12:21
497
“Naxçıvanın 2026–2027-ci illərdə inkişafı üçün ümumilikdə 258 milyon manat vəsait ayrılır, alternativ və bərpa olunan enerji, yol və nəqliyyat, təhsil infrastrukturu, abadlıq-quruculuq istiqamətlərində konkret layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Burada əsas məqam vəsaitin məhz hansı istiqamətlərə yönəldilməsidir. Naxçıvan üçün enerji dayanıqlılığı, müasir yol infrastrukturu və nəqliyyat imkanlarının genişləndirilməsi gələcək iqtisadi fəallığın bazasını formalaşdırır. Xüsusilə bərpa olunan enerji layihələrinin önə çəkilməsi Naxçıvanın yalnız enerji təminatında dayanıqlı olmasına deyil, gələcəkdə yaşıl iqtisadiyyatın regional mərkəzlərindən birinə çevrilməsinə hesablanmış yanaşmadır”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Tural İsmayılov Prezident İlham Əliyevin Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncamı ilə bağlı danışarkən deyib.
T.İsmayılov qeyd edib ki, Sərəncamı Naxçıvanın daha geniş regional strategiyası kontekstində oxumaq lazımdır: “Prezidentin səfəri zamanı Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planın təqdim olunması, sosial evlər kompleksinin təməlinin qoyulması və şəhərin nəqliyyat-memarlıq mühitində yeni layihələrin gündəmə gətirilməsi göstərir ki, burada söhbət ayrı-ayrı obyektlərin tikintisindən yox, uzunmüddətli şəhər və region inkişaf modelinin qurulmasından gedir. Bu mənada Naxçıvanın gələcək rolunu yalnız muxtar respublikanın daxili inkişafı ilə məhdudlaşdırmaq olmaz. Zəngəzur bağlantısının reallaşması fonunda Naxçıvan Azərbaycan–Türkiyə xəttinin mühüm logistika halqasına çevrilə, Qarabağ və Şərqi Zəngəzurla birlikdə daha geniş iqtisadi və nəqliyyat məkanının bir hissəsi ola bilər. Deməli, 258 milyon manatlıq sərəncamın əsas siyasi mesajı sadədir: Naxçıvan Azərbaycanın gələcək regional inkişaf strategiyasında kənarda qalan coğrafiya deyil, qarşıdakı iqtisadi və nəqliyyat transformasiyasının əsas iştirakçılarından biridir. Enerji, nəqliyyat, təhsil və şəhər infrastrukturu üzrə bu gün qoyulan sərmayə sabah Naxçıvanın iqtisadi çəkisinin və strateji əhəmiyyətinin daha da artmasına xidmət edə bilər”.
Röya İsrafilova