MTRŞ-lə ANS-in məhkəmə davası Hadisə

MTRŞ-lə ANS-in məhkəmə davası

Mayis Məmmədov: "Teleradio Şurasının qərar düzgün deyil"
Nuşirəvan Məhərrəmli: "Bu məhkəmə ANS-in haqsız olduğunu bir daha ortaya çıxaracaq"

ANS Media Şirkəti Milli Televiziya və Radio Şurasını (MTRŞ) məhkəməyə verib. 1 saylı Bakı İnzibati - İqtisad Məhkəməsindən APA-ya verilən məlumata görə, ANS qərarın ləğvi barədə iddia qaldırıb. İddia icraata qəbul edilib. İş üzrə hazırlıq iclası aprelin 15-nə təyin edilib. İşə hakim Şərafət Məmmədova sədrlik edəcək.
ANS Şirkətlər Qrupunun prezidentinin müşaviri Mayis Məmmədov APA-ya açıqlamasında bildirib ki, məhkəməyə yanvarın 10-da efirə gedən "Adam içində" verilişi ilə bağlı müraciət ediblər: "Biz hesab edirik ki, qərar düzgün deyil. Bunun üçün də məhkəməyə müraciət etmişik".
Qeyd edək ki, bu il yanvarın 14-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib. İclasda "ANS Müstəqil Yayım və Media Şirkəti" tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb.
10 yanvar 2014-cü il tarixdə saat 16.30-da efirə gedən "Adam içində" verilişində "Televiziya və radio yayımı haqqında" qanunun 32.0.1, 32.0.9, 35.11-ci maddələrinin, "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın 2.4-cü bəndinin tələbləri pozulduğundan MTRŞ-in qərarına əsasən "ANS Müstəqil Yayım və Media Şirkəti"nə xəbərdarlıq elan edilib.
MTRŞ AHS-in məhkəməyə üz tutmasına münasibət bildirib. Qurumun sədri Nuşirəvan Məhərrəmli söyləyib ki, MTRŞ hər hansı televiziya kanalına xəbərdarlıq edən zaman qanunun müəyyən maddələrinə əsaslanır: "Qanun pozuntularına görə ANS Müstəqil Yayım və Media Şirkətinə xəbərdarlıq etmişik və onlar da bununla əlaqədar məhkəməyə müraciət edib. Bu, normal hüquqi prosedurdur".
Onun sözlərinə görə, MTRŞ hər hansı televiziya kanalına xəbərdarlıq edən zaman qanunun müəyyən maddələrinə əsaslanır: "MTRŞ-də bu işlə xüsusi məşğul olan Hüquq şöbəsi var. Hüquqşünaslarımız birbaşa "Televiziya və radio yayımı haqqında" qanunu, ümumiyyətlə, televiziya və radio yayımı ilə bağlı qanunvericiliyi tamamilə öyrənib təkliflərini verirlər. Biz də ona uyğun olaraq telekanalları cəzalandırırıq. Bu məhkəmə ANS Müstəqil Yayım və Media Şirkətinin haqsız olduğunu bir daha ortaya çıxaracaq".