"Məkkə sazişi" həm geosiyasi məntiq, həm də praqmatik hesablamalarla şərtlənir Dünya

"Məkkə sazişi" həm geosiyasi məntiq, həm də praqmatik hesablamalarla şərtlənir

Üç dövlətin ortaq maraqları aşkar olub, həm geosiyasi məntiq, həm də praqmatik hesablamalarla şərtlənir. Aparıcı regional aktorlar qismində onlar əsas dəniz marşrutlarının sabitliyində və Tehranın təsirinin məhdudlaşdırılmasında maraqlıdırlar.

Xalqcebhesi.az xəbər verir ki, bunu Yaxın Şərq üzrə ekspert Vasili Papava Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış "Məkkə sazişi"nə münasibətində deyib.

O, qeyd edib ki, Ər-Riyad üçün bu saziş təhlükəsizlik təminatlarının şaxələndirilməsi istiqamətində mühüm bir addımdır; belə ki, ABŞ-ın "təhlükəsizlik çətiri" Səudiyyə obyektlərinə edilən hücumların qarşısını almaqda uğursuz olmuşdur. Səudiyyə Ərəbistanı bununla həm Türkiyənin hərbi imkanlarına (o cümlədən NATO-da ikinci ən böyük orduya və sürətlə inkişaf edən hərbi-sənaye kompleksinə), həm də İslam dünyasının yeganə nüvə silahına malik dövləti kimi Pakistanın strateji resurslarına çıxış əldə edir:

"Pakistan öz növbəsində Yaxın Şərqin təhlükəsizlik arxitekturasındakı mövqeyini gücləndirir; o, Ər-Riyaddan iqtisadi dəstək, Ankaradan isə texnoloji imkanlar əldə edir ki, bunlar da Hindistanla qarşıdurma kontekstində xüsusi əhəmiyyət kəsb edən amillərdir.

Türkiyə üçün bu saziş müdafiə məhsulları üzrə yeni bazarlar açır, Səudiyyə Ərəbistanının maliyyə resurslarına çıxış təmin edir və Qərb ittifaqlarından artıq ciddi şəkildə asılı olmayan regional lider statusunu möhkəmləndirməyə imkan verir".

Xatırladaq ki, 7 avqust 2026-cı ildə bütün müsəlmanlar üçün müqəddəs şəhər olan Məkkədə Yaxın Şərqin müasir hərbi-siyasi tarixində ən əhəmiyyətli hadisələrdən biri kimi qiymətləndirilən bir saziş imzalandı. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif "Məkkə Birgə Müdafiə Sazişi"ni imzalayıblar.

Cavid