etibarən Naxçıvanda böyük vergi güzəştləri paketi tətbiq olunmağa başlanıb və növbəti 10 ildə bu paketdən istifadə olunacaq: “Bütün bu fonda yeni Sərəncamın verilməsi də birmənalı şəkildə Naxçıvanın sosial-iqtisadi inkişafını sürətləndirəcək, Muxtar Respublikada yaşayan vətəndaşlarımızın sosial təminatını daha da gücləndirəcək, həmçinin infrastrukturun inkişafı baxımından Naxçıvan üçün yeni imkanlar yaradacaq”.

Röya İsrafilova