Rezidenturaya qəbul ixtisasları açıqlanıb Hadisə

Rezidenturaya qəbul ixtisasları açıqlanıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən "Rezidentura" xüsusi buraxılışının 3-cü sayı nəşr olunub. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, jurnalda 2014/2015-ci tədris ili üçün rezidenturaya qəbul imtahanının ikinci mərhələsi və ixtisas seçimi haqqında elan, "Namizədin elektron ərizəsi"ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi forması (nümunə), 2014/2015-ci tədris ili üçün rezidentura səviyyəsinə
qəbul aparılan ixtisaslar, rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri, qəbul planı və namizədlər üçün tövsiyələr, 2013-cü ildə rezidenturaya qəbul müsabiqəsində baza tibb təhsili müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları və digər məsələlər əks olunub.
Qəbul elanına əsasən rezidenturaya qəbul imtahanının ikinci mərhələsinə 30 mart tarixində keçirilmiş birinci mərhələ üzrə imtahanda topladığı bal 40-dan az olmayan namizədlər buraxılırlar. Həmin namizədlər iyulun 24-dən 26-dək olan müddətdə eservices.tqdk.gov.az/erizerez internet səhifəsindən imtahanın ikinci mərhələsi üçün "Namizədin imtahana buraxılış vərəqəsi"ni çap edib götürə biləcəklər. Namizədlərə ikinci mərhələdə də 100 test tapşırığı təqdim olunacaq. İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra namizədlər iyulun 29-dən 31-dək müsabiqədə iştirak etmək üçün internet vasitəsi ilə ixtisas seçimini yerinə yetirəcəklər.
İxtisas seçiminə rezidentura səviyyəsinə qəbul imtahanındakı nəticələri TQDK tərəfindən müəyyən edilmiş minimal tələbləri ödəyən namizədlər buraxılacaqlar.