Türkiyədə gəzinti yaxtasında yanğın baş verib Dünya

Türkiyədə gəzinti yaxtasında yanğın baş verib

Türkiyənin Fəthiyə kurortunda "Toys Boat" gəzinti yaxtasının göyərtəsində yanğın baş verib, ilkin məlumatlara görə, tələfat yoxdur.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Yanğın saat 11 radələrində Muğla vilayətindəki kurort buxtasında yerləşən gəzinti gəmisinin mətbəxində başlayıb. Alov tez bir zamanda qayığı bürüyüb.

Yaxtada uşaqlar da daxil olmaqla 115 sərnişin olub. Onların hamısı xilasedici jiletləri geyinərək suya tullanıblar.

İlkin məlumatlara görə, həlak olanlar və ciddi xəsarət alanlar yoxdur.

Qayıq batıb.

Yanğın barədə məlumat alındıqdan sonra sahil mühafizəsi qayıqları, xilasedicilər və tibbi qruplar Fethiye körfəzinə göndərilib. Polis yanğının səbəbini araşdırır.

Məryəm Quliyeva