“Yeni maliyyə paketi Naxçıvanda həyat keyfiyyətinin yüksəldilməsinə yönəlib” Gündəm

“Yeni maliyyə paketi Naxçıvanda həyat keyfiyyətinin yüksəldilməsinə yönəlib”

“Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat vəsaitin ayrılması ilə bağlı qərarı regionun inkişafına kompleks yanaşmanın davamı kimi qiymətləndirilə bilər. Bu addım 2023–2027-ci illər üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilən siyasətin növbəti mərhələsidir və əsas məqsəd Naxçıvanın infrastruktur imkanlarını genişləndirmək, məşğulluğu artırmaq və əhalinin həyat şəraitini yaxşılaşdırmaqdır”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov qeyd edib.

A.Nəsirov bildirib ki, vəsaitin istiqamətləri də göstərir ki, söhbət yalnız ayrı-ayrı layihələrin maliyyələşdirilməsindən deyil, Naxçıvanın uzunmüddətli inkişaf modelinin formalaşdırılmasından gedir: “Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi enerji təhlükəsizliyini və yaşıl enerji potensialını gücləndirəcək, 420 kilometr yolun əsaslı təmiri və ictimai nəqliyyat parkının yenilənməsi isə regiondaxili bağlantıları yaxşılaşdıracaq”.

Onun sözlərinə görə, eyni zamanda, Naxçıvan Dövlət Universitetində 1000 yerlik yataqxananın, 640 nəfərlik beş uşaq bağçasının tikilməsi, 161 yaşayış binasının və istilik qazanxanalarının təmiri ayrılan vəsaitin sosial yönümlü xarakterini ortaya qoyur: “Beləliklə, yeni maliyyə paketi Naxçıvanın həm iqtisadi potensialının, həm də insanların gündəlik həyat keyfiyyətinin yüksəldilməsinə hesablanmış genişmiqyaslı investisiya proqramıdır”.

Röya İsrafilova